BolgeXeber.Com » Mədəniyyət » Nobel mükafatçısı: "Putin dustaq dilində danışır" - MÜSAHİBƏ

Nobel mükafatçısı: "Putin dustaq dilində danışır" - MÜSAHİBƏ

10-10-2015, 13:51
Oxunub: 2 481 Nobel mükafatçısı: "Putin dustaq dilində danışır" - MÜSAHİBƏŞər həmişə bizim əhatəmizdədir


Biz cəlladların və qurbanların arasında böyümüşük. Biz daima bu mühitdəyik

Dünən 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatını qazanmış Belarus yazıçısı Svetlana Aleksiyeviç Böyük Vətən Müharibəsi, Çernobıl faciəsi, Əfqanıstan müharibəsi haqqında kitabların müəllifidir. Jurnalist Yuri Saprıkin Nobel mükafatçısı ilə onun sonuncu kitabı "Sekond hand zamanı" və 90-cı illərin travması haqqında söhbətləşib.

- İndi 90-cı illər haqqında çoxlu mübahisələr gedir, bu baxımdan sizin "Sekond hand zamanı" kitabınız bu dövr haqqında böyük ədəbiyyatda bəlkə də ən genişmiqyaslı fikirlər toplusudur. Bu, faktiki olaraq konsentrasiyalı qışqırıqdır. İnsanlar öz bədbəxtliyi haqqında qışqırırlar və bu, Rusiyada baş verənləri müəyyən mənada izah edir: bədbəxtlik geri çəkilən kimi, insanlar hər şeyi geri qaytarmaq və ya günahkarları tapmaq, ya da kimdənsə qisas almaq istəyirlər. Bu, elə bir travmadır ki, nə diaqnozu qoyulub, nə də müalicə edəsi bir kəs var. Buna görə də indi üzə çıxır.

- Əlbəttə, bu, 90-cı illərin qisasıdır, bəzən də mənə elə gəlir ki, bu, Rusiyanın hər bir uğursuzluğuna görə alınan qisasdır. Mənim fikrimcə, Rusiya 90-cı illərə hazır deyildi. 1917-ci ilə hazır olmadığı kimi, yenidənqurmaya da hazır deyildi. Mənim belə janrım var - əgər Zolya deyirdisə: "Mən - insan-qələməm", onda mən - insan-qulağam. Bax, 90-cı illərdə də belə idi: biz danışırdıq - xalq susurdu. İndi xalq danışır - biz qorxuruq. 90-cı illərdə isə xalq ona görə susurdu ki, bizim danışdıqlarımıza hazır deyildi. Mən xatırlayıram, yaponlar mənim kitablarım haqda film çəkirdilər, biz İrkutska getdik, hansısa bir muzeyə girdik və orada bir xəritədə düşərgələrin olduğu məkanlar alışırdı. Və bu düşərgələr hər yerdədir! Bütün Yer kürəsi yanır. Adamlar tapıldı ki, qadınlı-uşaqlı "kulak"ların necə gətirilməsi, 20 nəfərə bir bel, bir balta verilməsi və onların qarın cənginə atılması barədə bizə danışdı. Bu zaman prezident seçkiləri keçirilirdi, ilk dəfə Putinə səs verməli idilər. Yapon rejissor sual etdi ki, kimə səs verəcəksiniz, muzeydə hamı bir səslə dedi: Putinə. Rejissor əvvəlcə anlamadı, dedi axı o, Dövlət Təhlükəsizliyi Komitəsindəndir? Muzey işçiləri cavab verdilər: bu, yeganə insandır ki, nizam-intizam yarada bilər. Rejissor onda mənə dedi: "Mən anlaya bilmirəm, bu, nə ölkədir belə?!".

- 25 il əvvəl Rusiya Qərbə və ümumiyyətlə, bütün dünyaya açıq dövlət idi, yenidənqurma dövründə deyildiyi kimi, "normal həyata qayıtmağa" cəhd edən ölkə idi. İndiysə elə həmin insanlar belə hesab edirlər ki, Avropa və Amerika - şərdir, onlar yalnız bizi parçalamaq, sərvətlərimizi talamaq və ənənəvi mənəvi dəyərlərimizi dağıtmaq istəyirlər. Ona görə də 90-cı illəri yaşamış insanların sabitlik və "dəmir əl" istəklərini anlamaq olar. Amma gedən proseslərdə özümüzü dünyadan təcrid etməyimiz və ətrafımızda yalnız düşmənlərin olması qənaətinə gəlməyimiz tamamilə anlaşılmazdır.

