BolgeXeber.Com » Mədəniyyət » Xalq artisti olmayan xalqın artistləri

Xalq artisti olmayan xalqın artistləri

4-02-2017, 16:41
Oxunub: 15 208 Xalq artisti olmayan xalqın artistləriMəşhur müğənni, “Dan ulduzu” instrumental ansamblının solisti olmuş Hüseynağa Hadıyev də fəxri adı olmayan sənətkarlardandır

Fəxri ad məsələsi hər zaman sənət adamlarının yaralı yeri olub. Elə bu səbəbdən də bir çox hallarda aralarında fəxri ada görə qısqanclıqlar, narazılıqlar, hətta küsülülüklər də olub. Halbuki fəxri adı sənətçilərə özləri vermir.

Məsələn, elə sənətkarlar var ki, insanlar onların Xalq artisti olduqlarını düşünürlər. Halbuki onlardan bəziləri nəinki Xalq artisti, heç Əməkdar artist də olmayıblar.

Bolgexeber.com Ölkə.Az-a istinadla Xalq artisti olmayan xalqın artistləriylə bağlı yazını təqdim edir.
Xalq artisti olmayan xalqın artistləri

Fazil Salayev


1931-ci ilin sentyabrında, Bakıda İdris kişinin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandan olan Fazilin aktyorluqdan əvvəl rəssamlığa böyük marağı varmış və hətta Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini də əla qiymətlərlə bitirib. Deyilənə görə, Yasamal rayonundakı məktəblərdən birində rəsm dərsi keçib. Bir maraqlı faktı da qeyd etmək yerinə düşər ki, Salayev Xalq artisti Bəşir Səfəroğlunun qızı Afaq Bəşirqızının orta məktəbdə rəsm müəllimi olub.

Fazil Salayev daha çox kinodakı epizodik obrazlardan tanınsa da, bu sahədə debütü 32 yaşında olmuşdu. Qəribədir ki, heç bir fəxri adı olmayan aktyor heç vaxt bundan narazılıq etmir. Sənət yoldaşları deyirlər ki, o, özünə qarşı haqsızlığa yalnız bir formada cavab verirdi - çıxıb getməklə. Elə “Azdrama”da oynadığı rəngarəng obrazların dəyərləndirilmədiyini görüncə, “Muskomediya”ya pənah aparması da sənət yoldaşlarının dediklərini təsdiqləmiş olur.

Məşhur aktyora haqsızlıq edən təkcə sənətini dəyərləndirməyənlər deyildi. Nə qədər pafoslu səslənsə də, həyatın özü də sanki sənətkara qarşı amansız idi. Təsəvvür edin, aktyor 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə vəfat edir.

Fazil Salayevin fəxri ad almamasıyla, daha doğrusu, fəxri adıyla bağlı ən maraqlı fikirləri isə şühbəsiz ki, Xalq artisti Yaşar Nuri söyləyib:

“İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, “filan roldakı aktyor” kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı “filan aktyor” idi. “Muskomediya”da bir tamaşada montyoru oynayırdı. Guya çaydanı düzəldəndə tok vurur bunu, ölür. Zal onun “ölməyinə” iki dəqiqə əl çaldı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı... Onun “Şərikli çörək” filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans... O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı”.
Xalq artisti olmayan xalqın artistləri

Hüseynağa Hadıyev


Məşhur müğənni, “Dan ulduzu” instrumental ansamblının solisti olmuş Hüseynağa Hadıyev də fəxri adı olmayan sənətkarlardandır. 1946-cı ildə Bakıda anadan olan Hüseynağanın anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi.

Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, Hüseynağa Hadıyevin “Dan ulduzu”na cəlb olunmasının iki səbəbkarı olub. Bunlardan biri Tədris Teatrının direktoru Rizvan Ələsgərov, digəri isə tarzən, Xalq artisti Zamiq Əliyevdir. Məhz Z.Əliyev “Dan ulduzu”nun bədii rəhbəri Gülarə Əliyevaya belə bir istedad tanıdığı barədə məlumat verir.

Nə qədər qəribə olsa da, Hadıyevin ali musiqi təhsili olmayıb. Təsəvvür edirsinizmi?

Hadıyevlə bağlı deyirlər ki, geyim tərzi, xüsusən də saç düzümü bir qədər fərqli olduğundan, onun televiziyaya çıxmağına əngəllər varmış. Amma o, efirdə görünmək üçün heç vaxt zahiri görünüşündə dəyişiklik etməyib.

Görünür, hələ gənclik illərindən “yuxarılarla” yola getməyən sənətkar elə bu səbəbdən də bu dünyanı fəxri adsız - Hüseynağa Hadıyev kimi tərk etdi. Nə qədər acı olsa da, Hadıyev dünyasını dəyişdiyi ərəfələrdə həyatındakı hər iki qadın - həm Sveta, həm də Gülya ondan imtina etmişdilər. Elə 1994-cü ilin yanvarında vərəm dispanserində dünyasını dəyişəndə də bu qadınlardan heç biri onun meyitinə sahib çıxmadı.
Xalq artisti olmayan xalqın artistləri

Səməndər Rzayev


Səməndər Rzayev isə Hüseynağa Hadıyev və Fazil Salayevdən fərqli olaraq fəxri ad alıb - Əməkdar artist olub. Deyilənlərə inansaq, sənətkarın filmlərə çəkilməsini əngəlləmək istəyən xeyli insanlar olub. Onların bəziləri Rzayevin sənət yoldaşları, bir çoxları isə səlahiyyətli şəxslər imiş. Sənət yoldaşlarının dediyinə görə, Səməndər heç vaxt özü üçün kiməsə xahiş etməzmiş, çox qürurluymuş. Əksər hallarda isə ona qarşı edilən haqsızlıqların heyfini öz canından çıxarmış, demək olar ki, hər gün spirtli içki qəbul edərmiş. Elə sənətkarın ölümünə səbəb də içki olub. 1986-cı ilin 27 martında Rzayev sonuncu tamaşasına da içkili vəziyyətdə çıxır və tamaşadan sonra dünyasını dəyişir.
Xalq artisti olmayan xalqın artistləri

Akif İslamzadə


Akif İslamzadə 1948-ci ildə Bakıda, xanəndə Sara Qədimovanın ailəsində anadan olub. Sənətkarla bağlı yetərincə maraqlı bir məqam var. Belə ki, o, 1992-1993-cü illərdə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub. Yəni, İslamzadə 1992-93-cü illərdə mədəniyyət nazirinin müavini statusunda bir şəxs olub. Ancaq maraqlıdır ki, özünün Xalq artisti adını alması üçün heç nə etməyib. Sənətkarın müsahibələrinin birində fəxri adla bağlı dediklərindən:

“Mənə elə gəlir ki, Akif İslamzadədən yaxşı fəxri ad yoxdur. Əlimdə elə imkanlar olub ki, fəxri adı özüm özüm üçün yaza bilərdim. Amma istəməmişəm. Mənə həmişə “Xalq artisti” və “Hacı“ deyə müraciət ediblər, halbuki, bu adların heç birini almamışam”.
Xalq artisti olmayan xalqın artistləri

Ceyhun Mirzəyev


Ceyhun Mirzəyev 1946-cı ildə anadan olanda milis işçisi olan atası Cəmil kişinin 48 yaşı vardı. Ümumiyyətlə, Ceyhun Mirzəyev haqda belə bir deyim var - tez alışdı, tez söndü. Məsələn, çoxları Mirzəyevin ilk rolunun “Ögey ana”dakı İsmayıl olduğunu düşünür. Əslində isə onun ilk rolu 1955-ci ilə təsadüf edir. Belə ki, o, “Görüş” filmində Şıxəlinin oğlu obrazını canlandırmışdı. “Ögey ana” filmi isə 1958-ci ildə lentə alınıb. Bir sənətkar üçün bundan böyük xoşbəxtlik düşünmək belə çətindir. 12 yaşına qədər “Görüş” və “Ögey ana” kimi iki filmdə rol almaq və bu rollardan biri 59 ildən sonra da xatırlanır, sevilir.

C.Mirzəyevin də sağlığında xeyli bədxahları olub. Hətta rejissoru və baş rol ifaçısı olduğu “Fəryad” filminin çəkilişləri zamanı ona qarşı sui-qəsd hazırlanıbmış, amma xoşbəxtlikdən baş tutmayıb. Sənətkar 1993-cü ilin 5 mart tarixində ürək tutmasından vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub. Yəqin ki, sonuncu cümlədən sonra Mirzəyevin fəxri ad almaması haqda geniş yazmaq yersiz olardı.
Xalq artisti olmayan xalqın artistləri

Məmmədsadıq Nuriyev

Məmmədsadıq Nuriyev Bakının “Sovetski” adlanan məhəlləsində 1919-cu ildə anadan olub. İndi çoxları onu Xalq artisti Yaşar Nurinin atası kimi tanısa da, M.Nuriyev də dövrünün məşhur aktyorlarından olub. Təkcə “Uşaqlığın son gecəsi” filmindəki Davud obrazı bu sənətkarı xatırlamağa imkan verir. “Vücud” ləqəbli aktyorun özəlliklərindən biri bu idi ki, o həm dram, həm də komediyanı eyni səviyyədə oynaya bilirdi. O da sənətə erkən yaşlarında gəlmişdi. Belə ki, Nuriyev artıq Teatr Məktəbində oxuyarkan birinci kursun əvvəllərində Milli Dram Teatrının tamaşalarında çıxış edirdi.

1975-ci ilin 22 martında dünyadan köçən bu aktyorun da heç bir fəxri adı olmayıb. Onu baməzə, ünsiyyətcil, heç kimlə konflikti olmayan insan kimi xarakterizə edirlər. Yəni, Məmmədsadıq Nuriyevin fəxri ad almamasının səbəbi kimi rəhbər şəxslərlə, yaxud sənət yoldaşlarıyla intriqasının olduğunu göstərmək yanlış olardı.