Banklar borcluları kütləvi şəkildə məhkəməyə verir
7-12-2016, 09:33
Oxunub: 4 115
Ekspertlər bildirirlər ki, kütləvi məhkəmə çəkişmələri bankların xeyrinə deyil
Ölkə banklarının durumu pisləşsə də, son ümid kimi vətəndaşlara hədə-qorxunu seçiblər. Üstəlik, banklar vətəndaşları kütləvi şəkildə məhkəməyə verərək ödənilməyən kreditlərini tələb edirlər. Bu tendensiya bir müddət səngisə də, yenidən müşahidə olunur. Ekspertlər isə bildirirlər ki, bankların məhkəməyə müraciəti çıxış yolu deyil. Bu, onsuz da bankların pisləşən durumuna kömək etməyəcək.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində əhalinin kifayət qədər böyük sayda kredit borcu var: “Ümumi kredit borcu olanların sayı 2 milyon 300 min nəfərə yaxındır. Bunun da böyük əksəriyyəti problemli kreditlər kateqoriyasına daxil olmağa başlayıb.
Çünki insanların gəlirləri azalıb, iş yerlərini itiriblər, kreditləri ödəmək qabiliyyəti aşağı düşüb. Düşünmürəm ki, yüz minlərlə insanı məhkəmələr vasitəsilə məsuliyyətə cəlb etmək, yaxud həbs etmək, hər hansı bir qərarlarla yüz minlərlə insanı banklara uduzdurmaq mümkün olacaq. Bu, mümkün olmayacaq. Günün birində hökumət orqanları, dövlət orqanları, məhkəmə sistemi də anlayacaq ki, bu qədər insana məhkəmə vasitəsilə hər hansı təzyiq göstərmək mümkünsüzdür.
Çünki bu dəqiqə istənilən rayon məhkəməsinə zəng etsək, görərik ki, banklarla bağlı işlər çoxluq və əksəriyyət təşkil edir. Bəzi bank işləri kreditlərlə bağlıdır, getdikcə də artır. Bir müddət sonra bankların, hakimlərin bu tipli işlərə baxmağa fiziki imkanı da olmayacaq. Onsuz da əvvəl-axır ciddi siyasi qərar olmalıdır, hökumət buna məcburdur. Amma vaxt uzandıqca, hökumət tərəfindən məsələnin həlli uzadıldıqca, problemli kreditlərin həcmi artır, həm bank sektorunun gəliri azalır, həm də işləmə qabiliyyətini itirir. Çünki kreditlərini geri ala bilmir, gəliri azalır və növbəti kredit xətləri açmağa imkanları tükənir”.
Ekspert Əkrəm Həsənov isə bildirib ki, bankların son vaxtlar məhkəmələrə müraciəti kütləvi hal alıb: “Əksər hallarda vətəndaşlar özlərini müdafiə edə bilmirlər. Onlar yardımsız qalanda, banklar birmənalı olaraq prosesi udurlar. Həm də banklar məhkəməni öz istədikləri kimi, istədikləri şəkildə udurlar. İstənilən halda vətəndaşın banka borcu varsa, ödəniş etmirsə, bank məhkəməyə verib udacaq. Amma söhbət ondan gedir ki, hansı məbləği tələb edəcək? Yəni bir var vətəndaş məhkəmə prosesində etiraz edib, faiz dərəcələrinin çox yüksək olduğunu bildirir, bunun azaldılmasını tələb edir. Yaxud zaminin məsuliyyət daşımadığını deyir. Mübarizə aparan vətəndaşlar prosesdə nəyəsə nail olurlar. Əgər məhkəmədə vətəndaşlar özlərini müdafiə edirlərsə, vəziyyət acınacaqlı olmur. Amma əlbəttə, vətəndaşlar özlərini müdafiə etmirlərsə, vəziyyət birmənalı şəkildə bankların xeyrinədir. Təəssüf ki, əksər hallarda məhz belədir. Vətəndaşlarda belə bir əhval-ruhiyyə var ki, bankları məhkəmədə udmaq mümkün deyil. Bu fikri banklar özləri dövriyyəyə buraxırlar. İstəmirlər ki, vətəndaşlar onlara qarşı məhkəmələrdə mübarizə aparsınlar. Amma demək olmaz ki, banklar həmişə vətəndaşları udur. Keçən həftə Antikollektor bir bankı məhkəmədə udub. Biz zamini müdafiə edirdik. Məhkəmə onu zaminlik öhdəliyindən azad etdi”.
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman