BolgeXeber.Com » İqtisadiyyat » Məişət texnikası bazarında durğunluq: kredit də yoxdur, müştəri də...

Məişət texnikası bazarında durğunluq: kredit də yoxdur, müştəri də...

18-11-2015, 21:15
Oxunub: 9 581 Məişət texnikası bazarında durğunluq: kredit də yoxdur, müştəri də...Mart ayından bazarda alver çox azalıb

Bazar demək olar ki, “ölüb”. Sentyabr-oktyabr aylarında yalnız icarə pulunu çıxarmağa işləmişik. Noyabrda isə vəziyyət nisbətən düzəlib.

-İndi daha çox nə satılır?
-Bu ay əsasən qızdırıcılar, fen, elektrik somovarları, ev telefonları satırmışıq. Bir də gördüyünüz bu qızdırıcıdan alırlar. 16 manatadır, amma 25-30 kvadratmetrlik ərazini isidir. Amma son 3 ayda soyuducu, televizor, paltaryuyan maşınlar, audio-video avadanlıqlar sata bilməmişik.
Bunu virtualaz.org saytının əməkdaşlarına metronun “Əhmədli” stansiyasının yaxınlığında məişət texnikası mallarının satışı ilə məşğul olan Samir Məhərrəmov deyib.
...“Əhmədli”dən “Bakı” kinoteatrına gedən yolda məişət texnikası satan iki mağaza bağlanıb. Metronun digər çıxışında yerləşən daha bir mağaza bağlanacağı üçün 60 faiz endirim təklif edir.
“Xalqlar dostluğu” metrosundan “8-ci kilometr bazarı”nın qarşısınadək olan balaca ərazidə isə 3 mağaza fəaliyyətini dayandırıb. Bazarın qarşısındakı ticarət mərkəzində məişət texnikasının satışı ilə məşğul olan mağaza xırdavat alverinə keçib.
Virtualaz.org saytının reportyorlarının araşdırması göstərir ki, məişət texnikası mallarının satışı ilə məşğul olan kiçik mağazalar artıq sıradan çıxmaq üzrədir. Müxtəlif güzəşt və endirimlər, “1+1” kampaniyaları da alverə təsir etmir.
Müşahidələr göstərir ki, elə supermarketlərin məişət texnikası malları şöbələrində də alver dayanıb.
Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən “Neptun” supermarketinin adını açıqlamayan əməkdaşı məişət texnikası satışının zəiflədiyini təsdiqləyir.
“Bizim market”və “Rahat market”dən suallarımıza cavab vermək istəmədilər. Lakin müşahidələr həmin mağazalarda da vəziyyətin fərqli olmadığını göstərir.
“Bazarı banklar çökdürdü” - bunu isə kreditlə satış təklif edən “Ceyhun” mağazasının sahibi Ceyhun Quliyev deyir.
Mağaza sahibinin sözlərinə görə, oktyabrda bir dükanın fəaliyyəti dayandırılıb: “Bizim firmanın 3 mağazası olub. Amma oktyabrda “Memar Əcəmi”dəki mağazanı bağladıq. Əhalidə pul yoxdur. İndi yalnız ehtiyac olduqda məişət texnikası alınır. Əvvəllər isə gündə 2-3 soyuducu satırdıq. İndi həftə ərzində heç bir soyuducu da satılmır”.
C.Quliyev deyir ki, banklar kredit şərtlərini dəyişəndən sonra mağazalarda alver dayandı: “Biz bankla əməkdaşlığı dayandırdıq. Çünki şərtlər ağır idi. Buna görə də mağazanın birini bağladıq. Daxili imkanlarımızı toplayıb digər iki mağazada krediti bərpa eləmişik. Amma daxili krediti hər kəsə vermirik. Köhnə müştərilərə, dövlət idarələrində çalışanlara kredit veririk. Ancaq maaşı 400 manatdan yüksək olmalıdır, iş stajı göstərilməlidir. 1500 manatdan yuxarı mallara kredit 6-8 ay müddətində verilir”.
