BolgeXeber.Com » Ölkə » Göygöl sakini “Aztelekom MMC”-dən şikayətçidir

Göygöl sakini “Aztelekom MMC”-dən şikayətçidir

26-03-2021, 11:30
Oxunub: 2 906 Göygöl rayonunun Mollacəlilli kəndinin sakini Babək Əliyev “Hürriyyət”ə müraciət edərək bildirib ki, yaşadığı ünvana “Aztelekom MMC” tərəfindən telefon xəttinin çəkilişindən imtina edilib. O, dəfələrlə Göygöl telekommunikasiya qovşağının rəhbəri Vaqif Mirzəyevə müraciət etsə də, cavab olaraq telefon dirəklərinin olmadığı deyilib. Göygöl sakininin redaksiyamıza ünvanladığı məktubu olduğu kimi təqdim edirik:

“Yaşadığım Göygöl rayonu Mollacəlilli kəndində kütləvi telefon xətti çəkilişi aparılır. Bu dövlət lahiyəsində mənim yaşadığım ünvan və küçə də “Aztelekom MMC” tərəfindən qeydiyyata alınıbdır. Ancaq Göygöl telekommunikasiya idarəsi mənə və mənimlə birlikdə eyni küçədə yaşayan qonşularıma telefon xətti çəkməsindən imtina edir. Küçə lahiyəsi olan telefon dirəkləri quraşdırılmır. Mövzu ilə əlaqədar Göygöl telekommunikasiya qovşağının rəhbəri Vaqif Mirzəyevə dəfələrlə müraciət etsəm də, hər dəfə cavabında “Mənim sənə ayrılası telefon dirəklərim yoxdur”, – deyə bildirib. Üstəlik deyir ki, “səni kim bu layihəyə salıb? Əgər bilsəydim, buna icazə verməzdim. Get nə bilirsən onu et, kimə istəyirsən şikayət et, burada mənim sözüm keçir”.

Vaqif Mirzəyev deyir ki, “sənin sənədin də, işin də mənim əlimdədir, nə qədər mən buradayam, imkan verməyəcəm ki, sənə və sənin yaşadığın ünvana telefon xətti çəkilsin”.

Üzləşdiyim bu haqsızlıqla və hüquqlarımın pozulması bağlı “Aztelekom MMC”-nin elektron ünvanına və Suat Paşayevin adına dəfələrlə ərizələrlə müraciət etmişəm və qaynar xəttlərinə 012-344-00-00, 122,170 bu nömrələrə vəziyyətlə bağlı məlumat vermişəm. Eləcə də Rabitə Nazirliyinin qaynar xəttinə – 1655 saylı operator nömrəsinə və internet saytına və gmail ünvanına sözügedən problemi ərz eləsəm də heç bir fayda verməmişdir.

Vaqif Mirzəyevin yarıtmaz fəaliyyəti, insanlara yuxarıdan aşağı baxması, “Aztelekom” və Rabitə Nazirliyinin bütün şikayətlərə laqeyd qalmaları burada yüzlərlə narazı kütlə yetişdirib. Bu qədər haqsızlıq, bu qədər Allahsızlıq olmaz. Sözügedən problemlə bağlı qanunsuzluq pik həddə çatıb. Vaqif Mirzəyev nə qanun, nə də hüquq tanıyır! Kənd sakinlərinin səbrləri ilə oynayırlar. Özü də belə bir çətin vaxtda – pandemiyanın hökm sürdüyü və tüğyan etdiyi zamanda bu adam hamını narazı salır. Sizdən bu məmur özbaşınalığını, Vaqif Mirzəyevin sadə vətəndaşları necə incitdiyini və əzab-əziyyətə saldığını çəkib yayımlamağınızı istəyirik. İndi ümüdümüz bircə sizsiniz. Həqiqətən də bizə sizin köməyiniz lazımdır. Xahiş edirəm köməynizi bizdən əsirgəməyin”.

Qeyd: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq