BolgeXeber.Com » İqtisadiyyat » "Binə" və "Laçın" ticarət mərkəzləri sürətlə boşalır

"Binə" və "Laçın" ticarət mərkəzləri sürətlə boşalır

11-03-2015, 13:16
Oxunub: 7 969 "Binə" və "Laçın" ticarət mərkəzləri sürətlə boşalırManatın ucuzlaşması iri ticarət mərkəzlərinin fəaliyyətinə öz mənfi təsirini göstərib

Qeyd edək ki, dolların bahalaşması ticarətlə məşğul olan insanların yetərli hissəsinin müflisləşməsinə səbəb olub ki, nəticədə ticarət mərkəzlərinin bir neçəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Məsələn, bir neçə gün əvvəl Tovuzda əhaliyə xidmət göstərən bəzi satış mərkəzləri qapılarına kilid vurub. Rayon sakinlərinin sözlərinə görə, böyük marketlər fəaliyyətlərini dondurublar. Qazaxda da bir neçə satış mərkəzinin qapılarına qıfıl vurulub. Sakinlər bildirir ki, dolların bahalaşmasını bəhanə edən satıcılar məhsulların qiymətini də artırıblar. Dəyişiklik, əsasən, tütün məmulatları və içkilərin satışında özünü göstərib. Paytaxtda yerləşən iri ticarət obyektlərində də acınacaqlı vəziyyət müşahidə olunmaqdadır.

Əldə etdiyimiz məlumatlara görə, Bakının ən məşhur ticarət mərkəzlərindən sayılan "Binə" və "Laçın"da dükanlar sürətlə boşaldılır. "Binə" ticarət mərkəzində işləyən satıcılardan aldığımız bilgilərə görə, bazar rəhbərliyi dükan sahiblərinə yer haqlarında heç bir güzəşt etmir: "Buna görə də onlarla dükan bağlanıb. Dolların bahalaşması bizi yaman günə qoydu. Banklardan götürdüyümüz kreditlər dollarladır. Həmçinin xaricdən malı dollarla alırıq. Məcburuq ki, gətirdiyimiz malı daha baha qiymətə sataq. Bu isə müştərilərə sərf etmir. Belə olan təqdirdə satışın səviyyəsi aşağı düşür, müştəri qıtlığı yaranır. Xaricdən vurduğumuz malın çox hissəsi əlimizdə qalıb. Manatın ucuzlaşması bizə heç sərf etmədi. Bu yandan da ticarət mərkəzinin rəhbərliyi yer pullarını artırmaq barədə qərar verib. İndiki halda yer pulunu güclə yığıb veririk. İcarə haqları artırılacağı halda vəziyyət daha da pisləşəcək. Kəbirə xanım bizi nəzərə almır. O dolların bahalaşmasını bəhanə gətirərək yer pullarını artırmağa çalışır. Müflis olmaq həddinə çatan sahibkarların bir hissəsi durumu nəzərə alaraq artıq dükanları təhvil verməyə başlayıb. Ayaqqabı sırasında dükanların yarısı fəaliyyətini dayandırıb. Bu gedişlə bazar tamamilə çökə bilər. "Binə" ticarət mərkəzində əvvəlki alverdən əsər-əlamət qalmayıb. Əgər manat ucuzlaşana qədər gündə orta hesabla 400-500 manatlıq alver edirdiksə, indi gün olur ki, siftə etmirik. Yəni vəziyyət bu dərəcədə kritikdir". Paytaxtın Nizami rayonunda yerləşən "Laçın" ticarət mərkəzində də durum fərqli deyil. Redaksiyamıza daxil olan məlumatlara görə, bazarın sahibi Maqsud müəllim heç bir səbəb olmadan yer pullarının artırılmasına göstəriş verib: "İcarə haqlarının qaldırılmasına etiraz edən bəzi sahibkarlar dükanları boşaldıblar. Çünki bu şəraitdə işləmək onlara heç bir qazanc gətirmir. Onlar qazandığının demək olar ki, hamısını bazarın rəhbərliyinə verirlər, yaxud əlavə "rasxod"lara sərf edirlər. Bundan başqa, son bir neçə aydır ki, ticarət mərkəzində təmir-bərpa işləri həyata keçirilir. Dükanlara şüşə qapılar qoyulub, yerə kafel-metlax döşənib və sair. Ən acınacaqlısı odur ki, təmirin pulunu dükan sahiblərindən yığıblar. Sahəsindən asılı olaraq dükanları işlədən şəxslər təmirə 3-5 min manat arasında köməklik göstəriblər. Daha doğrusu, bu, məcburi köməklik olub. Təmir işlərindən boyun qaçırmaq istəyən bir neçə sahibkar isə bazardan kənarlaşdırılıb. Bütün bunlar isə ticarət mərkəzində satılan malların qiymətinin bahalaşmasına gətirib çıxarıb. İcarədarlar məcburiyyət qarşısında satdığı malın qiymətini qaldırır. Təsəvvür edin, bir tərəfdən yer pulu artırılıb, digər tərəfdən təmir işlərinə görə pul yığılıb. Dolların bahalaşması isə problemin daha da pik həddə çatmasına səbəb olub. Hazırda mərkəzin 1-ci mərtəbəsində yerləşən dükanların əksəriyyəti boşdur. Mebel sırasında da eyni vəziyyətdir. Yer pulları qaldırılandan sonra sahibkarlardan bir neçəsi müflis olub dükanları təhvil verdilər. Bu vəziyyətə nəzarət edən yoxdur. Bazarın sahibi ürəyi istədiyi formada hərəkət edir". Xatırladaq ki, cənab prezident süni qiymət artımına yol verən şəxslərin ciddi şəkildə cəzalandırılacağını bildirib. Görünür, "Binə" ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova və "Laçın"ın sahibi Maqsud müəllim hələ də tənqidlərdən bir nəticə çıxarmayıblar. Biz isə hesab edirik ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları sözügedən ticarət obyektlərində dərhal yoxlamalara başlamalı və yer haqlarını heç bir əsas olmadan qaldıran iş adamlarına qarşı cəza tədbirləri həyata keçirməlidir.

Yazıda adı çəkilən şəxslərin də fikirlərini işıqlandıra bilərik.
gundelik-baku.com