Mağazanın yerləşdiyi ərazidə “Samsung” da daxil olmaqla məşhur firmaların mallarını satışa çıxaran digər mağazaya yaxınlaşırıq. İçəridə müştəri gözə dəymir.
Lakin satıcılar açıqlama verməkdən imtina edirlər. Sadəcə kredit şərtlərinin dəyişdiyini, zamin və iş yerindən arayış tələb olunduğunu dedilər. Bundan əlavə, kredit götürmək istəyənlərin yaşı 20-50 arasında olmalıdır.
“Optimal Electronics” mağazası da kreditlə satış təklif edir. Hətta bir neçə aksiyadan yararlanmaq mümkündür. Amma kampaniya daxilində kreditlə mal almaq təklifi gecikməsi olmayan təkrar müştərilərilərə, gəlirlərini rəsmi sənədlə təsdiq edənlərə, eləcə də “Optimal-kart” sahibi olanlara keçərlidir.
Doğrudur, mağazada müştərilər gözə dəysə də satıcılar satışın əvvəlki kimi olmadığını söyləməklə kifayətləndilər.
“20-30 faiz bahalaşma olub”
Mətbuatda Dövlət Statistika Komitəsinə istinadən məişət texnikası mallarının ucuzlaşması ilə bağlı məlumat yayılıb. Lakin mağazalar əksini söylərlər.
Məsələn, metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşən mağazanın satıcısı manatın dollara nisbətən ucuzlaşmasından sonra 20-30 faiz bahalaşma olduğunu söyləyir: “Məsələn, “Samsung” şirkəti mallarının qiymətini artırıb. Digər firmalar da qiymətləri dəyişib. Bütün malların qiymətində artım var”.
“Music Gallery” mağazasının “28 Moll” ticarət mərkəzində yerləşən mağazasında bahalaşma ilə bağlı sorğumuzu cavablandırmırlar. Lakin alıcılar qiymətlərin dəyişdiyini təsdiqləyirlər.
Alıcı Samirə Əhmədova deyir ki, telefonların qiyməti artıb: “Özləri etiraf etmirlər. Hətta telefon aksessuarlarının qiyməti də dəyişib. İki-üç ay əvvəl bəyəndiyim “LG” telefonu bahalaşıb. 399 manat idi, indi 450 manata yaxındır”.
Asimə Qasımova adlı müştəri də bahalaşmanın olduğunu söyləyir: “Ərzaqdan tutmuş geyimədək hər şey bahalaşıb. Məişət texnikasının bahalaşması da təbiidir”.
Digər mağazalardan fərqli olaraq “Baku Electronics”in “Azadlıq” filialında alıcı gözə dəyir. Doğrudur, burada da bahalaşma, alver və digər suallarımıza cavab vermirlər. Hətta mağaza daxilində çəkiliş aparmağa da icazə verilmir. Mağazanın adını açıqlamayan satıcısı isə deyir ki, müştərilər daha çox telefon, kompüter, kondisoner alırlar.
Qiymətlərə gəldikdə isə mağazada 500 manatdan tutmuş 25 min manatadək məişət əşyası satılır. Məsələn, burada satışda 24 min manata televizor var.
Digər mağazalardan fərqli olaraq “Baku Electronics”də kredit şərtləri fərqlidir. Özəl firmalarda çalışanlar da kreditlə mal satış əldə edə bilərlər. Amma iş yerindən arayış, Bakı qeydiyyatı mütləqdir.
...Beləliklə, müşahidələrimiz də göstərir ki, iri ticarət mərkəzlərində kreditlə satış kiçik mağazaların sıradan çıxmasına səbəb olur. Əhalinin alıcılıq qabiliyyətinin azalması, manatın ucuzlaşması və bunun nəticəsində malların bahalaşması, onlayn satışın artması da kiçik mağazaların zərərinə işləyir.
Bolgexeber.com