BolgeXeber.Com » Mədəniyyət » “Ögey ana”nın evinə ögey münasibət – Bu evlər niyə qorunmur?(FOTO)

“Ögey ana”nın evinə ögey münasibət – Bu evlər niyə qorunmur?(FOTO)

29-08-2015, 15:47
Oxunub: 1 962 “Ögey ana”nın evinə ögey münasibət – Bu evlər niyə qorunmur?(FOTO)Blogger filmin çəkildiyi evin sökülüb-dağılmaq üzrə olduğunu bildirib və qurumların bu evi nəzarətdə saxlamasını təklif edib

Bir neçə gündür ki, sosial şəbəkələrdə “Ögey ana” filminin çəkildiyi evin fotosu yayılıb.

Asif Məsimov adlı bloggerin İsmayılın Qalacıq kəndindən hazırladığı reportajda həmin ev barədə məlumatlar yer alıb. Blogger filmin çəkildiyi evin sökülüb-dağılmaq üzrə olduğunu bildirib və qurumların bu evi nəzarətdə saxlamasını təklif edib.

Təklifin turistlər, eləcə də kino tariximiz üçün maraqlı ola biləcəyini nəzərə alaraq, həmçinin məşhur Azərbaycan filmlərinin çəkildiyi evlərin sonrakı taleyi ilə maraqlanmaq üçün Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı, kinossenarist Yusif Şeyxov açıqlamasında yalnız tarixi və memarlıq baxımından maraq doğuran evlərin və binaların nəzarətdə saxlanıldığını deyib: “Əgər bina tarixi və memarlıq baxımından nəsə bir maraq doğurursa, o, dövlət tərəfindən qorunur. Bundan başqa Maddi İrs siyahısına salınır.

“Ögey ana” filminin çəkilişi aparılan evə gəldikdə isə, həmin siyahıya salınmayıbsa, deməli məsləhət olmayıb. Təkcə bir film çəkilib deyə mən güman etmirəm ki, o ev qorunmalıdır”.
“Ögey ana”nın evinə ögey münasibət – Bu evlər niyə qorunmur?(FOTO)


Y.Şeyxov hesab edir ki, Qalacıq kəndindəki ev “Ögey ana” filmində öz rolunu oynayıb və tarixdə qalıb: “Bu həmin ev üçün kifayətdir. Əgər o tarixi, memarlıq baxımından əhəmiyyət kəsb etmirsə, onun müqəddaratı ilə dövlət maraqlanmamalıdır. Dövlətin minlərlı tarixi obyekti var ki, onlar vaxtaşırı restavrasiya olunur və nəzarətdədir”.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Dadaşov isə əksini düşünür. O, nəinki “Ögey ana” filminin, həmçinin Azərbaycanın kinotarixində iz qoymuş filmlərin çəkildiyi evlərin muzey halına gətirilməsini təklif edir: “Mən bu məsələnin ictimailəşməsini istəyirəm. Çünki bu evlərin muzeyə çevrilməsi həqiqətən də maraqlı olardı. Məsələn İsmayıllının Qalacıq kəndinə gedən turist, yaxud elə yerli sakinlər o evə gedib, filmin tarixi, rejissoru, aktyorları barədə məlumat ala və filmdə istifadə olunmuş əşyalara, yaxud da onların maketinə baxa bilər. Bu, həm də filmin çəkildiyi dövr barədə də məlumat vermiş olar”.(AzNews.az )

Məsələnin əhəmiyyətini nəzərə alaraq mövzunu davam etdirəcəyik.