BolgeXeber.Com » İqtisadiyyat » Vəziyyət absurdlaşır - Banklar dolları “barmağına dolayır”: kim hansı qiymətə istəyirsə...

Vəziyyət absurdlaşır - Banklar dolları “barmağına dolayır”: kim hansı qiymətə istəyirsə...

15-02-2017, 10:42
Oxunub: 5 296 Vəziyyət absurdlaşır - Banklar dolları “barmağına dolayır”: kim hansı qiymətə istəyirsə...Ekspertlərin fikrincə, tezliklə “qara bazar” yenidən fəaliyyətə başlaya bilər

Banklar iki aydan artıq müddətdir ki, dolları fərqli qiymətə satırlar. Marjanın ləğvindən sonra banklar dolların alış və satış qiymətini özləri müəyyənləşdirməklə vətəndaşlara və biznesə daha ciddi problem yaratmağa başlayıblar. Hətta eyni bankda dolların alış-satış qiyməti arasında fərq böyükdür. Üstəlik, banklar dolları bir-birindən xeyli fərqli qiymətə satırlar. Bu qiymətlərin isə gün başlanan kimi açıqlanmaması vətəndaşları və sahibkarları xeyli əziyyətə salır, onlar banklar arasında qiymət fərqinə görə seçim edə bilmirlər. Ekspertlər məsələ ilə bağlı musavat.com-a fikirlərini bildiriblər.

Ekspert Natiq Cəfərli bildirib ki, bununla bağlı vəziyyət ciddidir: “Əslində Mərkəzi Bank dörd faizlik marjanı ləğv etdi. Əsas məqsədi o idi ki, ”qara bazar"ın qarşısını alsın, “qara bazar”a valyuta axını dayandırılsın. O nöqteyi-nəzərdən, doğru qərar idi ki, “qara bazar”da daha yüksək məzənnə olacaqdısa, o dörd faizlik marja banklara daha baha dollar satmağa mane olurdu. Onlar da “qara bazar” vasitəsilə əməliyyatların həyata keçirilməsində maraqlı olurdular. Bu marja götürüldükdən sonra növbəti addım kimi rəqabətli mühitin genişlənməsi olmalı idi. Yəni valyutadəyişmə məntəqələrinin yenidən açılması, rəqabətli mühitin yaradılması olmalı idi. Yüzlərlə valyutadəyişmə məntəqəsi olanda ən azından, bu qədər ciddi fərqlər olmayacaqdır. Vətəndaşın seçim imkanları artacaqdı. Bu, baş vermədi. Buna görə də banklar marjanın ləğvindən satış üçün daha baha məzənnə müəyyən etməyə, daha ucuz alıb daha baha satmağa üstünlük verdilər. Bunun da təbii ki, ciddi ziyanı vətəndaşa dəydi. Bazara ciddi bir təsiri olmadı, amma vətəndaşlara ziyanı oldu. Vətəndaşlar məcbur olurlar şəhərin müxtəlif istiqamətlərində sərfəli banklar axtarırlar. Vətəndaş əgər dollarlarını satmaq istəyirsə, nə yaxşı məzənnə olan bank axtarır, almaq istəyəndə də yenə ən normal qiymətə, aşağı qiymətə sata bilən bank axtarırlar. Bu da vətəndaşlar və biznes üçün çox böyük çətinliklər yaradır. Yəni marjanın ləğvindən sonra ikinci addım kimi rəqabətli mühitin təşviq olunması addımı olmalı idi. Təəssüf ki, bu, baş vermədi".

Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında bildirib ki, bu gedişlə “qara bazar” yenidən aktivləşə bilər: “Bu ilin əvvəlindən Mərkəzi Bank dörd faizlik marjanı yığışdırıb. Marja tələbi yoxdur. Buna görə banklar istədiyi məzənnə ilə valyuta sata bilirlər. Bankların əslində bu hərəkəti manatın həqiqətdə möhkəmlənmədiyindən xəbər verir. Növbəti devalvasiyanı qaçılmaz edir. Çünki banklar bu dəqiqə dolları ucuz alırlar, baha satırlar. Banklar dolları çox ucuz alırlar, hətta bəzi banklar 1,60-dan da aşağı alırlar. Satış isə bahadır, 1,80-dən da çoxdur. Yəni 20 qəpikdən də çox fərq var. Banklar bunda maraqlıdırlar, dollarları ucuz qiymətlə əhalidən yığırlar. Amma özləri dolları ucuz alırlar və baha satırlar. Bilirlər ki, devalvasiya qaçılmazdır və bu məzənnədən pul qazanmaq istəyirlər. Amma yenə hamı bilməlidir ki, bu, istənilən halda çox davam edə bilməz. Yəni əks halda, ”qara bazar" yenə aktivləşəcək. Çünki bank dolları 1,60-a alıb 1,80-nə satırsa, onda “qara bazar” 1,65-ə alıb 1,75-ə satmağa başlayacaq. Bu halda da hamı valyuta alverini məhz “qara bazar”da edəcək. Ona görə bu, çox davam edə bilməz, ya “qara bazar” aktivləşəcək, ya da axır ki, hökumət devalvasiyaya gedəcək və bununla qiymət stabilləşəcək".