- Mənə elə gəlir ki, bu məsələdə dərin mədəni problem var. Ən primitiv şeylər daha yüngül mənimsənilir. Belə bir kitab var - "Nasistlərin Vicdanı", bu kitabda 10 il ərzində Almaniyada faşizmin tədricən intişar tapmasından bəhs olunur. Axı almanlar antisemit millət deyildilər. Əvvəlcə, onlara deyəndə ki, filan diş həkimlərinə, filan dərzilərə getməyin, onlar məhz onlara gedirdilər. 10 ildən sonra isə ətrafda artıq ölüm düşərgələri bərqərar olmağa başladı. Bu, necə oldu? Ən sadə, ən primitiv düymələrə basmaq lazım idi. Yazdığım kitabların, ünsiyyətdə olduğum insanların həyat təcrübəsi göstərir ki, mədəniyyət qatı çox incədir və tez uçur. Əgər bunlar yalnız müharibədə, düşərgədə rast gəlinsəydi nə vardı ki... Bunun üçün ekstremal vəziyyət şərt deyil, hətta sülh dövründə insansızlaşma olur.

- Mənə elə gəlir ki, 90-cı illər qarşısında qorxu yalnız onunla bağlı deyil ki, o dövrdə kasıbçılıq və soyuq idi, həm də onunla bağlıdır ki, insanların mənəviyyatında aşınmalar oldu. Onlar yaxın keçmişdə edilməsi mümkün olmayan şeyləri etməyə məcbur oldular. Sən yaşayırsan, elmi institutda işləyirsən, bununla belə bilirsən ki, haradasa spekulyantlar var, amma bu, cinayət maddəsidir, bunun üstündə həbsxanaya salırlar. İki il keçir və sən özün qiyməti üç dəfə qaldıraraq bazarda ayaqqabı ticarəti ilə məşğul olursan. Bu, ciddi sınmadır.

- Bir çox insanlar həqiqətən sosial nərdivanla aşağı düşdülər və yuxarı qalxmağa çox az adam müvəffəq oldu. Ölkədə uduzmuşlar udmuşlardan çoxdur. Qalaqlanmış təcavüzkarlıq hissi də elə buradan qaynaqlanır. Ən başlıca məsələ isə odur ki, nəyəsə görə xeyirlə şəri qarışdırdıq. Mənim fikrimcə, xeyir və şər köklü problemdir. "Sekond Hand Zamanı" kitabımda belə bir hekayə var: qəhrəmanlardan biri balaca ikən özündən yaşca böyük qadına, Olya xalaya vurulur. Sonra institutda oxuyur, yenidənqurma başlayır və anası deyir ki, Olya xala doğmaca qardaşını polisə verib və o, düşərgələrdə yox olub. O vaxta qədər Olya xərçəng olur, artıq ölüm ayağında olur, oğlan ona yaxınlaşıb soruşur: "37-ci ili necə xatırlayırsan?" O, cavab verir: "Çox gözəl illər idi! Həyatımın ən gözəl illəri. Mən xoşbəxt idim, məni sevirdilər". Oğlan deyir: " Bəs qardaşın?" O, cavab verir: "O dövrdə dürüst insan tapmağa cəhd elə". Onu təəcübləndirir ki, o dövr haqqında bu qədər kitab yazılıb, amma o, öz dediklərinə zərrə qədər də şübhə etmir. Bizə elə gəlirdi ki, Soljenitsın çap edildisə, həyat artıq əvvəlki kimi olmayacaq. Amma bu, baş verən kimi, hamı bunun yanından ötdü, almağa cumdular. Bəlkə də yaxşıdır ki, Kalaşnikov avtomatının yerinə yeni paltaryuyan maşın seçdilər, enerji ona getdi. Amma o, getdi. Onda hələ demək mümkün idi ki, şər - Beriyadır, Stalindir, o, fərdiləşdirilmişdi. Amma şər elə bir şeydir ki, həyatda özünə yer edib. Onu həyatın ətaləti gizlədir. Uşaqları öyrətmək lazımdır, özün öyrənməlisən, əgər siz cavansınızsa, onda deməli sevirsiniz və bu zaman orada Bataqlıq sahəsində kimisə real qorxunc müddətə oturdublar, amma heç nə baş vermir, hər kəs öz həyatını yaşayır və bu, həyatın ətalətidir, o, istənilən hər şeyi örtməyə qadirdir.

