BolgeXeber.Com » Ölkə » Müharibə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu

Müharibə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu

17-01-2022, 16:51
Oxunub: 2 160 Azərbaycan öz hərbi gücünə arxalanaraq ərazi bütövlüyünü hərbi yolla təmin edib. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi 30 illik işğala son qoyub. Bununla da tarixi ədalət bərpa olunub. Silahlı Qüvvələrimizin düşmən üzərində şanlı Zəfərindən indiyə qədər ötən vaxt ərzində rəsmi Bakı əldə edilən bu üstünlükləri beynəlxalq müstəvidə, siyasi və diplomatik cəbhədə qoruyub saxlayıb. Paralel olaraq işğaldan azad olunan ərazilərdə tikinti-quruculuq, bərpa işlərinə start verilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Burada diqqət çəkən başlıca məqam Azərbaycanın heç kimdən yardım istəmədən və almadan öz vəsaiti hesabına bütün bu işləri həyata keçirməsidir. Proqram çərçivəsində əvvəlcə işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsinə başlanılıb. ANAMA, Müdafiə və Fövqəladə Hallar nazirlikləri tərəfindən ilk növbədə, infrastrukturun keçdiyi yerlər, o cümlədən elektrik xətlərinin keçəcəyi ərazilər, yollar minalardan, partlamamış döyüş sursatlarından təmizlənib, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı kimi Ermənistanla həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın xidməti, hərbi, sərhəd yolları çəkilib. Eyni zamanda, elektrik təsərrüfatının yaradılması məqsədilə bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa edilib, onlar ümumi dairəvi şəbəkəyə qoşulub. Prosesin davamı kimi işğaldan azad olunan rayon və şəhərlərarası yolların çəkilməsini göstərə bilərik. Hazırda Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel də uğurla inşa edilir. Strateji nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edən bu iki tunelin istifadəyə verilməsi, yol tikintisinin tam başa çatdırılması gələcəkdə bizə imkan verəcək ki, Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gedib-gələ bilək. Bundan başqa, Bərdə-Ağdam, Naftalan-Talış-Suqovuşan avtomobil yolları inşa edilir. Füzuli-Şuşa yolunun - Zəfər yolunun istifadəyə verilməsinin ardınca Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın magistral yolların, həmçinin Laçın istiqamətində əlavə yolların çəkilməsinə başlanılıb. Magistral və hərbi təyinatlı yollarla yanaşı, Bərdə-Ağdam, Horadiz-Ağbənd-Zəngəzur dəmir yolunun inşasına başlanılıb. İşğaldan azad olunan rayon və şəhərlərin baş planları hazırlanıb, yeni yaşayış massivlərinin təməli qoyulub. Hərbi quruculuq məsələlərini öz gündəliyində daim birinci dərəcəli iş hesab edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən Müharibəsindən sonrakı mərhələdə də Silahlı Qüvvələrimizin güclənməsi üçün mühüm qərarlar qəbul edib. Bunu zəruri edən əsas səbəblərdən biri ordusu darmadağın edilən Ermənistan iqtidarında, müxalifətində və cəmiyyətində güclü revanşist əhval-ruhiyyənin hökm sürməsidir. Bundan irəli gələrək dəfələrlə Azərbaycan hərbçilərinə qarşı təxribatlar törədilib, hərbi qulluqçularımız həlak olub. Cari il yanvarın 11-də Ermənistan Kəlbəcər rayonu ərazisində yenidən təxribata əl atıb, bir nəfər hərbi qulluqçumuz şəhid olub. Təbii ki, bütün hallarda olduğu kimi
yanvarın 11-də də düşmənə layiqli cavab verilib, bizdən dəfələrlə çox itkiyə məruz qoyulub. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün bundan sonra da qəti tədbirlər görəcəkdir. Prezidentin təbirincə desək, azərbaycanlı hərbi qulluqçunun ölümü Ermənistana heç vaxt bağışlanmayacaq. Bizim hərbi quruculuğu davam etdirməyimiz, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması məhz bununla izah oluna bilər. Əslində, Azərbaycan heç də üçüncü müharibəyə hazırlıq görmür və belə bir niyyət güdmür. Tarixi ədaləti bərpa edən, regionda yeni reallıq yaradan Azərbaycanın başlıca istəyi və hədəfi müharibə dövrünün başa çatması, normal əlaqələrin yaradılmasıdır. Bunun üçün başlıca şərt Ermənistanın revanşizmdən əl çəkərək Azərbaycanın ərazi bütövlüyünü tanıması, sülh müqaviləsini imzalamasıdır. Rəsmi İrəvan baş verənlərdən nəticə çıxarmalı, düzgün seçim etməlidir. Çünki qalib Azərbaycanın böyük humanizm nümayiş etdirməsi, barışıq təklifi ilə çıxış etməsi, xoşniyyətli davranması şərt deyil və əbədi olmayacaq. Hər bir təklifin, hərəkətin müəyyən sərhədi var. Dövlət başçısının vurğuladığı kimi, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun üçün bizim çox böyük əsaslarımız var. Vətən Müharibəsindən sonra ictimaiyyətimizi ciddi düşündürən, bir sıra hallarda geniş müzakirə və mübahisələrə yol açan məsələlərdən biri də Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətidir. Sülhməramlı missiya həyata keçirən rus hərbçiləri Kəlbəcər, Laçın rayonlarına Azərbaycan hərbçilərinin, yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər. Sülhməramlıların fəaliyyətində bu kimi müsbət məqamlarla bərabər, qıcıq doğuran hərəkətlər də var. Buna misal olaraq müxtəlif vaxtlarda bəzi Ermənistan rəsmilərinin, həmçinin xarici ölkə vətəndaşlarının, o cümlədən Fransada keçiriləcək seçkilərdə prezidentliyə namizəd olan Valeri Pekresin Laçın dəhlizindən keçməklə Xankəndiyə giriş-çıxışına laqeyd yanaşılmasını göstərmək olar. Sülhməramlıların nəzarət zonasında olan ərazilərdən keçməklə Azərbaycanın Xankəndi şəhərinə edilən belə qanunsuz səfərlərin qarşısı məhz rus hərbçiləri tərəfindən alınmalıdır. Bölgənin təhlükəsizliyi naminə bu, bilavasitə onların missiyasına daxildir. Laçın dəhlizinə giriş-çıxışda, Xankəndidə, ətraf bölgələrdə baş verən bütün hadisələrdən Azərbaycanın dəqiq xəbəri olduğu üçün sülhməramlıların bizdən nəyisə gizlətmək cəhdləri, "görməmişik, bilməmişik” kimi qeyri-ciddi səbəblər ortaya qoymaları təəssüf doğurur. Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi fikirlər, sadaladığı faktlar bir daha sübut edir ki, Azərbaycan öz ərazisində baş verən bütün prosesləri, həmçinin sülhməramlıların fəaliyyətini diqqətlə monitorinq edir, nəzarətdə saxlayır.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin mühəndisi - Lamiyə Nəcəfov