BolgeXeber.Com » İqtisadiyyat » Novxanıda hotellərin bir günlük qiyməti 80, Milanda isə 60 manatdır

Novxanıda hotellərin bir günlük qiyməti 80, Milanda isə 60 manatdır

2-06-2016, 09:05
Oxunub: 3 941 Novxanıda hotellərin bir günlük qiyməti 80, Milanda isə 60 manatdır“Azərbaycana bu yay turist axını ola bilər”

Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Yeni Müsavat”a açıqlamasında səsləndirib. Nazir qeyd edib ki, Azərbaycan bu yay çoxlu sayda turist qəbul etməyi planlaşdırır və bunun üçün lazım olan tədbirlər görülüb.

Ə. Qarayevin fikrincə, turistlərin əksəriyyəti Rusiya vətəndaşları olacaq: “Biz məhz buna görə Rusiyada təmsilçilik açırıq, sərgilərdə iştirak edirik. Qiymətlər də onları qane edir. İndi bəzi ölkələr rusiyalı turistlərin üzünə bağlı olduğuna görə onlar yeni məkanlar axtarırlar. Azərbaycan da onlar üçün əvəzolunmaz məkandır. Orada alternativ axtarılırsa, Azərbaycan öz xidmətlərini təqdim etməyə hazırdır. Biz də bunu etmişik”.

Bəs görəsən, həqiqətənmi bu il ölkəyə gələn turist sayı ötən illərlə müqayisədə daha çox olacaq? Azərbaycanda qiymət və xidmət səviyyəsi bunu deməyə əsas verirmi? Hazırkı turizm potensialımız turist axınını qarşılamağa imkan verirmi?

“Yeni Müsavat”ın suallarını cavablandıran turizm sahəsi üzrə ekspert isə hesab edir ki, ruslar Türkiyəyə yalnız Rusiyadan yox, başqa ölkələrdən, məsələn, Belarusdan gedəcəklər: “Azərbaycanın mədəniyyət naziri bu il turist sayının çox olacağını deyirsə, yəqin ki, hansısa məlumatlara əsaslanır. Ancaq mən düşünmürəm ki, belə axın olsun. Niyə? Çünki rəqabətə davamlılıq baxımından biz hələ ki öndə deyilik. Qonşu Rusiya, Şimali Qafqaz, yaxud Gürcüstanda qiymətlər bizimlə müqayisədə daha ucuzdur. Mən düşünmürəm ki, buraya ötən ilkindən fərqli böyük bir axın olsun. Əgər olsa, çox sevinərəm, nazir haqlı çıxar, mən səhv etmiş olaram. Təbii ki, turistlər gələcəklər, ancaq bu axın olmayacaq. Mən bu haqda danışmağa çətinlik çəkirəm. Bəlkə nazirin konkret faktları var ki, hansısa amillər yaranıb. Ancaq bunun üçün bir neçə şərt var. Çox yaxşı reklam olmalıdır. Biz hələ indi turizmlə bağlı reklamlara başlayırıq. Lakin bunu yanvar ayından etmək lazım idi. İkincisi, qiymətlər münasib olmalıdır. Siz booking.com saytına baxın, Novxanıda hotellərin bir günlük qiyməti 80 manata, Milanda 60 manata, Londonda isə 55 manatadır. Hər hansı potensial bir turist oturub kompüterində bu qiymətlərə baxsa, Novxanıya gələrmi? Əlbəttə, yox”.

Ekspertin fikrincə, turizm sektorunun inkişafı üçün rəqabətə davamlılıq, qiymətlərin münasib olması, xidmətlərin cəlbedici olması vacib şərtdir: “Turist təsadüfən bir dəfə gələr, ancaq gəlib burada servisi, qiymətləri görəndən sonra qonşu Gürcüstanla müqayisə edər, sonra qərar verər ki, gələn il Gürcüstana getsin. Rəqabətə davamlılıq önəmlidir. Novxanıda bir gecəsi 80 manata olan hoteldə bəlkə də imkanlı adamlar qalacaq, ancaq əhalinin böyük əksəriyyəti o imkanlarından istifadə etmək imkanına malik deyil. Ona görə də sadə insanlar Gürcüstana üstünlük verəcək, çünki qiymətlər aşağıdır. Məndə olan məlumatlara görə indi orada da qiymətlər qalxıb, ancaq yenə də bizə baxanda onlarda aşağıdır. İstənilən turist və ya yerli vətəndaş ilk növbədə qiymətlərə baxır. Turizm iqtisadi rəqabətdir. Əgər sən bu üstünlükləri verirsənsə, səni seçəcəklər. Çox güman ki, nazir daha məlumatlıdır və hesab edir ki, belə bir şərait var. Yaşayıb görərik. Sentyabr ayında bir təhlil edərsiniz, görək bu deyilənlər nə dərəcədə həqiqətə uyğundur. Hələ ki bizim qiymətlər rəqabətə davamlı deyil, servisdə də üstünlüyümüz yoxdur. Hansı əsasla biz gözləməliyik ki, Rusiyadan buraya axın olacaq. Rusiya Gürcüstanı seçəcək, Abxaziyanı seçəcək. Dəniz, kənarı orada da var, dənizləri bizimkindən də təmizdir. Turizm çoxfaktorlu sahədir. Buna geniş mənada yanaşmaq lazımdır. Biz də arzu edirik ki, axın olsun, ancaq reallığa baxmalıyıq”.
İqtisadçı ekspert Rəşad Həsənov isə bildirdi ki, bu il turist axınının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir: “Manatın məzənnəsinin düşməsindən sonra Azərbaycanda turizm sektorunun qiymət rəqabətliliyinin güclənməsi səbəbindən turistlərin sayı arta bilər. Rusiyalı turistlərin Türkiyəyə gedə bilməməsi səbəbindən Azərbaycana üz tutanların sayında artım olacağı gözlənilir. Rusiyanın turizm şirkətlərinin açıqlamalarında da qeyd olunur ki, ötən illə müqayisədə bu il Azərbaycana satılan turpaketlərin sayında 90 faiz artım müşahidə olunub. Bu da onu göstərir ki, həqiqətən Rusiyadan Azərbaycana turist axını çox olacaq. Düzdür, turizm sektoru inkişaf edir, ancaq tam olaraq rəqabətə cavab verəcək səviyyədə deyil. Turizm sənayesi zəif inkişaf edib, xidmət səviyyəsi müasir tələblərə cavab vermir. Bölgələrdə turizm sektoru həm Türkiyəyə, həm də Rusiyaya görə zəif inkişaf edib. Bu istiqamətdə işlərin sürətləndirilməsinə ehtiyac var”.

Rəşad Həsənovun sözlərinə görə, əvvəllər turizm sektoru dövlət sifarişlərinə arxayın olduğu üçün istirahət mərkəzləri arasında rəqabət formalaşmayıb: “Azərbaycanda əvvəllər turizm sektoru dövlət tərəfindən yönəldilən turistlərə köklənirdi. Xüsusilə hotellər öz xidmətlərini dövlət sifarişləri üzərində qururdular. Bu baxımdan qiymətlər həddindən artıq çox idi, keyfiyyətə o qədər də diqqət yetirilmirdi. Amma hazırda dövlət xərclərinin ixtisar edilməsi nəticəsində bu sifarişlərin azalması bu sahədə müəyyən sıxıntılara səbəb olub. Artıq hiss olunur ki, turizm sektorunda rəqabət formalaşmağa başlayır. Bununla bağlı yeni təkliflər, yeni mexanizmlərin hazırlanmasına, təşviq proqramlarının həyata keçirilməsinə ehtiyac var. Azərbaycan turizmi öz işini bazar prinsipləri üzərində quran bir sektora çevrilməlidir. Hazırda turistlərin daşınması ilə bağlı problem var. AZAL müəyyən ucuz reyslərin təşkil olunması ilə bağlı işlər görür. Ancaq bu uçuşların təşkili elə qurulub ki, daha çox Azərbaycandan xaricə turist aparmağa xidmət edir, nəinki Azərbaycana turist gətirməyə. Bu istiqamətdə strategiyaya yenidən baxmağa ehtiyac var. Başqa bir məqam da odur ki, bu il Azərbaycana turist axını olsa, sürətlə qiymət bahalaşmasına səbəb olacaq. Bu isə növbəti illərdə həmin turistlərin yenidən Azərbaycan gəlməsinə əngəl törədən amillərdən birinə çevriləcək”.
Bolgexeber.com