BolgeXeber.Com » İqtisadiyyat » “Aqrolizinq”də büdcə talanı

“Aqrolizinq”də büdcə talanı

12-05-2016, 13:18
Oxunub: 5 507 “Aqrolizinq”də büdcə talanı ASC bir ildə 70 milyon manatın 51 milyonunu xaricdə təsis olunan şirkətlərə verib

Gübrənin alınması üçün təkcə bir tenderdə 13 163 904 manat, başqa birində 3 657 225 manat sərf olunub
Səhm-nəzarət paketi dövlətdə olan Azərbaycan Hava Yolları” QSC, “Azəravtoyol” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Meliorasiya və Su Təsərrüfatı” ASC, “Azərişıq” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəristiliktəchizat” AS, “Azərbaycan İpoteka Fondu” ASC, “Beynəlxalq Bank” ASC, “AzerGold” QSC, “Azərkosmos” ASC, “Azərlotereya” ASC, “Aqrolizinq” ASC-nin rentabelli müəssisələr olduğunu yazmışdıq. Bununla belə adıçəkilən qurumlar dövlətə gözləndiyi qədər xeyir gətirmir. “2011-ci il dövlət büdcəsinin icrası haqqında” Qanunda səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 1,2 milyon manat olub. 2012-ci ildə 1 mln. 272 min manat, 2013-cü ildə 5 456 325 manat, 2014-cü ildə cəmi-cümlətanı 270 min manat təşkil edib.
Səhmdar cəmiyyətə bütün mənbələrdən “pul yağışı”
Qazanılan dividend “Aqrolizinq” ASC-nin bir ildə icbari sığortasından belə azdır. 6 ildə təkcə 300 milyon manatdan artıq pulu tenderdə xərcləyən bu müəssisənin mənfəəti barədə web-resurslarda nəinki məlumat yoxdur, maliyyə hesabatını belə vermirlər. Səhmləri 100 faiz dövlətdə olan “Aqrolizinq” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı dövlət büdcəsindən xərclər 2011, 2012, 2013, 2014-cü illərin hər birində 35 milyon, 2015-ci ildə 40 milyon, 2016-cı il üçün 32 milyon manatdır. Prezidentin Ehtiyat Fondundan da cəmiyyətə iri məbləğlər ayrılıb. 2009-cu ildə 3 milyon, 2010-cu ildə 5 milyon, 2011-ci ildə yenə 5 milyon, 2012-ci ildə 10 milyon manat ayrılıb. 2014-cü ilin 9 ayı üçün verilən hesabatda maliyyə naziri Samir Şərifov deyib ki, “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən verilmiş vəsaitlə yanaşı, Prezidentin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsulları istehsalçılarına taxılyığan kombaynların alınması, xaricdən damazlıq heyvanların idxalı və Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üçün 30 milyon manat pul ayrılıb. Əslində bu məlumatlar maliyyə qurumlarının, eləcə də müəssisənin öz saytında ayrıca yerləşdirilmədiyindən ayrılan vəsaitləri özündə tam əks etdirmir, bununla belə büdcəsi haqqında müəyyən təsəvvür yarada bilir. Cəmiyyətin həmin pulları necə xərclədiyi də diqqət çəkir.
Onlar milyondan az pul xərcləmirlər
2010-cu ilin satınalmalar reyestrində ASC-nin keçirdiyi 47 tenderdə xərclədiyi vəsait 53 557 598 manat təşkil edib. 50 tenderdən 30-u 200 min, ondan 20-si 1 milyon, bunun da 11-i 2 milyon manatın üzərindədir. Biz əsasən bir milyondan bahalı satınalmalardan yazacağıq. Məsələn, bir ildə “Solola Group LTD”-dən düz 12 008 916 manatlıq mineral gübrə və pessesidlər alınıb. Həmin şirkətdən 2 524 320 manata da qərzəkli məhsulların qovrulması və emalı avadanlığı əldə edilib. Soyuducu kamera və kartof anbarına avadanlığa 4 985 338 manat (“Lexus İnvestment Group limited”), yenə soyuducu kamera və ona əlavə avadanlığa 2 970 000 manat (“South Trading”), atmosfer kontrollu soyuducu kamera Ceyranbatana 1 880 000 manat (“Dafoltetec Partnes” LTD), Goranboya 1 550 000 manat (“Baktac” LTD), Şəmkirə 615 000 manata (“Adegar Alliance” LLP) alınıb. “Baktac” LTD-dən daha 373 500 manata suvarma və istehsal avadanlığı götürülüb. Göygöl və Abşeronda 2 ha sahədə istixana avadanlığı və konstruksiyalara 4 268 942 manat (“Proline Technology” LTD), bu işin Şəmkirdə görülməsinə 2 070 003 manat (“Alten Group” MMC), Masallıda 2 070 000 manat (“Yuqa Motors” MMC) xərclənib. Qusar, Ağcabədi, Biləsuvar rayonlarında aqroservis filialının tikintisinə 3 082 500 manat (“Texaqro” MMC) gedib. Neftçala və Saatlıda aqroservis filialı, Bərdə və Cəlilabadda regional logistik gübrə anbarının tikintisinə 6 516 095 manat sərf olunub (“Xəzər Sənaye İnşaat” MMC). Traktora qoşulan müxtəlif kənd təsərrüfatı texnikası, kartofun çeşidlənməsi, təmizlənməsi və yüklənməsi üçün avadanlıq, motorlu otbiçən və dırmıq 1 772 947 manat (“Rimls” LTD), Yevlax və Abşeronda suvarma qurğusu 1 286 000 manat (“Streamford Worldwide Limited”), meyvə qurutma avadanlığı 990 795 manat (“Murova Sistems”), sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıq 601 509 manata (“Distant Complex Limited”) satın alınıb. Quş kəsim sexinin texnoloji avadanlığı 2 096 587 manat (“Swisspoint Merchants” LTD), 20 ədəd ekskavator 700 000 manat (“Halkin Commercial Group”), ASC-nin təchizat bazalarında təmir və yenidən qurma 361 997 manat (“SS İnşaat” MMC), meyvə və giləmeyvələr üçün şok soyutma avadanlığı 159 700 manat (“Fayton”MMM), gübrə anbarına taxta altlıq 125 000 manat (“Bakı-Şərab-1” MMC), Ucar, Kürdəmir, Horadiz və Göygöl aqroservis filiallarının tikintisi, cəmiyyətin inzibati binasında təmirin layihə-smeta sənədlərinin hazırlanması 109 699 manat (“Murad M” MMC) təşkil edib. İri büdcəli tenderləri əsasən əcnəbi şirkətlər götürüb. Həmin il 53,5 milyon həcmində işlər görülüb və texnika alınıb, amma bundan yalnız 187 480 manatı cins damazlıq heyvanların sığortalanmasına gedib (“Alfa Sığorta” ASC). Ortada sığortalanan bir əmlak yoxdur.
Gübrə, avadanlıq, mal-qara almağa xəsislik yoxdur
2011-ci ildə 59 056 065 manatlıq tender barədə məlumat var. Cəmi iki ildə ASC tenderdə 112 milyon manat xərcləyib. 63 satınalmadan 43-ü 200 min manatın üzərindədir. Yenə iri məbləğləri yazacağıq. Məsələn, gübrənin alınması üçün təkcə bir tenderdə 13 163 904 manat, başqa birində 3 657 225 manat sərf olunub. Hər ikisində podratçı qismində “Bioline Consulting” LTD seçilib. “Seçilib”, yazmırıq, çünki digər dövlət qurumlarındakı kimi rəqabətli tenderin olduğuna şübhələr var. Hesablama Palatasının yoxlamalarında da satınalmaların keçirilməsində qanun pozuntuları bütün müəssisələr üçün xarakterikdir. 200 baş südlük-ətlik, 1400 baş südlük mal-qara, yem istehsalı və qurudulması üçün avadanlıqlar ümumilikdə 5 907 296 manata “Swisspoint Merchants” LTD-yə sifariş edilib. Burada əsas vəsaiti mal-qara aparıb – biri ortalama 3 631 manatdan düşür. “Xəzər Sənaye İnşaat” MMC də 5 499 260 manat dəyərində sifarişə əsasən Horadiz, Kürdəmir, Göygöl, Ucar və Ağdam rayonlarında aqroservis filiallarının tikintisini aparıb, hər birinin sahəsi 2 ha olan 2 ədəd alınmış istixana avadanlıqlarının quraşdırılması, nizamlanmasını həyata keçirib. Abşeronda 2 ha sahədə istixana avadanlıqlarının quraşdırılması 4 420 000 manat, avadanlıqların nizamlanması 198 923 manata “İnvestment Group” MMC-yə həvalə olunub. Yenə Abşeronda 2 ha sahə üçün istixana avadanlıqlarının alınıb quraşdırılması, Zirə qəsəbəsində bu işlərin görülməsi, kənd təsərrüfatı texnikası və avadanlıqların alınması, Goranboyda 170 ha sahədə damcılı suvarma sistemi avadanlıqlarının quraşdırılmasını podratçı “Distant Complex Limited” 6 646 402 manata həyata keçirib. 3 629 442 manat “Mittelmeer Techno Inc.”-ə 800 ha və Yevlaxda 311 ha əkin sahəsində dairəvi suvarma sistemi avadanlığının alınıb quraşdırılması, istixana üçün avadanlıqlar, Hövsan qəsəbəsində 60 min baş broyler və 2 dəst inkubator, yem istehsalı üçün separator və qranul hazırlayan avadanlıqların alınması üçün verilib. “Adegar Alliance” LLP cəmiyyətə 2 081 414, “Wekkert Inc” 2 004 624, “Rimls” LTD 1 550 656, “Streamford Worldwaid” LTD 1 088 000, “Rista Systems Limited” 1 067 419, “Neo Com Sales” LTD 735 740, “Water Solutions” LTD 731 533, “Krista Group” LTD 706 800, “Bakıenerji tikinti” MMC 774 539, “Fayton” MMM 670 000, “Az Casp LTD” 648 018, “Ninox Alliance LTD” 644 766, “Solola Group LTD” 459 999, “Emil Dış ticarət limited” 480 093, “SS İnşaat” MMC 326 216, “Royal Olimpik Group” MMC 250 000 manatlıq iş görüb. “Alfa Sığorta” ASC də cəmiyyətə məxsus kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, maşın-mexanizmlər və mineral gübrələr, eləcə də cins damazlıq heyvanları 980 221 manata sığortalayıb.
