BolgeXeber.Com » İqtisadiyyat » O nədir ki, Tiflisdə 40, Bakıda 351 avrodur?

O nədir ki, Tiflisdə 40, Bakıda 351 avrodur?

19-02-2016, 11:04
Oxunub: 4 788 O nədir ki, Tiflisdə 40, Bakıda 351 avrodur?İqtisadçı ekspert: “AZAL-ın inhisarçı mövqeyinə son qoymaq lazımdır”

Gürcüstanın yeni baş naziri Georgi Kvirikaşvili öz facebook səhifəsində Kutaisidən Avropanın müxtəlif şəhərlərinə yeni uçuş qiymətlərini paylaşıb. “WizzAir” şirkətinin həyata keçirdiyi uçuşların qiyməti hər kəsi şoka salıb. Belə ki, yeni uçuş qiymətləri Kutaisidən Milana, Berlinə, Münhenə, Dortmunda 40 avro, Saloniki və Sofiyaya 30 avro, Larnaka isə 25 avrodur.

Xatırladaq ki, Bakıdan Milana biletlərin qiyməti 337 manatdan başlayır. Ekonom standartın tək gediş qiyməti isə 526 manat, yəni 337 avrodur. Bakıdan Berlinə isə uçuşun qiyməti 599 manatdır. (351 avro) Bakıdan adıçəkilən ölkələrə uçmaq Gürcüstandan 10 dəfə bahadır.

2015-ci ildə “Post Office” Britaniya poçt xidməti bir sıra Avropa ölkələrində dincəlməyin maddi tərəfini araşdırmışdı. O zaman da çox böyük fərqin şahidi olmuşduq. Araşdırma nəticəsində məlum olub ki, Vilnüsdə istirahət günlərini orta hesabla 100 avroya keçirmək olar. İkinci yerdə 119,77 avro ilə Budapeşt, üçüncüdə 120,39 avro ilə Riqa şəhəri qərarlaşıb. Stokholm Avropanın ən bahalı şəhəri seçilib, istirahət günləri İsveç paytaxtına səyahətə orta hesabla 310 avro tələb olunur. Reytinq tərtib olunarkən iki gecə üç ulduzlu hoteldə gecələmək, hava limanında gediş-gəliş xərcləri, çaxırla şam yeməyi, ekskursiyalar və şəhər nəqliyyatında xərclər nəzərə alınıb. Azərbaycanda isə ümumiyyətlə bu qiymətlərə heç bilet almaq mümkün deyil. Bunun səbəbi isə təbii ki, AZAL-ın sərnişin daşımada inhisarçı siyasət yeridərək heç bir özəl şirkətə bazara çıxmağa imkan verməməsidir.

Bundan əlavə vəkil Cavad Cavadov öz facebook hesabında AZAL-ın baqaj limitini ləğv etdiyini qeyd edib: “AZAL reyslərdə baqaj limitini ləğv edib (yəni baqaja verilən yükü) və hər kiloqramına pul alır. Yəni misal üçün, 20 kiloluq baqaja veriləsi yükünüz varsa, onun pulunu hər kiloqramına görə ödəməlisiniz. Bir də yeməyə beş avro pul alırlar. Yəni bunlar artıq biletə daxil deyil. Söhbət ekonom klassdan gedir.

Bakıdan uçuş qiymətlərinin baha olması ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə əlaqə saxladıq. P.Kəsəmənski bizə qiymətlərlə bağlı məlumatları AZAL-ın saytından ala biləcəyimizi bildirdi. AZAL-ın saytındakı məlumatlar isə yenilənməmişdi. Saytdakı məlumatı olduğu kimi veririk: Ekonom sinif biletlərinə 23 kiloqrama qədər çəkidə 1 yer baqaj və 8 kiloqrama qədər çəkidə 1 yer əl yükü daxildir, əlavə baqajın daşınması üçün ödəniş həyata keçirilməlidir. Ancaq görünür ki, bu məlumat köhnədir...



Gürcüstanın baş nazirinin Kutaisidən Avropanın müxtəlif şəhərlərinə açıqladığı yeni uçuş qiymətləri məsələsinə gəlincə isə iqtisadçı ekspert Natiq Cəfərli bu cür tariflərin bizdə mümkün olmayacağını bildirdi. Buna səbəb isə AZAL-ın inhisarçılığıdır: “Gürcüstanda aviasərnişin daşımaları ilə dövlət məşğul olmur. Oradakı bir sıra şirkətlər məşğul olur. Şirkətlər üçün də rəqabətli mühit üçün çox gözəl şərait yaradılıb. Rəqabətli mühitdə Gürcüstan ərazisində 10-dan çox şirkət birbaşa daxil olub aviadaşımaları həyata keçirir. O cümlədən Azərbaycan vətəndaşlarına da tanış olan ”WizzAir" kimi şirkət Azərbaycanda da bir ara çalışdı, Macarıstana uçuşlar təşkil elədi. Amma AZAL-ın apardığı inhisarçı siyasət nəticəsində bazardan çıxıb getməyə məcbur oldu. Burada hökumətin görəcəyi iş şirkətlər üçün normal şəraitin yaradılmasıdır. Baş nazirin də mesajı ona hesablanıb ki, Gürcüstan hökuməti şirkət üçün normal şərait, rəqabətli mühit yaratmaqda maraqlıdır, təki şirkətlər daha ucuz və keyfiyyətli iş görməyə çalışsınlar. Gürcüstanın burada artıq böyük bir uğuru var. Azərbaycanda isə AZAL, bildiyiniz kimi, yeganə - inhisarçı şirkətdir. AZAL aviayükdaşımalarda da inhisarçılıq mövqeyindədir".

İqtisadçı ekspert bildirdi ki, xarici şirkətlərin Azərbaycan bazarına çıxışına şərait yaradılmalıdır: “98 faizə yaxın aviadaşımalar AZAL-ın nəzarəti altındadır. Digər şirkətlər, hətta Türk Hava Yolları da Azərbaycanın oyun qaydalarına əsasən burada işləyir. Onlar AZAL-ın oyun qaydalarına əməl etməyə məcburdular. Bundan başqa, AZAL həm də hava limanında şirkətlərə xidmət məsələsini də öz üzərinə götürüb. Bu da çox vacib məsələdir. Çünki bir çox ölkələrlə müqayisə etdikdə Azərbaycanda hava limanında digər şirkətlərə xidmət haqları çox bahadır. Bu da qiymətlərə təbii ki, təsir göstərir. Ona görə də Azərbaycanda belə bir şəraitin yaranmasının yeganə yolu bir çox xarici şirkətlərin birbaşa Azərbaycan bazarına çıxmasına şərait yaratmaqdır. AZAL-ın inhisarçı mövqeyinə son qoymaq lazımdır. Hava alanının işlətməsini AZAL-dan almalı, təsirindən çıxarmalı və digər özəl şirkətlər tərəfindən həyata keçirilməsinə şərait yaradılmalıdır. Yol budur. Hökumət əgər normal addım atmaq istəyirsə, bunu etməlidir. Xarici şirkətlərin ölkədə normal fəaliyyət göstərməsinə şərait yaratmalıdır. Amma görünən budur ki, Azərbaycan hökuməti AZAL-ın inhisarçı mövqeyini müdafiə etməkdə maraqlıdır. Yəni AZAL-ın inhisarçı mövqedə qalmasında maraqlıdır ki, AZAL da istədiyi qiyməti diqtə edir və istədiyi kimi qiymət siyasəti aparır”.

Günel MANAFLI