BolgeXeber.Com » İqtisadiyyat » Tonlarla pambıq sahədə batdı - sahibkarlar ziyanda...

Tonlarla pambıq sahədə batdı - sahibkarlar ziyanda...

6-10-2015, 12:30
Oxunub: 5 410 Tonlarla pambıq sahədə batdı - sahibkarlar ziyanda...Nazirlik problem olmadığını bildirir, fermerlərsə məhsulu yığmağa pul tapmır...

Ölkədə aylarla davam edən pambıqçılıq problemi son nəticədə tonlarla pambığın sahədə batması ilə sonuclandı. Artıq yağışlar başlayıb. Bölgələrdə onlarla sahibkarın tonlarla məhsulu sahədə batıb. Səbəb onlara vəd edilən vəsaitin aylar ərzində ödənməməsidir. Nəticədə yığım prosesinə pul tapmayan fermerlər pambığı sahədə yığa bilməyib və məhsul tələf olub. Dəymiş ziyan milyonlarla manat məbləğində olsa da, nazirlik susur və tədbir görməyə tələsmir.

Musavat.com-a danışan sahibkarlar bildirirlər ki, onlara pul ayrılmaması səbəbindən tonlarla pambıq tarlada qalıb: “Məhsul batır, artıq yağışlar başlayıb. Bizim pambığı yığmağa vəsaitimiz yoxdur artıq, traktorlara tökməyə yanacaq tapa bilmirik”. Onların sözlərinə görə, aidiyyəti qurumlar məsələyə kənardan baxmaqla işlərini bitmiş hesab edirlər.

“Problem odur ki, pambıq yetişib, sahələrdə tökülüb qalıb, ancaq bizim məhsulu yığıb təhvil vermək imkanımız yoxdur. Yağışlar başlayıb, rəsmi qurumlar isə susurlar”,- deyə fermer Əfras Əsgərov bildirir. Onun sözlərinə görə, pambıq əkilən zaman onlara verilməli olan pullar hələ də ödənilməyib, bu səbəbdən fermerlər xeyli borclanıblar: “İndi də yığım vaxtıdır və bizi düşünən yoxdur. Milyonlar tarlada qalıb batır”.

Fermer deyir ki, hazırda məhsul yığan işçilərə, həmçinin maşınlara verməyə pul qalmayıb: “Vəziyyət çox ciddidir”.

Fermerlərin sözlərinə görə, 15 il ərzində pambıqçılıqla məşğul olan fermerlərin işlədiyi “CTZ- Aqro” şirkəti onlarla bağladığı müqaviləni pozub. Bundan sonra da fermerlərin çoxsaylı problemləri yaranıb. Şirkətin fermerlərə pul verə bilməməsinin səbəbi isə Beynəlxalq Bankla bağlı yaranan problemdir. Belə ki, bu il şirkət öz üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirə bilməyib. Fermerlər məcbur olub özləri kredit götürsələr də, pul yığım prosesinə çatmayıb: “Əvvəlki mərhələlərdə xərcləndi. Bizə hətta söz verdilər ki, Avropa Oyunlarından sonra pullarımızı verəcəklər, borclarımızı da ödəyəcəklər”.

Qeyd edək ki, “CTZ- Aqro” MMC-nin əsas təsisçisi Cahangir Hacıyevdir, şirkətin səhmlərinin 52 faizi ondadır. Bir müddət əvvəl Beynəlxalq Bankla bağlı baş verən həbslər, həmçinin Cahangir Hacıyevin bankdan uzaqlaşdırılması pambıq becərən fermerlərə iflas təhlükəsi yaradıb.

Fermerlər qeyd edirlər ki, sözügedən şirkət 18 rayonda pambıq əkdirib. Hazırda yüzlərlə sahibkar ziyandadır. Bildirilir ki, Beynəlxalq Bank məsələsi ilə bağlı “CTZ- Aqro” MMC-nin rəhbəri də tutuqlanıb: “İndi heç kimin pambığı yığdırmağa pulu yoxdur. Fermerlər isə becərməyə külli miqdarda vəsait qoyublar”.

Qeyd edək ki, bir müddət əvvəl bununla bağlı fermerlərin Cahangir Hacıyevi məhkəməyə verəcəyi də bildirilirdi. Həmçinin bir müddət əvvəl “CTZ- Aqro”nun rəhbəri Cavid Muxtarov həbs olunmuşdu və fermerlərə bu səbəbdən pulun verilmədiyi bildirilmişdi.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən isə məsələ ilə bağlı musavat.com-a bildirildi ki, nazirlik artıq pambıq yığımı ilə bağlı açıqlama yayıb: “Biz açıqlama yaymışıq. Başqa bir şirkət pambığı alır. ”MKT İstehsalat Kommersiya" MMC 2015-ci il mövsümü üzrə cəmiyyətlə müqaviləsi olmayan pambıq istehsalçılarından dünya bazarında mahlıcın mövcud qiymətləri nəzərə alınmaqla xam-pambığın qəbulunu elan edir. Xam pambığın dəyəri 1-ci növ üzrə 380 manat/ton, 2-ci növ üzrə 360 manat/ton, 3-cü növ üzrə 350 manat/ton, 4-cü növ üzrə 330 manat/ton təşkil edir. Qəbul edilən xam-pambığın dəyəri tərəflər arasında bağlanacaq müqavilə əsasında növlərə uyğun qiymətlərlə 1-3 gün ərzində ödəniləcək". Nazirliyin mətbuat xidmətindən bildirilib ki, cəmiyyətin altı rayonda pambıq qəbulu məntəqələri var: “Saatlıda, Biləsuvarda, İmişlidə, Bərdədə, Ağcabədi və Beyləqanda məntəqələr var”. MMC-nin qaynar xətti də var. Problem yarandığı halda, fermerlər (012) 497-13-04-ə zəng edə bilərlər.

Pambığı sahədə qalan və batan sahibkarların probleminə gəldikdə isə nazirlikdən bildirilib ki, onlar da pambığı yığıb “MKT İstehsalat Kommersiya” MMC-yə təhvil verə bilərlər. “CTZ- Aqro” ilə yaranan problemi isə nazirlikdən şərh etməyiblər, həmçinin şirkətin fermerlərin pulunu ödəyib-ödəməyəcəyi barədə də açıqlama verilməyib.
Bolgexeber.com