BolgeXeber.Com » İqtisadiyyat » Mağazalarda "alınan mallar geri qaytarılmır" yazılı lövhələrin olması qanunauyğundurmu?

Mağazalarda "alınan mallar geri qaytarılmır" yazılı lövhələrin olması qanunauyğundurmu?

2-11-2019, 09:39
Oxunub: 3 406 Mağazalarda "alınan mallar geri qaytarılmır" yazılı lövhələrin olması qanunauyğundurmu?Bakının bəzi mağazalarında “alınan mallar geri qaytarılmır” yazısının olduğu lövhələrə rast gəlmək mümkündür

İstehlakçılar bu cür mağazalara daxil olub mal almaqdan bir qədər ehtiyat edirlər. Bəs mağazalarda “alınan mallar geri qaytarılmır” yazısının olması qanunauyğundurmu və istehlakçıların hüququnu pozurmu?

Məsələ ilə bağlı e-huquq.az-a açıqlama verən vəkil Roman Qaraşov deyib ki, ümumiyyətlə qaytarıla bilinən və qaytarıla bilinməyən mallar var.

Onun sözlərinə görə, bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı var: “Nazirlər Kabineti "Azərbaycan ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında" Qərarı ilə dəyişdirilməsi mümkün olmayan malların siyahısını təsdiq edib. Bu siyahıya qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr),parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir. Siyadakı mallar heç bir halda geri qaytarılmır”.

Vəkil diqqətə çatdırıb ki, “alınan mallar geri qaytarılmır” yazısı əgər Nazirlər Kabinetinin təqdim etdiyi siyahıdakı mallarla bağlıdırsa, burada məhdudiyyət yoxdur və belə lövhələrin qoyulması mümkündür.

R.Qaraşovun sözlərinə görə, ancaq digər hallarda bu cür məhdudiyyət tətbiq etmək olmaz: “Çünki bu, birbaşa istehlakçıların hüququnun pozuntusudur. İstehlakçı hüququnun pozulduğunu əsas gətirərək İqtisadiyyat Nazirliyinə müraciət edə və ya həmin mağazanı məhkəməyə verə bilər”.

O qeyd edib ki, siyahıda qeyd edilməyən digər məhsulların isə 14 gün ərzində qaytarılması mümkündür: “Mülki Məcəllənin 623-cü və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddələrində alınan malın geri qaytarılması məsələləri tənzimlənir. Belə ki, alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün müddətində bu hüququnu həyata keçirə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər”.

Məftun Salmanov