Bax, biz gözəl bir kafedə əyləşmişik, insanlar söhbət edirlər - elə bu cür bizdə Belarusda kafedə insanlar əyləşib prezidentliyə keçmiş namizədlərdən birini lağa qoyurdular və hamı da bilirdi ki, həbsxanada onun başına olmazın oyunları açıblar. Mən küçədə, taksidə, insanlardan soruşurdum, hamısı deyirdi: o, özü bunu istəyirdi, niyyətin hara, mənzilin ora. Hakimiyyətin və insanda olan bütün qaranlıq tərəflərin hansısa vəhdəti mövcuddur və bu, saziş bağlamağa çox imkan yaradır. Hər bir insan da buna görə özünə bəraət tapacaq. Bu gün mən sevgi, qocalıq, yox olma, həyatdan gediş haqqında yeni kitablar yazıram. Bilirsinizmi, insanlar ən az siyasət haqqında danışırlar. Maraqlı bir hekayə vardı. Adam konslagerdə olur, artıq onlara ordu yaxınlaşırdı və onlar bombalanarkən, kişilər və qadınlar bir təhər görüşə bilirdilər. Və o, deyirdi ki, o dövrdən xatırladığı ən seksual hadisə - həyəcanı siqnalıdır, o anda şərtləşdirilmiş yerə qaçmaq mümkün idi. Sonra mən yenə buna bənzər bir şey eşitdim. Qadın düşərgə barədə deyirdi ki, onu orada sevgi xilas etdi. Mən sual verirdim. Necə? Harada? Bax, elə orada da bir saniyə də olsa birləşmək mümkün idi. Mən insanla söhbət edərkən, onu bizim yaşadığımız bayağılıqdan azad etməyə çalışıram ki, o, başqa cür danışsın. Və insan özünkünü danışmağa başlayarkən, o, kütləylə daha az bağlı olur. Ələxsus da nəsillərin bu ideologiyası ilə ovsunlanmış ilk inqilabçılardan fərqlənən nəsillərdə.

- Şəxsilik, insanilik həmişə qalib gəlir?

- Həmişə. Və həmişə insanı bütün vəziyyətlərdə xilas edir. Bu, sinizmdir, müdafiənin bir forması. Hətta əgər sadə insanlardan yox, peşəkarlardan danışsaq: onlar bizim kitabları oxuyublar, amma vəziyyət dəyişsə, onda dərhal başqa don geyinəcəklər. Başqa don geyinmək üçün onların daxilində nə desən var. Vəziyyət dəyişəcək, hansısa Vatslav Havel gələcək, onda belə bir insanla söhbəti təsəvvürünüzə gətirin - niyə o, etdiyini edirdi? O, sübutlar sistemini tapacaq. Mən lukaşenkoçu qəzetlərdən birinin redaktoru ilə söhbət edirdim. O, mənim qarşımda necəsə yaxşı görünmək istəyərkən, birdən məlum oldu ki, işlər daha pis ola bilərmiş, amma o, Lukaşenkonu inandırdı. Hansısa adamı qovdular, amma o, ona gizli kömək edirmiş, üstəlik pul da verirmiş.

- Bu, özünə bəraət qazandırmalar Stalin vaxtlarından dəyişməyib. Əgər mən olmasam, vəziyyət daha da pis olacaq.

- Bütün bunlar insanın təbiətində var. Mən sadəcə onu deyirəm ki, şər - bu, daha yırtıcı, daha rahat və daha sadədir. Xeyirdən daha hazırlıqlıdır. Şər - artıq cilalanmış insan mexanizmidir, xeyir haqqında isə bunu demək mümkün deyil. Xeyir haqqında danışmağa başlayan kimi hamı hansısa adları sadalayır, hər kəsə də aydındır ki, sən heç vaxt onlardan olmayacaqsan. "Mən müqəddəs Məryəm deyiləm". İnsan artıq özünə alibi hazırlayıb. Və bugünkü bütün suallar ona gətirib çıxarır ki, Dostoyevskini oxumaq lazımdır. Çünki Tolstoyun xoşbəxtliyi - laməkandır, əqlidir. Şər isə həmişə bizim əhatəmizdədir. Biz cəlladların və qurbanların arasında böyümüşük. Biz daima bu mühitdəyik.

- Son onilliklər barədə danışarkən, daha bir sinif var ki, biz onu unuduruq - kimlər həbs olunublar, kimlər onları müdafiə ediblər, bundan əlavə elələri də var ki, cinayət maddələri ilə həbsə atılıblar. Bu sinif 90-cı illərdə ən hazırlıqlı və ən enerjili oldu və onun etikası bir çox məqamlarda siyasətə sirayət etdi.

