BolgeXeber.Com » Ölkə » “Yaşat” Fondu

“Yaşat” Fondu

14-04-2021, 13:50
Oxunub: 2 368 “Yaşat Fondu” dövlətin institutusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “Yaşat” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvləriniə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb.
Vətəndaşlara xidmət Fondun əsas fəaliyyət istiqamətlərindəndir. Fondun vəsaiti aşağıdakı istiqamətlərdə istifadə olunur: şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərini və digər borc öhtəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması.
Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələrinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar.
Qazi və Şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri: məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi və s.; Bu ənənəyə Bərdə rayon İcra Hakimiyyəti, YAP Bərdə rayon təşkilatı, rayonun bütün idarə və müəssisələri də qoşulmuşlar.
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bütün müəssisələr - Bərdə rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Tarix - diyarşünalıq muzeyi, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, klublar, mədəniyyət evləri maddi və mənəvi dəstək göstərmək məqsədilə fevral ayı ərzində 31 şəhid ailəsini ziyarət etmiş, şəhidlər xiyabanında olmuşlar. Bərdə rayon 1 nömrəli uşaq incəsənət məktəbində 18 fevral 2021-ci il tarixdə Şəhid Xudayar Yusifzadənin heykəltəraş Teymur Qəribov tərəfindən hazırlanan büstünün və Vətən Müharibəsində Şəhid olmuş Bərdə igidlərinin xatirəsinə həsr olunmuş guşənin açılış mərasimi keçirilmişdir.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev 09 mart 2021-ci il tarixdə Vətən müharibəsi şəhidi Yaqubov Yaqub İlham oğlunun məzarını ziyarət etmiş və ailəsi ilə görüş təşkil etmişdir.
Eyni zamanda Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələr Novruz bayramı ərəfəsində 51 şəhidimizin məzarını və ailəsinini ziyarət etmişdir. Sevinc bölüşdükcə çoxalır, dərd bölüşdükcə azalır deyirlər. Bu mənada torpaqlarımızın bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ailələrinə baş çəkmək, dərdlərinə şərik olmaq, hər bir şəhidin keçdiyi şərəfli döyüş yolu ilə tanış olmaq bizim ən ülvi borcumuzdur.
Qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şərəfli yeni tarixini: qələbə, namus, qeyrət, zəfər dolu tarixini yazdılar. Şəhidlərin qanı, canı bahasına 30 il düşmən tapdağında qalmış dədə-baba torpaqlarımız, yurd yerlərimiz özümüzə qayıtdı. Torpaq üstündə gəzərkən torpaq altında minlərlə uyuyan və bu torpaqlar üçün canından keçmiş şəhidləri heç zaman unutmamalıyıq. Şəhidlərin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik. Yaralı qazilərimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq.
Arifət Əhmədova - Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru