BolgeXeber.Com » İqtisadiyyat » Ərzaq məhsullarının qiyməti artır

Ərzaq məhsullarının qiyməti artır

13-04-2015, 10:08
Oxunub: 6 966 Ərzaq məhsullarının qiyməti artırSatıcıların da, alıcıların da ümidi havaların istiləşməsinə qalıb...

“Bazar od tutub yanır.

Heç nə almamışam, artıq 14 manat pul xərcləmişəm. Mənim ətim, toyuğum rayondan gəlir. Onları da buradan alsaydım, düşünürəm ki, Bakıda təhsil alıb yaşamaq mümkünsüz olardı”.

Bu sözləri “Yaşıl bazar”da alış-veriş edən tələbə Gülnar Səmədova deyir. Tələbə olduğu üçün yaxşı qidalanmalı olduğunu, lakin bu qiymətlərlə bunun mümkünsüz olduğunu deyən G.Səmədova daha çox meyvələrin bahalığından gileyləndi.

Bu tələbə qızcığaz kimi bazarda “od tutub yanan” qiymətlərdən narazılıq edən çox sayda alıcı vardı. Hamıya məlumdur ki, manatın devalvasiyasından sonra ərzaq məhsullarının qiyməti birdən-birə 30 faiz bahalaşdı. Bahalaşma isə gün keçdikcə daha da artır. Belə ki, “Yaşıl bazar”da ərzaq səbətimizin əsas tərkib hissəsini təşkil edən kartof 1 həftə əvvəl 1 manat 20 qəpik idisə, indi 1 manat 30 qəpiyə, təzə kartof isə 1 manat 50 qəpiyə satılır. Soğanın qiymətinə gəlincə isə 1 manata satılan soğan 20 qəpik bahalaşaraq 1 manat 20 qəpik, bəzi yerlərdə isə 1 manat 30 qəpik olub.

Xiyar 1 manat 70 qəpik, 3 manat arası, badımcan 3-4 manat, bibər 5 dənəsi 1 manat, pomidor 2 manat 50 qəpik, 3 manat arası, mandarin 3-5 manat arası, apelsin 2 manat 50 qəpik, nar 5 manat, alçanın kiçik qablaşdırılması 5 manat, çiyələyin kiçik qablaşdırılması 5 manat, şaftalı 10 manat, alma 70 qəpik, 3 manat arası, armud 2 manat 50 qəpik, 3 manat arasında satılırdı. Bazarda alıcılar satıcıların ərzaqları bu qədər baha satmasını insafsızlıq adlandırır, satıcılar isə onların bir günahı olmadıqlarını və qiymətlərin onlardan asılı olmayan səbəblərə görə gün keçdikcə artdığını deyirdilər.

Satıcı Asəf Əliyev məhsulların qiymətinin sabit qalacağını dedi: “Yayda qışa nisbətən həmişə ucuzluq olur. Düşünürəm ki, havalar isindikcə qiymətlər də nisbətən enəcək. Ən azından yerli məhsullar çox olsa, qiymət ucuz olar. Biz özümüz əkib-becərmirik ki, ucuz sataq. Alıcımız da azdır. Baha qiymət deyən kimi hamı üzünü turşudur, almır, çıxıb gedir. Amma bizlik bir şey yoxdur”.

Kartofu Gədəbəydən özünün gətirdiyini deyən Ələsgər Ağayev isə baha satdığını etiraf etdi: “Təzə kartofdur, ona görə 1 manat 50 qəpiyə verirəm. Artıq kartofun 60-70 qəpiyə olan dövrü getdi. Hər şey bahadır. Mən övladlarıma hər gün əkib becərdiyim kartofu yedirə bilmərəm ki? Başqa ərzaq da almalıyam. Onlar da od qiymətinə. Məcburam, baha satım və bundan əldə etdiyim gəlirlə də uşaqlarıma ərzaq, xəstə anama dava-dərman alım”.
Alıcı Tamara Kərimova qiymətlərdən narazı olsa da, bunun günahını satıcılarda görürdü: “Xarici dövlətlərdən gətirilən məhsulların baha satılmasını başa düşdük ki, dollara görədir. Bəs yerli məhsullar niyə bahadır? Onu da dollarla alırlar?! Mən bazara gəlirəm heç nə ala bilmirəm. Artıq nə meyvə yeyə bilirik, nə də tərəvəz. Necə yeyək od qiymətinədir. Buna bir əlac qılsınlar. Gün keçdikcə də qiymətləri qəpik-qəpik artırırlar. Elə bilirlər belə olanda əhalinin gözünə görünməyəcək və hiss etməyəcək”.

Baş çəkdiyimiz marketlərdə də vəziyyət bazardakından fərqlənmirdi. Hətta bəzi marketlərdə yenə də vitrinlərdə ərzaqların qiyməti yazılmamışdı. Böyük marketlərdə isə ərzaq məhsulları və alıcılar əvvəlki kimi dolub-daşmırdı. Həmçinin, marketlərdə Rusiya istehsalı olan məhsulların bəziləri xüsusən də qarabaşaqlar artıq satışda yox idi. (musavat.com)
Ərzaq məhsullarının qiyməti artır