BolgeXeber.Com » Ölkə » Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var

Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var

8-11-2022, 15:30
Oxunub: 2 240 Ardıcıllıqla həyata keçirilən uğurlu xarici siyasət kursunun məntiqi nəticəsi olaraq müstəqil Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev bütün dünyada sözü və imzası bir-birini tamamlayan qətiyyətli Lider kimi qəbul olunur. Dövlət başçımızın tez-tez mötəbər beynəlxalq tədbirlərə dəvət alması bütövlükdə ölkəmizə və onun Liderinə qlobal miqyasda böyük hörmət və ehtiram bəslənildiyini əyani şəkildə təsdiqləyir. Elə bu günlərdə Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına qatılıb. Dövlətimizin başçısı Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev dost Əlcəzair üçün əlamətdar bir tarixdə-Milli Azadlıq Günündə baş tutan tədbirə dəvət almasını dostluq və qardaşlıq əlaməti hesab etdiyini bildirib.
Məlumat üçün bildirək ki, Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir.
1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə nəticələnib və ölkə fransız müstəmləkə zülmündən azad edilib. 1962-ci ilin sentyabrında isə Əlcəzair Xalq Demokratik Respublikası elan edildi. Milli Azadlıq Hərəkatı məhz noyabrın 1-də başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti də 1 noyabr tarixinə salınıb. Bu il ölkədə dövlət müstəqilliyinin 60-cı ildönümü qeyd olunur.
Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlərə gəldikdə, xatırlatmaq yerinə düşər ki, bu ölkə 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub.
Diplomatik nümayəndəliklərin fəaliyyəti barədə onu deyə bilərik ki, Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Prezident İlham Əliyev 2014-cü il noyabrın 28-də Sərəncam imzalayıb və 2016-cı ildə bu ölkədə səfirliyimiz təsis olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib.
Cənab Prezident sammitdə çıxışında bildirib ki, Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında olub. Nəhayət, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərini güc yolu ilə azad etdi. Ötən 30 il ərzində aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bu sənədlərə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, etnik təmizləməyə məruz qalmışdı.
Indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlanılıb. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür. Bu məsələyə toxunan cənab Prezident həmçinin qeyd edib ki, bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etmişik. Azərbaycan da həmişə bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib.
 
 Ramil Hüseynov,
Salyan rayon gənci, YAP fəalı