- Yəqin diqqət eləmisiniz, onlar o qədər də çox deyildilər. Mən düşünürəm ki, biz şüurun kriminallıq dərəcəsini hələ sovet vaxtından qiymətləndirmirik. Xalqı soyanlar, komsomol və partiyanın başında oturanlardır. Qapalı quldurlar daha çox kobud işləyirdilər, bunlar isə - psixoloji cəhətdən hazır oldular. Mən bir neçə hallar bilirəm ki, pul yerli kommunistdə idi, o, ideyaların generatoru idi, ətrafında isə artıq bir dəstə xuliqan işləyirdi. Mənim "Sink oğlanlar" kitabımda Əfqanıstan müharibəsi iştirakçısı olmuş bir quldur belə deyir: mənim indi elədiklərimin hamısı cinayətdir və mənə bunu Əfqanıstanda komandirlərim öyrədiblər, onlar sanitarlar gəlməmiş, meyitlərin üzərindən çıxanları yollayırdılar. Sonra buna ona pullu və sözün həqiqi mənasında quldur olmayan insanlar öyrətdilər. Necə deyim… Biz həmişə qışqırırdıq ki, bizim ölkə təhsillidir, belə çıxdı ki, xeyr, elə deyilmiş. Bizdə qaçqınlar haqqında yazılanları mən oxuyarkən, dəhşətə gəlirəm. İndi İsveç rejissor gəlib, mənim barəmdə film çəkir. O, deyir: "Mən Vaşinqtondan gəldim, orada filmimi çəkim bitirdim, çox yoruldum və qayıdan kimi dərhal, bir həftə ərzində öz maşınımda qaçqınları aparırdım. Bax, bu oğlanı mən öz anasının yanına apardım, çünki oğlan 10 gün idi yemək yemirdi. Onu "Makdonalds"a aparkən heç bilirsən onunla noldu? Mənə elə gəlirdi ki, o, sonsuza qədər yeyəcək və heç vaxt dayanmayacaq". Mənsə bundan əvvəl kiçik italyan şəhəri Mantuyadan gəlmişdim, orada mənə dedilər: Svetlana, siz marşa gedəcəksiniz? Siz bilmirsiniz bu nədir? Bir axşam İtaliyanın bütün şəhərlərindən gəlmiş yüzlərlə, hətta minlərlə insanlar qaçqınlarla həmrəylik əlaməti olaraq, səndəllərini, ayaqqabılarını çıxarıb, ayaqyalın gəzdilər. Onlar belə metafora tapdılar. Və həm sadə insanlar, həm də mənim tanıdığım yazıçılar hamısı orada idi. Mən burda o barədə danışarkən heç kəs anlamadı. Orada isə hamı küçələrdə idi.

- Sizin "Sekond hand zamanı" kitabınızda da elə ən çox, keçmiş müttəfiq respublikalarından Rusiyaya qaçmağa məcbur olmuş qaçqınların hekayələri heyrət doğurur, çünki 90-cı illərdə bu mövzu ümumiyyətlə ictimai şüurda yox idi. İnsanları öyrədirdilər ki, yad bədbəxtlik olmur, amma indi məlum olur ki, yad bədbəxtlik olur, onun yad olması isə hətta gözəldir də və onun bizə heç bir dəxli olmalı deyil. Yəni, siz niyə bura gəlmisiniz, sizi heç çağıran da olmayıb. Özü də bunlar hansısa suriyalılar deyillər - eyni mədəniyyətdən, eyni dildən olan insanlardır. Və miqyas etibarilə bu, Avropada hal-hazırda baş verənlərdən heç də kiçik deyildi, amma insanların şüurundan tamamilə silinib. İndiysə elə həmin insanlar Avropaya gülürlər - niyə bu qaçqınları qəbul edirsiniz, onlar sizə bir cihad eləsinlər, bir xəlifəlik qursunlar, gəl görəsən, axmaqlar.

- Yəqin, bu, sovet hakimiyyətinin qalıqlarıdır, Şalamov da elə bu barədə danışırdı ki, düşərgə həm cəlladın, həm də qurbanın əxlaqını pozur. Bu, pozuq şüurdur, bundan heç universitet diplomu da müdafiə etməz. Biz indi bunu tam çılpaqlığı ilə görə bilirik. İnsanlar ən primitiv hiylələrə asanlıqla təslim olurlar. Putin kameralar qarşısına çılpaq bədənlə çıxarkən, bunu zarafata salmaq olar. Amma o, bir dustağın diliylə danışırsa, onda necə?! Bizdə Lukaşenko kolxoz sədrinin dili ilə danışır. Bu, o demək deyil ki, Avropada hamı yaxşıdır, amma mənim üçün açılış idi ki, orada dəqiq qaydalar var, onlara əməl olunmalıdır. Məşhur Moskva jurnalisti, onun soyadını deməyəcəm, işlədiyi qəzetdə yazmışdı: "Pullu kişi - bu, xüsusi kişidir, xüsusi qoxudur, xüsusi hər şeydir". Əgər o, Avropa qəzetində oxşar sözləri dərc etsəydi, elə günü sabah onu işdən qovardılar, ona heç əl uzadıb salam da verən olmazdı.
Tərcümə: Ramil Rahiboğlu