BolgeXeber.Com » İqtisadiyyat » Dollar ucuzlaşdı, bəs tikinti materialı?

Dollar ucuzlaşdı, bəs tikinti materialı?

11-02-2017, 10:39
Oxunub: 3 435  Dollar ucuzlaşdı, bəs tikinti materialı?Bəhanə ilə qiyməti artıranlar, indi də məzənnənin sabit olmadığını söyləyirlər; bazarda alıcılarla satıcılar arasında söz savaşı gedir

Son günlər manatın dollara nisbətdə bahalaşması prosesi gedir. 10 gün öncə 1 manat 90 qəpiyin üzərində olan qiymətlə satılan dolların, hazırda manata qarşı rəsmi məzənnəsi 1.73 AZN-dir.

Bəlli olduğu kimi, dollar bahalaşdıqca ölkəyə xaricdən gətirilən bütün növ məhsulların qiymətində bahalaşma müşahidə olunurdu. Bu bahalaşmadan istifadə edib yerli malların da qiymətini qaldıranlar az deyildi. Xüsusilə dolların bahalaşması daha çox tikinti materialları bazarına təsir etmişdi. Belə ki, dolların bahalaşması nəticəsində dəmirin qiymətində kəskin artım olmuş, keyfiyyəti isə işbazlar tərəfindən azaldılmışdı.

Bəs tikinti materialları bazarında hazırkı vəziyyət necədir?

Qiymətləri və ümumi durumu öyrənmək üçün paytaxt ərazisində tikinti materiallarının satıldığı yerlərdə olduq. Öyrəndik ki, dolların ucuzlaşmasından asılı olmayaraq, materialların qiymətində dəyişiklik yoxdur. Olduğumuz bir çox mağazada müştərilərin satıcılarla qiymət mövzusunda mübahisə etdiyinin şahidi olduq. Material almaq istəyən şəxslər bildirirlər ki, bazarda özbaşınalıq hökm sürür: “10 gün öncə qiymətləri qaldıran satıcılar az qalırdılar ki, ağlasınlar. Deyirdilər ki, biz qiymətləri qaldırmaq istəmirik. Camaatın vəziyyətini başa düşürük, ancaq dolların bahalaşması bizi buna məcbur edir. Çünki bütün məhsulları xaricdən gətiririk. İndi isə dollar ucuzlaşıb. Deyirik ki, bəs nə oldu? Cavab verirlər ki, biz malı dolların 1.93 AZN olduğu vaxt gətirmişik. Ona görə də ucuz sata bilmərik. Ölkədə dolların qiyməti cəmi bir neçə gün 1 manat 90 qəpikdən baha oldu. İndi bu satıcıların sözlərinə görə, guya onlar bütün mağazadakı malları elə həmin günlər ərzində gətiriblər. Ancaq təbii ki, reallıqda bu belə deyil” deyə, alıcılar bildirdilər.

Alıcılar kimi satıcıların da öz arqumentləri var. Belə ki, söhbət etdiyimiz taxta satıcısı Nemət Cəfərov bildirdi ki, alver etmək xeyli çətinləşib. Ona görə də çıxılmaz duruma düşüblər: “İndi alıcılar belə danışırlar, ancaq özlərini bizim yerimizə qoyub düşünsələr, vəziyyəti başa düşərlər. Birincisi, taxtanın qiymətində nə artım var, nə də azalma. Elə dollar 1.70 AZN olanda qiymətlər necə idisə, sonrakı bahalaşmada da eyni oldu, indi də eynidir. Çünki satıcılar pis vəziyyətdə qalıblar. Dollar gah bahalaşır, gah da ucuzlaşır. Bir dəfəlik 3 manat olsa, biz də işimizi bilərik. Yaxud da bunu bir dəfəlik 1 manat 50 qəpik etsələr, yenə də ona uyğun qiymət təyin edərik. Ancaq belə deyil. Hər həftə məzənnə bir cür dəyişir. Ona görə də satıcılar risk etmirlər. Düşünürük ki, birdən yenə qalxar ucuz satdığımız malın pulu ilə gedib yenidən mal gətirə bilmərik. Bax, əsas məsələ də budur. Bir günün içində qiymətin düşməsi ilə bazarda qiymətləri tənzimləmək olmur. Çünki məzənnə sabit deyil”.
Demək olar ki, bazar boyu hər mağazada bu cür söhbətlərə qulaq müsafiri olduq. Alıcılar dolların ucuzlaşmasını əsaslandırıb malın qiymətini endirməyə çalışır, satıcılar isə məzənnənin sabit olmadığını vurğulayıb, əllərindəki malı baha satmaq istəyirlər.

Bazardakı ümumi qiymətlərlə də maraqlandıq. Öyrəndik ki, dolların manata nisbətdə ucuzlaşması dəmirin qiymətinə cüzi də olsa təsir edib. Belə ki, ötən günlər 0.5 mm-lik dəmir lövhə 12.5 AZN-ə satıldığı halda, bu gün qiymətində 1 manat ucuzlaşma var. Ancaq bir məqamı da qeyd edək ki, manatın birinci devalvasiyasından sonra bu materialın qiyməti 9 AZN olub.

Boruların qiymətində isə artımdan sonra heç bir dəyişiklik yoxdur. Belə ki, diametri 25 mm olan borunun qiyməti bir ay öncə 2.60 AZN olduğu halda, hazırda 2.90 AZN-dir. 32 mm-lik boru bir ay öncə 3.30 AZN-ə satıldığı halda, hazırda 3.80 AZN-ə satılır. 50 mm-lik borunun qiyməti isə bir ay ərzində 70 qəpik bahalaşaraq 5.70 AZN olub. Armaturun da qiyməti artımdan sonra dəyişməz qalıb. Belə ki, təxminən bir ay öncə tonu 760 AZN olan armatur hazırda 800 AZN-ə satılır.

Divar kağızlarının (oboy) qiymətində enmə yoxdur. Bazarda 10-30 manat arasında qiymətlərlə bu növ materialı almaq olar. Gipsin 40 kiloqramlığının qiyməti 5 AZN, 30 kiloqramlığı isə 4 AZN-ə satılır. Taxtanın isə kubu 270-280 AZN-ə satılır.

Nəticə olaraq qeyd edə bilərik ki, dolların manata nisbətdə bahalaşması ilə artan qiymətlər, dolların ucuzlaşmasından asılı olmayaraq, elə baha olaraq da qalıb.