BolgeXeber.Com » İqtisadiyyat » Turizm şirkətlərinin qiymət siyasəti... - və ya istirahətin qiyməti

Turizm şirkətlərinin qiymət siyasəti... - və ya istirahətin qiyməti

1-05-2015, 11:14
Oxunub: 6 253 Turizm şirkətlərinin qiymət siyasəti... - və ya istirahətin qiyməti“Manatın dollara nisbətən kəskin ucuzlaşması turizm sektorunda qiymətlərə təsir edəcək. Populyar marşrutlar üzrə turların qiymətində 30-40 faiz bahalaşma olacaq...”

Mərkəzi Bankın manatın kəskin devalvasiyası barədəki qərarından sonra turizm şirkətləri bir-birinin ardınca bu məzmunlu bahalaşma proqnozu verirdilər.

Artıq turizm mövsümü başlayıb. Turizm şirkətləri dünyanın müxtəlif ölkələrinə səyahətlər təklif edir.

Bəs qiymətlər necədir? Bir həftə istirahət etmək üçün nə qədər vəsait tələb olunur?

Virtualaz.org saytı bu sualların cavablarını araşdırıb.

“İn Travel” turizm şirkəti Antalyaya səyahət təşkil edir. Şirkətdən bildiriblər ki, Antalyanın 5 ulduzlu otelində bir həftəlik istirahət bir nəfərə 635 manata başa gələcək. Bu qiymətə otel, gediş-gəliş bileti, səhər yeməyi və sığorta daxildir. Lakin iyunda dincəlmək istəyənlər indidən müraciət etməlidir.

Yayı Londonda keçirmək arzusunda olanlar isə 1163 manat ödəməlidir. Xidmətlərə 1-ci gün Londona gəliş, oteldə yerləşmə, 2-ci gün səhər yeməyi, London üzrə ekskursiya, 3 gün yalnız səhər yeməyi, 4 gün səhər yeməyi və ekskursiyalar daxildir.

Axşamçağı Temza çayında qayıqda şam yeməyi, bifeter restoranında istirahət isə əlavə ödənişlə mümkündür. Beləliklə, bu turdan yararlananlar 1163 manat ödəməklə Bakı-London-Bakı marşrutu ilə uçuş, aeroport-otel-aeroport xətti üzrə çatdırılma, seçilmiş oteldə qalma, səhər yeməkləri ilə təmin olunacaq. İşdir, Londona səyahət etmək istəyən olarsa, o, viza və sığorta üçün əlavə ödənişlər etməlidir.

“PremiumTravel” şirkəti isə İndoneziyaya səyahət təşkil edir. Bir nəfər üçün səyahətin qiyməti 3990 manatdır. Qiymətə 9 gecə 5 ulduzlu oteldə qalmaq, səhər yeməyi, sığorta, aviabilet və viza daxildir.

“Royal Travels and Services” gələn aydan başlayaraq İstanbula da səyahət təklif edir. 434-511 manat ödəməklə İstanbulda 3 gecə istirahət mümkündür. Qiymətlərə otellər, aviabilet, səhər yeməyi daxildir.

Bu şirkətlə Antalyada bir həftəlik istirahət isə 700-750 manata başa gələcək. Şirkətin təklif etdiyi xidmətlərə aviabilet, otel, səhər yeməyi və sığorta daxildir.

Dubaya tur etmək istəyənlərə isə 398 manatdan başlayan paketlər təklif edilir. Qiymətlə otel seçiminə görə dəyişir. Lakin bu qiymətə olan paketdən yalnız mayın 7-dən 10-dək yararlanmaq mümkündür. Viza üçün əlavə 99 manat rüsum ödəniləcək.

“Europe Tours” şirkəti Budapeşt-Vyana-Praqa turu təklif edir. 6 gecəlik turun qiyməti 690 manatdır. İspaniyaya getmək istəyənlər isə 750 manat ödəməlidir. Bu qiymətlərə otel, səhər yeməyi daxildir.

Monteneqroya səyahət iyun ayında 782-1500 manata başa gəlir. 7 günlük tura otel, aviabilet, qidalanma, sığorta daxildir.

“Mirvari travel” şirkəti Monteneqro turları təklif edir. Turun qiyməti 800 manatdan başlayır. Xidmətlərə oteldə 7 gün, aviabilet, qidalanma və sığorta daxildir.

Türkiyənin ən gözəl turizm məkanı olan Quşadasına Gürcüstandan getməklə 600 manat ödəniş etmək lazımdır. Qiymətə otel, bilet, qidalanma və sığorta daxildir.

Maraqlıdır ki, Gürcüstandan səyahət etmək ucuz başa gəlir. Hətta fərq çox böyükdür. Məsələn, Bakıdan Bodrum turları üçün 650 manat tələb olunur. Bu qiymətə otel, bilet və qidalanma daxildir. Bodrum turları Gürcüstandan getməklə 369 manata başa gəlir. Üstəlik xidmətlər eynidir.

Qeyd edək ki, qiymətlərin artmasına “Azərbaycan Hava Yolları”nın (AZAL) biletləri bahalaşdırması da səbəb olub.

Doğrudur, AZAL təyyarə biletlərinin qiymətini qaldırmadığını, manatın avroya nisbətən ucuzlaşması səbəbindən hazırkı məzənnələrə uyğun olaraq qiymətlərin dəyişdiyini açıqlayıb. Lakin manatın avro və dollara nisbətən ucuzlaşması biletlərin qiymətində təxminən 100 manata yaxın fərq yaradıb. Məsələn, Bakı-İstanbul-Bakı reyslərinə biletin qiyməti əvvəl 260 manat olduğu halda indi 342 manata çatıb.

Şirkətlər otellərin yalnız dollar və avro ilə işləməsinin də nəzərə alınmalı olduğunu bildirir. Üstəlik, iyun-avqust aylarında qiymətlərin yenidən artacağının proqnozu verilir.

Onu da qeyd edək ki, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov da virtualaz.org saytına qiymətlərin artacağını açıqlamışdı. N.Bağırov turpaketlərin qiymətinin artmasının xaricdə dincəlməyə qərar vermiş turistlərin sayını kəskin şəkildə azaldacağını söyləmişdi: “Əgər əvvəllər bir nəfərin turist səfəri tutaq ki, 1000 manata başa gəlirdisə, indi həmin səfərin qiyməti 1400 manat olacaq. Manatın yaz tətili günləri ərəfəsində ucuzlaşması turizm sektoruna öz mənfi təsirini göstərəcək. Xaricə dincəlməyə gedənlərin sayı azalacaq”.

Turizm şirkətlərinin reklam kampaniyalarına hələ yenicə start verilib. Görünür, gələn aydan fərqli qiymətlərlə rastlaşacağıq. Bazar iqtisadiyyatı və ya özəl sahibkarlıq iddiası ilə qiymətlərə müdaxilələrin olmayacağını da nəzərə alsaq, bu il çoxluq elə öz evində, süfrəsinin başında istirahət edə biləcək.

Doğrudur, Mədəniyyət və Turizm Nazirliyinin də səyahət etmək istəyənlərə sözü var. Amma mesaj qiymətlərlə bağlı deyil. Nazirlik turizm şirkətləri vasitəsilə səyahət etmək istəyənlərə həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın və turist vauçerinin olub-olmamasını dəqiqləşdirməyi, tərəflər arasında müqavilə bağlanılmasını tövsiyə edir.
BOLGEXEBER.COM