BolgeXeber.Com » İqtisadiyyat » Elman Rüstəmovun manat oyunu - yenə mat olacağıq...

Elman Rüstəmovun manat oyunu - yenə mat olacağıq...

8-01-2016, 10:54
Oxunub: 4 244 Elman Rüstəmovun manat oyunu - yenə mat olacağıq...Elman Rüstəmovun manat oyunu - yenə mat olacağıq...

“Üçüncü devalvasiyaya hazır olun” anonsu; Neftin qiymətinin yenidən ucuzlaşması dərhal Bakıda da öz təsirini göstərdi; manatın onsuz da zəifləmiş mövqeyi yenidən ciddi təhlükə altındadır; vətəndaşlara dollar satışına limit qoyuldu; Şahmat Federasiyasına da rəhbərlik edən Mərkəzi Bank sədri üçüncü devalvasiyanı bu dəfə “dollar ajiotajı” ilə ört-basdır etmək niyyətindədir...
Yanvarın 7-də “Brent” markalı neft ucuzlaşaraq 32,75 dollara düşüb. Bu, 2004-cü ilin aprelindən bəri ən aşağı göstəricidir. Neftin qiymətinin yenidən ucuzlaşması dərhal dünyanın valyuta bazarlarına da öz təsirini göstərib. Rusiyada rublun məzənnəsi dollar və avro qarşısında kəskin ucuzlaşıb. Moskva birjasında 1 ABŞ dolları 1,44 rubl bahalaşaraq 74,75 rubla yüksəlib. 1 avro isə 1,92 rubl artaraq 80 rublu ötüb və 80,64 rubl olub. Proqnozlara görə, rublun ucuzlaşması davam edəcək.

Yanvarın 7-də Çin Xalq Bankı milli valyutanı ucuzlaşdırıb, bir dollar 6.5646 yuana bərabərləşib. Bu, 2011-ci ilin martından ən aşağı məzənnədir. Xatırladaq ki, ötən il Çinin yuanın cüzi devalvasiyasını həyata keçirməsi dünya iqtisadiyyatında ciddi təlatümlərə səbəb olmuşdu və neftin daha sürətlə ucuzlaşmasına təsir etmişdi. Məhz Çinin devalvasiyaya getməsindən sonra Azərbaycan manatının da mövqeləri zəifləməyə başladı və Mərkəzi Bank ikinci devalvasiyaya qərar verdi. Çin valyutasının ikinci dəfə devalvasiya etməsi isə manatın onsuz da zəifləmiş mövqelərinə yenidən ciddi təhlükə yaradıb.

Dekabrın 21-də üzən məzənnəyə keçərək 48 faiz dəyər itirən Azərbaycan manatı da ucuzlaşıb. Paytaxt Bakının mərkəzindəki valyutadəyişmə məntəqələrində dolların məzənnəsi yanvarın 6-na nisbətən kəskin artıb. Belə ki, yanvarın 7-də valyutadəyişmə məntəqələrində ABŞ dolları 1,6-1,63 manata alınıb, 1,70-1,72 manata satılıb. Paralel olaraq avronun məzənnəsi də yüksəlib. Avropa valyutasının alış qiyməti 1,72 manat, satış qiyməti 1,86 manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı isə ikili oyun oynamaqdadır. Belə ki, Mərkəzi Bank yanvarın 6-da dollar satışı həyata keçirməyib və bazarda yaranmış gərginliyi daha da artırıb. Buna rəğmən isə Elman Rüstəmovun rəhbərlik etdiyi qurum həm də manatın ucuzlaşmasının qarşısını qəhətə çəkilən dolların kursunu sabit saxlamaqla almağa çalışır. Yəni Mərkəzi Bank dolları satışa çıxarmır, sonra isə “dollar niyə qıtdır və niyə bahalaşıb?” deyə yalandan haray salır.

Aydındır ki, yaxınlaşmaqda olan üçüncü devalvasiyada Mərkəzi Bank öz dollar rezervlərini banklara dağıtmaq niyyətində deyil və bu səbəbdən də dollar satışında məhdudiyyətlər qoyub. Üstəlik, Mərkəzi Bank artıq 500 dollardan çox məbləğin alışı zamanı vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb ediləcəyi ilə bağlı qərarını açıqlayıb. Belə ki, əvvəllər vətəndaşlardan 5000 ABŞ dolları həcmində pulun alışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunurdusa, indi bu rəqəm 500 dollara düşüb.
Elman Rüstəmovun manat oyunu - yenə mat olacağıq...

Mərkəzi Bank “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı təsdiq edərək dolların mübadilə kursunu banklara həvalə edib. Yeni qaydalarda ən maraqlı məqam odur ki, əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Bu zaman əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılmalıdır. Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında qeydə alınmalı və şöbədə quraşdırılmış lövhədə əks etdirilməlidir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd mübadilə şöbəsində günün sənədlərinə tikilməlidir.


Hazırda Mərkəzi Bankın bu cür inzibati metodlarla bazara nəzarət etməsinin neçə gün effekt verəcəyi bir sıra haqlı suallar doğurur. Məlumatlara görə, bu, yalnız qısa müddətdə manatın müəyyən qədər sürətli dəyər itirməsinin qarşısını ala bilər. Mərkəzi Bankın devalvasiyadan qorunmaq üçün orta və uzunmüddətli dövrdə faktiki heç bir proqramı yoxdur və real vəziyyətə nəzarəti itirib.

Hazırda ölkənin maliyyə bazarında baş verənləri izah etmək çox çətindir. Görünən odur ki, maliyyə sektorunun rəhbərləri üçüncü devalvasiyanı “dollar ajiotajı” ilə ört-basdır etmək niyyətindədir və əslində manatın ucuzlaşdırılması prosesini məhz Mərkəzi Bank yaradır. Yada salaq ki, həm fevralın 21-i, həm dekabrın 21-i devalvasiyasından öncə Mərkəzi Bank rəhbərliyi manatın kursunun sabit qalacağı vədini vermişdi. Hər iki halda xalq aldadıldı. Azərbaycan Şahmat Federasiyasına da rəhbərlik edən Elman Rüstəmov belə görünür ki, bu dəfə daha kombinasiyalı gediş etmək üçün çalışır. Xalqın yenə mat olacağı isə indidən görünməkdədir...

“Yeni Müsavat”