BolgeXeber.Com » Mədəniyyət » Çingiz Abdullayev: “Həyatda çox yalan danışıram” - MÜSAHİBƏ

Çingiz Abdullayev: “Həyatda çox yalan danışıram” - MÜSAHİBƏ

17-12-2015, 18:50
Oxunub: 4 719 Çingiz Abdullayev: “Həyatda çox yalan danışıram” - MÜSAHİBƏ"Təəssüflər olsun ki, qadınlar bunu çox zaman bacarmır"

Azərbaycanın detektiv yazıçısı, nasir, publisist Çingiz Abdullayevin siyasi detektivləri bütün dünyada örnək kimi qəbul edilir və bir çoxları üçün etalon xarakteri daşıyır. Onun "Mavi mələklər", "İnsan ovu", "Qanın üç rəngi", "Əfsanə hüququ" və s. romanları çağdaş siyasi detektiv janrının zirvəsi hesab olunur.

Dünyanın hər yerində detektiv romanları ilə məşhur olan Çingiz Abdullayev Publika.az-ın “Te amo” layihəsinin bu həftəki qonağı oldu.

Bilməyənlər üçün deyək ki, “Te amo” ispancadan tərcümədə "səni sevirəm" mənasını verir. Bu səbəbdən, söhbətimizin əsas mövzusu məhəbbətdir.

- Sizcə, kitablar yaxşı təsəlli verir, yoxsa qadınlar?

- Əslində, qadınlar olmalıdır. Təəssüflər olsun ki, qadınlar bunu çox zaman bacarmır. Ona görə də hələlik kitabları seçirəm.

- Hekayələrinizdə və romanlarınızda daha çox yalan danışırsınız, yoxsa həyatda?

- Yəqin ki, həyatda daha çox yalan danışıram. Statistikaya görə, bir insan gündə təxminən 4-5 dəfə yalan danışır.

- Ən çox nə barədə yalan danışırsınız?

- Məişət məsələlərində xırda yalanlar olur. Məsələn, oturmaq istəyirəmsə, yox deyirəm. Su içmək istəyirəmsə, istəmədiyimi söyləyirəm.

- Bəs heç böyük yalanınız olmayıb?

- Xeyr, ömrümdə heç bir dostumu satmamışam, heç bir qadını da incitməmişəm. Bu günaha girməmişəm, kiməsə pisliyim dəyməyib.

- Əsl məhəbbət kişini doğrudanmı Məcnuna çevirir?

- Həqiqətə uyğundur, amma siz onlara çox inanmayın. Kişilər aşiq olanda da yalan danışır.

- Kişilər hansı qadınlara ilk baxışda və ömürlük aşiq olur?

- O qadını axtarıb tapmalısan. Elə bədbəxt kişilər də var ki, onlar ömrünün sonuna qədər həyatının qadınını tapa bilmir, ya da rastına gec çıxır.

- Siz tapmısınız?

- Otuz ildir ki, evliyəm.

- Sevgi qurban tələb edir?

- Əlbəttə, yüz faiz.

- Siz sevgi uğrunda nəyi qurban vermisiniz?

- 30 il evli olduğumu nəzərə alsaq, bütün həyatımı.

- Sevgi ilə ağlın ortaq cəhəti var?

- Yox, sevgi ağılsız olur. Ürəklə ağıl həmişə bir-birinə ziddir, biri digərini inkar edir.

- Sizcə, ömründə bir dəfə də olsun, həyat yoldaşına xəyanət etməyən kişi var?

- Var, sədaqətli kişilər çoxdur.

- Xanımlar ailə həyatı qurduqdan sonra kişinin bəzi xüsusiyyətlərini dəyişməyə çalışır. Sizcə, kişinin xasiyyətini dəyişmək mümkündür?

- Mümkündür, ağıllı qadın kişinin həyatını yaxşı istiqamətdə dəyişə bilər. Bu qadının nə dərəcədə müdrik olmasından asılıdır.

- Kişinin əsl xasiyyəti pulu çox olanda, qadının xasiyyəti isə kişinin pulu olmayanda üzə çıxır. Bu fikirlə razısınız?

- Sevgini pulla ölçmək düzgün deyil. Elə kasıb ailələr tanıyıram ki, ömrünün sonuna qədər birlikdə xoşbəxt və firavan yaşayıblar. Elə varlı insanlar da var ki, heç bir neçə ay birlikdə yaşaya bilməyiblər. Pul həyatda qalmaq üçün talondur. Amma o, sevginin gətirdiyi xoşbəxtliyi əvəz etmək qüdrətinə malik deyil.

- Çingiz Abdullayev xoşbəxtliyi nədə görür?
- Mənim üçün xoşbəxtlik azad yaşamaqdır. Lakin azadlıq o demək deyil ki, hər ürəyindən keçəni etməlisən. Məsələn, kitab şkafını vurub sındırmaq azadlıq yox, axmaqlıqdır. Azadlıq o deməkdir ki, sizi heç kim etmək istəmədiyiniz işi görməyə məcbur etmir. Bax əsl azadlıq budur.

- Ürəyinizcə, olmayan bir işi yerinə yetirmək məcburiyyətində qalmısınız?

- Məcbur qalmışam, ancaq etməmişəm. Sonda, fikrimdən vaz keçmişəm.

- Yaxşı gündə, pis gündə... arxasını siz tamamlayın.

- Yaxşı gündə insan sevinir, pis gündə təbii ki, pis olur.

- Müasir dövrdə insanların tələbatını film, yoxsa kitab daha yaxşı ödəyir?

- Təəssüflər olsun ki, film. Təbii ki, kitab oxuyanların çox olmasını istərdim. Kitabda özümüz öz dünyamızı qurduğumuz halda, filmdə rejissorun dünyasına baxmaq məcburiyyətində qalırıq. Həm də film insanı kitab qədər düşündürə bilmir.

- “Quba kapriçosu” romanının motivləri əsasında çəkilmiş film nə vaxt hazır olacaq?

- Çəkilişlər artıq bitib, bu yaxınlarda Nizami Kino Teatrında təqdimat mərasimi olacaq.

- Səhv etmirəmsə, baş rolda tanınmış müğənni İlqar Muradov çəkilib. Onun aktyorluq qabiliyyətindən, ümumiyyətlə, filmdən razı qaldınız?

- Bu, romanın əsasında çəkilmiş sayca onuncu filmdir. Ümumiyyətlə, yazıçılar romanları əsasında çəkilmiş filmlərdən heç vaxt razı qalmır. Çünki film əsəri dəqiqliklə çatdıra bilmir. Bütövlükdə isə filmlərin çəkilməsinə sevinirəm.

- Ssenaridə çox dəyişiklik olub?

- Yox, ssenarini özüm yazmışam.

- Aktyor heyətini özünüz seçmişdiniz?

- Rejissorla birlikdə məsləhətləşmişdik. Romanlarıma çəkilmiş əvvəlki filmlərdə də rejissorlar mənimlə məsləhətləşiblər. Onu da qeyd edim ki, müqavilədə özümün şərtləri olur. Məsələn, əgər filmi bəyənməsəm və nəsə xoşuma gəlməsə, icazəm olmadığı halda onun yayımlanmasına qadağa qoymaq haqqım var.
publika.az