BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycanda daşınmaz əmlak bazarında durğunluq (VİDEO)

Azərbaycanda daşınmaz əmlak bazarında durğunluq (VİDEO)

12-08-2015, 09:27
Oxunub: 4 646 Azərbaycanda daşınmaz əmlak bazarında durğunluq (VİDEO)Daşınmaz əmlak bazarında geriləmə tikinti sektorunda və tikinti materialları bazarında da geriləmə ilə müşaiyət olunur

Mərkəzi Bank bazarın bu ilin yanvar-iyun aylarında 32 faiz gerilədiyini açıqlayıb.

Daşınmaz əmlak bazarında durğunluq müşahidə edilir.

ANS TV-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankı ölkədə daşınmaz əmlak bazarının bu ilin yanvar-iyun aylarında 32 faiz gerilədiyini açıqlayıb.

İkinci əl daşınmaz əmlak bazarı isə daha sürətlə geriləyib - 36,2 faiz. Aparılan araşdırmalar zamanı məlum olub ki, ev alqı-satqı mərkəzlərindən daşınmaz əmlak alanların sayında kəskin azalma var. Maraqlıdır ki, alıcılıq qabiliyyəti məhz evlərin qiymətinin kəskin ucuzlaşdığı dövrə təsadüf edib.

Daşınmaz əmlak üzrə agent Akif Mehrəliyev deyir ki, ötən il əmlak üzrə agentlər üç aydan bir iki ədəd alqı-satqı aktı bağlayırdılarsa, son 8 ayda demək olar ki, əmlak üzrə hər bir agent iki və ya üç ədəd alqı-satqı aktı bağlaya bilməyib.

Ekspertlərin fikrincə, neftin qiymətinin aşağı düşməsiylə evlərin qiyməti ucuzlaşıb. Alıcılıq qabiliyyəti isə fevralda baş verən devalvasiyadan sonra zəifləyib.

Ekspert Vəfadar Axundovun sözlərinə görə, birinci növbədə manatın möhkəmləndirilməsi istiqamətində iş aparılmalıdı: "Bundan əlavə bu sahəyə normal şərtlərlə əlavə vəsait cəlb edilməlidir. Eyni zamanda banklara göstəriş verilməlidir ki, banklar Azərbaycan vətəndaşına krediti xarici valyuta ilə deyil, məhz milli valyuta ilə versinlər. Ancaq bu yolla daşınmaz əmlak bazarını canladırmaq olar”.

Ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarının çökməsinə səbəb həm də bundan əvvəl canlanmaya səbəb olan faktorların aradan qalxmasıdır.

Rusiyaya tətbiq olunan sanksiyalar zamanı həmin ölkənin vətəndaşları vəsaitlərini Azərbaycandakı əmlak bazarına yatırırdılar.

Bundan başqa “Sovetski” sakinlərinə verilən konpensasiyalar bazarda canlanmanı artırmışdı.

Məsələn, həmin vaxt Bakının mərkəzində 180 min manata təklif olunan 2 otaqlı mənzil hazırda 120-130 minə təklif olunur. Yasamalda ötən il 160 min manata təklif olunan Xruşov layihəli binada mənzil indi 110 min manata satışa çıxarılıb.

Daşınmaz əmlak bazarında geriləmə tikinti sektorunda və tikinti materialları bazarında da geriləmə ilə müşaiyət olunur.

Hökumət tikinti sektorunda böhranın qarşısını almaq üçün dövlət büdcəsindən ipoteka kreditləşməsinə 200 milyon manat vəsaitin ayrılmasına qərar verib.

Ekspertlərə görə, bu həcmdə ipoteka krediti tikinti sektorunda müəyyən canlanma yarada bilər, amma geriləməni dayandırmaq üçün bu kifayət deyil.
Bolgexeber.com