BolgeXeber.Com » İqtisadiyyat » ƏMDK-də “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib

ƏMDK-də “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib

18-01-2018, 16:01
Oxunub: 2 811 ƏMDK-də “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilibƏmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib

Komitədən Bolgexeber.com-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

ƏMDK-nın sədr müavini Rüstəm Şahbazov bildirib ki, milli dövlətçiliyimizin bərpasında şanlı səhifələrdən biri olan 20 Yanvar xalqımızın demokratiya uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. Ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsində ciddi dönüş nöqtəsi oldu. 1990-cı ilin 19-20 yanvarında baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayəti idi. Həmin gün xalqımız üstünə şığıyan sovet ordusuna qarşı sinəsini verərək, öz mənliyini və mətinliyini nümayiş etdirdi.

Bildirilib ki, məhz bununla Azərbaycan xalqı müstəqillik mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda canından keçmək əzmində olduğunu göstərdi. Beləcə, 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsinə çevrildi.

Qeyd edilib ki, xalqımızın inadlı tələbinə baxmayaraq, 1993-cü ilə kimi ölkəmizə rəhbərlik edən şəxslərdən heç biri 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsi üçün tədbir görmədi. Məhz ilk olaraq ümummilli lider Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə əsl hüquqi-siyasi qiymət verildi. Ulu Öndər bütün təzyiqlərə və təqiblərə baxmayaraq, xalqın faciəsində məsuliyyət daşıyanları bütün dünyanın gözü qarşısında ittiham etdi. Diqqətə çatdırılıb ki, totalitar rejimin repressiya maşınının sərtliklə işə düşdüyü bir zamanda keçmiş SSRİ və respublika rəhbərliyini, hadisəyə görə kəskin ittiham etmək böyük risk idi. Buna baxmayaraq, ulu öndər Heydər Əliyev Moskvadakı çıxışında kommunist rejiminin gerçək simasını açdı. Xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirdi, bu siyasətə qəti etirazını ifadə etdi.

Vurğulanıb ki, bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətini layiqincə davam etdirir. Belə ki, dövlət başçısı tərəfindən 1990-cı il yanvar ayında faciəli hadisələr zamanı Azərbaycan Respublikasının suverenliyi uğrunda həlak olanların əziz xatirəsi daim yad edilir. Prezident İlham Əliyev tərəfindən şəhid ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə müvafiq Fərmanla "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və müstəqillik uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu amansız hərəkəti nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törədildi, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar və qadınlar qətlə yetirildi, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti aldı. 20 Yanvardan sonrakı günlərdə də Bakıda qırğın davam etdirildi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 147 mülki vətəndaş öldürülüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 adam yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

Ancaq buna baxmayaraq, 20 Yanvar günü xalqımızın milli dövlətçilik uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi Azərbaycanı müstəqilliyə aparan yol oldu. Təpədən dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi. Beləliklə 20 Yanvar hadisələri ölkəmizin müstəqillik və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq salnaməsi kimi daxil oldu.

Tədbirdə qeyd olunub ki, gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqın yaddaşından heç zaman silinməyəcək.
Bolgexeber.com
ƏMDK-də “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib
ƏMDK-də “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib