BolgeXeber.Com » İqtisadiyyat » “London taksi”ləri iflasla üz-üzə

“London taksi”ləri iflasla üz-üzə

6-03-2015, 20:21
Oxunub: 6 988 “London taksi”ləri iflasla üz-üzə“London taksiləri” paytaxta gətirilərkən bu sahədə pərakəndəliyin tamam aradan qalxacağı gözlənilirdi

Əsas hədəf vahid taksi sistemi yaratmaq və qeyri-qanunu yolla taksi fəaliyyəti ilə məşğul olan sürücüləri sıradan çıxarmaq idi. Amma nədənsə gözləntilər tam əksinə baş verdi.

“London taksiləri”ndə gündəlik planın qaldırılması və şirkət rəhbərliyinin sürücülərə qarşı münasibəti ciddi etirazlara səbəb oldu. Planın artırılmasından narazı qalan sürücülərin bir çoxu “London taksiləri”dən imtina edirlər. İşdən ayrılan sürücülərin bildirdiyinə görə, hazırda qarajda çoxlu sayda maşın var. Amma sürücü tapılmır taksiləri işlətməyə.
Bunu şəhərdə vurulan elanlardan da görmək olar. Belə ki, bir çox yerdə “London taksiləri”nə sürücü axtarılır, deyə elanlar yerləşdirilib. İş elanlarına əsasən avtobus dayancaqlarında, yol kənarlarında rast gəlmək olar.

Məsələ ilə bağlı “Bakı Taksi” MMC-nin rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də şirkətdən sualımıza cavab verən olmadı. Bildirildi ki, MMC bu haqda mətbuata açıqlama vermək məcburiyyətində deyil.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə AzVision.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə taksilərin xidmət haqqı dövlət tərəfindən tənzimlənmir, sərbəstdir. Ekspertin sözlərinə görə, taksi qiymətləri bazar münasibətlərinə uyğun olaraq formalaşır:

“Belə ki, taksi sürücüsü və müştərinin qarşılıqlı anlaşması ilə qiymətlər müəyyən edilir. Amma Azərbaycanda taksilərin oturuşmuş bir qiyməti var. Kimsə həddindən artıq qiymət müəyyən etsə, sözsüz ki, öz müştərisini itirəcək. Həmçinin bizdə fərdi şəkildə və taksi fəaliyyəti göstərən şirkətlər var. Onlarda taksi xidmətinin qiymətini şirkət müəyyən edir. Sürücü özü qiymət müəyyən edə bilməz və ona hüquq verilmir. Ola bilsin ki, kimlərsə kənara çıxır ticarətdə və xidmətdə həmişə belə hallar olub. Taksi sürücüsü hər hansı bir şirkətdə sürücü olaraq işə götürülərkən onunla əmək müqaviləsi bağlanmalıdır və bütün detallar həmin müqavilədə göstərilməlidir. Təbii ki, həmin işə qəbul olunan sürücü şərtlərlə razı olmadıqda işləməyəcək”.

“London taksiləri”ni idarə edən sürücülərin işindən imtina etməsinə gəlincə, ekspert bildirib ki, onları narazı salan məqamlar var:

“Hansı şərtlərin olduğunu tam bilmədiyim üçün gündəlik plan haqqının uyğun olub-olmadığını dəqiq deyə bilmərəm. Adətən sürücülər narazı olurlar ki, qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlar onlardan çoxdur. Belə olduğu üçün “London taksiləri”nin sürücüləri çox vaxt işsiz qaldıqlarını deyirlər. Taksi sürücüsü növbəsi ərzində dayanmadan işləsə, yaxşı pul qazana bilər. Amma günə təxminən 2-3 müştərisi olanda qoyulan planı ödəyə bilməyəck, problem çıxacaq və işdən ayrılacaq.

Onların şikayəti daha çox belə desək digər taksi sürücüləri ilə bağlıdır. Belə ki, onların qeydiyyata düşmədiyini və vergidən yayındığını və lisenziya almadan ucuz fəaliyyət göstərə bildiklərini deyirlər. Ancaq onlar qanuni şəkildə işlədikləri üçün maya dəyərinin yüksək olduğunu bildirirlər. Məsələn “London taksi”si sürücüsü deyir ki, onun 5 manata getdiyi yolu digər sürücü 3 manata gedir. Ona görə də müştəri onu seçir. Bu baxımdan taksi fəaliyyəti göstərən şirkətlərin özü bunu araşdırmalıdır ki, iqtisadi rentabellik yoxdusa, onu necə düzəltməyin yollarını axtarmalıdırlar”.

Qeyd edək ki, son 5 il ərzində Azərbaycana ümumilikdə 1 850 ədəd yeni taksi gətirilib ki, onlardan 1000-i “London taksisi”dir.

Avtomobillərin sifarişçisi qismində “Baki Taxi” MMC şirkəti çıxış edir. Yeni taksi maşınları Böyük Britaniyanın
şirkətindən alınır. Taksilər Çinin “Geely Automobile Holding”i tərəfindən istehsal olunaraq “Manganese Bronze” şirkətinə göndərilir.
Bolgexeber.com