BolgeXeber.Com » İqtisadiyyat » Torpaqların Elektron Kadastr Uçotu işlərinin yekunlaşdığı rayonlara Kürdəmir də əlavə olundu

Torpaqların Elektron Kadastr Uçotu işlərinin yekunlaşdığı rayonlara Kürdəmir də əlavə olundu

24-10-2018, 12:13
Oxunub: 3 063 Torpaqların Elektron Kadastr Uçotu işlərinin yekunlaşdığı rayonlara Kürdəmir də əlavə olunduBütün rayon və şəhərlər üzrə dəqiq kadasr uçotu işlərinin aparılması ölkə ərazisində mövcud torpaq fondunun düzgün idarə edilməsinə şərait yaradır

Görülən işlər nəticəsində regionlar üzrə torpaq sahələrinin hüdudları dəqiq müəyyən olunur, bu da onların təyinatından kənar istifadə hallarının qarşısını alır. Torpaqların keyfiyyət göstəriciləri ilə bağlı dəqiq məlumatların sistemə yerləşdirilməsi isə kənd təsərrüfatı üzrə daha uğurlu fəaliyyətə zəmin yaradır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin əsas funksiyalarından biri istifadəçilər tərəfindən dəqiq məlumatların sürətli formada əldə edilməsidir.
Torpaqların Elektron Kadastr Uçotu işləri ölkə üzrə artıq 26 rayonda yekunlaşıb. Hər bir rayonda praktiki istifadəyə verilən layihə üzrə görülən işlər və nəticələr barədə ictimai təqdimatlar keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kadastr uçotu işləri bu dəfə Kürdəmir rayonunda yekunlaşıb. Bununla əlaqədar rayon üzrə reallaşan layihənin nəticələri, üstünlükləri və gələcək perspektivlərinin müzakirə olunması ilə bağlı tədbir keçirildi. Təqdimatda komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etdi.
Qeyd edildi ki, aparılmış uçot işləri Kürdəmir rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 100.7 min hektar torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Müəyyən olunub ki, 43.5 min hektar bələdiyyə, 13.1 min hektar dövlət, 44.1 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 73.5 min hektara yaxını (72.9%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 54.3 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 46.2 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər digər uqodiyaların hesabına artaraq 54.3 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 6.2 minə yaxının torpaq ölçüləri 1.0 hektaradəkdir. Bu da torpaq sahələrinin konsolidasiyasını və birləşməsini zəruri edir.

Layihə çərçivəsində Kürdəmir rayonundakı torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri də müəyyən olunub, torpaq sahələrinin iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı informasiya bazasi yaradılıb. Eləcə də ərazilər üzrə münbitlik səviyyəsini və ya hansı torpaqların şorlaşmaya məruz qaldığını göstərən geobotanik, eroziya və relyef xəritələri tərtib edilib. Yaradılan məlumat bazası və hazırlanan xəritələr Kürdəmir rayonunda mövcud torpaq sahələrindən kənd təsərrüfatı üzrə səmərəli istifadəni təmin edəcək.
Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bələdiyyələrin hesabında olan torpaq sahələri ilə bağlı məlumatlar müəyyən edilib. Belə ki, bu torpaqların yerləşdiyi ərazilər, sahə və sərhədlərinin dəqiqləşməsi sakinlərin qanuni sənədlər üzrə sahib olduqları ərazidən fərqli istifadə hallarını aradan qaldırır.
Tədbirin sonunda kadastr uçotu işlərinin nəticələri və praktiki istifadəsi ilə bağlı suallar layihənin mütəxəssisləri tərəfindən cavablandırıldı.
Bolgexeber.com
Torpaqların Elektron Kadastr Uçotu işlərinin yekunlaşdığı rayonlara Kürdəmir də əlavə olundu
Torpaqların Elektron Kadastr Uçotu işlərinin yekunlaşdığı rayonlara Kürdəmir də əlavə olundu