BolgeXeber.Com » İqtisadiyyat » Manatın 24 yaşı tamam oldu

Manatın 24 yaşı tamam oldu

15-08-2016, 09:50
Oxunub: 4 349 Manatın 24 yaşı tamam olduÖlkənin müstəqilliyinin əsas atributu əvvəlki mövqeyinə qayıda biləcəkmi?

Avqustun 15-də milli valyutamız manatın 24 yaşı tamam olur. 24 ildir ki, hər bir Azərbaycan vətəndaşının həyatında iştirak edən, “əl çirki” adlandırılsa da, bir o qədər sevilən manat ölkəmizdə tədavül vasitəsidir. Qeyd edək ki, “manat” sözü, rus dilindəki “moneta” sözündən yaranıb. Bu söz isə latın dilindən alınıb və mənası “məsləhətçi” deməkdir. Onu da xatırladaq ki, Azərbaycanla yanaşı, Türkmənistanın da milli valyutası manat adlanır.

Müstəqilliyin əldə edilməsindən sonra, manat ilk dəfə 1992-ci il avqustun 15-də tədavülə buraxıldı. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlansa da, prezident Əbülfəz Elçibəyin dövründə reallaşdı. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxıldı. Eyni ildə prezidentin əmri ilə ölkənin Milli Bankı yaradıldı və 1993-95-ci illərdə istifadə olunan ilk əskinaslar tədavülə buraxıldı. 1994-cü ilin 1 yanvarından etibarən isə manat ölkə ərazisində yeganə ödəniş vasitəsi oldu. Bu banknotların dizaynı Fransa Milli Bankı tərəfindən yaradılır, orada çap edilirdi. Bu pullar 2006-cı ilə qədər qüvvədə qaldı.
2005-ci il fevralın 7-də isə prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalandı və buna uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni pul nişanları dövriyyəyə buraxıldı.

2005-ci ildə yeni növ əskinaslar buraxılırdı. 1, 5, 10, 20, 50 və 100 nominalında olan bu əskinaslar 2006-cı ilin ilk günündən etibarən dövriyyədədir. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutuldu. AZM abreviaturası isə AZN-ə dəyişdirildi. Müasir Azərbaycan valyutası 6 növ qəpik və 6 növ əskinasdan ibarətdir.

2009-cu ildə Azərbaycanın Milli Bankı öz adını banknotlar üzərində “Azərbaycan Mərkəzi Bankı” olaraq dəyişirdi. Manat uzun illər nəinki regionun, dünyanın ən bahalı və ən möhkəm valyutalarından biri olaraq tanınsa da, dünya bazarında neftin ucuzlaşmasından sonra 2015-ci il fevralın 21-də ilk böyük devalvasiya yaşadı. Mərkəzi Bankın qərarı ilə manatın 1 dollara görə dəyəri 33,8 faiz devalvasiyaya uğrayaraq 1.05 AZN təyin edildi.

Xatırladaq ki, daha öncə manatın bir dollara görə dəyəri sabit olaraq 0,78 AZN idi. 2015-ci il dekabrın 21-də isə manat üzən məzənnəyə keçdi və 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşdı. Hazırda 1 dollar 1.61 manatdır. 24 illik bir döv keçən, dövlətimizin milli atributlarından biri olan manatın tarixinə iqtisadçı ekspert Qubad İbadoğlu ilə nəzər saldıq.

Ekspert bildirdi ki, manat Azərbaycanın milli atributudur və hər zaman ölkə iqtisadiyyatının durumuna uyğun olaraq mövcud olub: “Bir vaxtlar Azərbaycanın böyük neft gəlirlərinin olduğu dövrdə manatın da nominasiyası gücləndi. O zaman bu çox düzgün addım idi. Manatın möhkəmlənməsi dövrü neft gəlirlərinin Azərbaycana daxil olduğu zamana təsadüf edirdi. Həmin dövrdə də Azərbaycan manatını stabil valyuta kimi istifadə elədik. Manatın stabillik dövründə də Azərbaycan iqtisadiyyatında neft gəlirləri hesabına bir inkişaf dövrü oldu, biznesə vəsait qoyuluşu genişləndi. Təbii ki, ölkəyə valyuta axdıqca manat da hər il möhkəmləndi”.

İqtisadçı onu da vurğuladı ki, son iki il Azərbaycan manatı üçün ağır dövr oldu: “Manat iki dəfə devalvasiyaya uğradı. Bu da iqtisadiyyatın durumu ilə bağlı idi. Ümumiyyətlə, bundan sonra da manatın durumu iqtisadiyyatımızın vəziyyətindən asılı olacaq. İqtisadiyyatda artım müşahidə olunacaqsa, manat da möhkəmlənəcək. İqtisadiyyatımız tənəzzülə qədəm qoyacaqsa, manat üçün bunun nəticəsi heç də arzuolunan olmayacaq. Arzu edərdim ki, manatı biz əvvəlki mövqeyinə qaytara bilək. Təbii ki, istehlakçı mövqeyindən də asılıdır, biznesin davranışlarından da asılıdır. Mən manatı 24 yaşı münasibətilə təbrik edirəm. Bu bizim müstəqilliyimizin yaşıdır. O dövrdə manat yeganə valyuta deyildi, hətta paralel valyutadan istifadə olunurdu. Ölkədə rus rublu işləyirdi və milli valyuta üçün bazarda işləmək o qədər də asan deyildi. İndi çox müsbət haldır ki, Azərbaycan manatı ölkədə yeganə ödəniş vahididir, milli valyutadır. Arzu edərdik ki, bank əməliyyatlarında, əmanətlərdə, kreditlərdə də Azərbaycan manatının payı yüksəlsin, manata etimad artsın. Bunun üçün də Azərbaycan iqtisadiyyatının inkişafına ehtiyac var. O gün olsun ki, manatımızın yüzilliklərini qeyd edək. Çünki o bizim müstəqilliyimizin atributudur”.