2012-ci ildə 61 tender üzrə 69 734 890 manat vəsait xərclənib. Bunlar da bahalı tenderlərdir, qalibləri əsasən əcnəbi şirkətlərdir. Yenə “Bioline Consulting” LTD 12 913 567 manat gübrə, “Ninox Alliance” LTD 10 681 822 manat damazlıq heyvan, “Gran Electric A.S.” 5 258 250, “Milton Keynes Group” LTD 4 476 000, “Rimls” LTD 3 664 565, “İnnuendo S.A.” 2 995 607, “Keyinvest Build” LLP 2 590 116, “Red Trade” LTD 2 145 104, “Nordland Development” LLP 1 560 000, “Solola Group” LTD 1 257 757, “Ventmile Export” LLP 1 170 525, “Ondlen Trade” LTD 1 081 000, “Wekkert Inc” 549 885, “Water Solutions” LTD 231 984, “Bermtech” LTD 320 752 manatlıq texnika və avadanlığı cəmiyyətə satıb. Bütövlükdə 50 896 934 manat xaricdə təsis olunan şirkətlərə verilib. Bu isə o vaxtkı kursla 65 mln. 252 min dollar deməkdir. Cəmi 18 837 956 manat dəyərində işi yerli şirkətlər götürüb. Təkcə “Xəzər Sənaye İnşaat” MMC ASC-dən düz 8 769 912 manatlıq tikintini satın alıb. “A-İnvestment” MMC 2 200 000 manat, “İnvestment Group” MMC yenə bu qədər, “Memar Servis A” MMC 911 234 manat, “K.E.İnşaat” MMC 860 000 manat, “Polad A” MMC 233 640 manatlıq xidmət göstərib. “Saday-Arzu” MMC-dən üst-üstə 334 650 manat dəyərində yem satın alınıb. “Alfa Sığorta” ASC damazlıq heyvanlar və avtomobil nəqliyyatının icbari sığortasını 223 953 manata edib.
2013-cü ildə 41 tenderdə 46 333 399 manat sərf olunub. Yenə vəsaitin əsas hissəsi xarici şirkətlərdən avadanlıq-mexanizm alınmasına yönəldilib. Əvvəlki ildə olduğu kimi “Bioline Consulting” LTD-dən 13 184 640 manat dəyərində gübrə, “İnnuendo S.A.”-dan 10 629 053 manata taxılyığan kombaynlar, onlara ehtiyat hissələri, “Rimls” LTD-dən 4 492 786 manata kənd təsərrüfatı texnikası satın alınıb. “Milton Keynes Group” LTD 1 259 682 manata avadanlıq, “Wekkert Inc” 1 072 821 manata traktorlar, “İmport Finance S.A.” 833 556 manata inkubator avadanlıqları, “Buttler Sales” 656 128 manata soyutma anbarına avadanlıqlar, “Ventmile Export” LLP 525 749 manata ət kəsimi və emalı avadanlığı, “Keyinvest Build” LLP 510 055 manata yem istehsal edən avadanlıq, “Neo Com Sales” LTD 3 866 062 manata istixana avadanlıqları və ehtiyat hissələri, “Adegar Alliance” LLP 261 298 manata dondurma avadanlığı, “Landbeal Limited” LLP 786 265 manata quşçuluq avadanlıqlarının alınmasını həyata keçirib. Yerli şirkətlər olan “Xəzər Sənaye İnşaat” tikinti-quraşdırma işlərini 3 999 786 manata, “Caspi Tech” MMC istixana avadanlıqlarının quraşdırılmasını 2 661 120 manata aparıb, “Azərtəmirmaş” MMC də 119 000 manatlıq təmir işləri görüb. “Alfa Sığorta” ASC damazlıq heyvanlar, kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr və əmlakın sığortalanması xidmətlərini 978 501 manata satın alıb.
Növbəti sayda cəmiyyətin 2014 və 2015-ci ilin xərcləmələrilə yanaşı, iri büdcəli tenderləri qazanan xaricdə təsis olunmuş şirkətlər barədə əldə etdiyimiz maraqlı faktları yazacağıq… (Bzimyol.info)