BolgeXeber.Com » Fotoqalereya » Femidanın qapısında zorlanan haqq və ədalət-Fotolar

Femidanın qapısında zorlanan haqq və ədalət-Fotolar

4-11-2013, 12:45
Oxunub: 5 707 Redaksiyamıza Kürdəmir rayon, Qaraqocalı kənd sakini Yadigar Qurbanov Qeydar oğlu tərəfindən baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova ünvanlanmış şikayət məktubunun və DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin rəisi Sərvər Mehrəliyev tərəfindən göndərilmiş cavab məktubunun surətləri daxil olmuşdur.Qeyd edək ki,şikayət məktublarında Yadigar Qurbanovun öz bacanağı-Əhmədov Davud ,onun tanışları Babək və Arif tərəfindən tərəfindən aldadılması ,bu barədə Kürdəmir rayon polis şöbəsinə və prokurorluğuna ərizə ilə müraciət etməsinə baxmayaraq material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə əsassız olaraq çıxarılan qərara etirazı öz əksini tapır.Şikayətçinin ixtisarla verdiyimiz məktubunda bunlar bildirilir:

“Yazaraq sizə bildirirəm ki, Əhmədov Davud Cəmalləddin oğlu qonşu kənddə yaşayır, 2-ci dəfə mənim baldızımla evlənərək, mənimlə qohum olmuşdur. Davud Əhmədov mənə bildirdi ki, onun yaxşı dostları vardır, oğlumu polisə işə düzəldə bilər.

O, oğlumu Mühafizə polisinə işə düzəltmək üçün məndən əvvəlcə beş min manat, sonra isə yeddi min manat alacağını bildirdi. Üç – dörd gün keçdikdən sonra Davud Əhmədov bizə evə gəldi və mən,düzəltdiyim 5.000 (beş min) manat pulu həyat yoldaşımın yanında Davuda verdim.Sonra mən Davud Əhmədovun avtomobilinə oturub onlarla birlikdə Bakı şəhərinə gəldim. Şəhərə çatdıqda Davud, Babək adlı tanışı ilə telefon vasitəsi ilə danışdı. Babəkin yaşadığı, əvvəllər xarici pasport idarəsi yerləşən yerin yaxınlığındakı 5 mərtəbəli binanın həyətinə gəldik. 5-10 dəqiqədən sonra Babək gəlib maşına əyləşdi.

Sonra Milli Bankın qarşısında Arif adlı şəxsi götürüb Yasamal rayonu, Lider TV-nin yaxınlığında yerləşən (keçmiş polis rəisinə məxsus) kafedə görüşdük. Aldığı 5.000 (beş min) manat pulu Babəkə verdi, o isə pulu sayaraq həmin puldan 1000 (bir min) manatını Davuda verdi və bildirdi ki, xırda xərclər üçün ona lazım olacaq.
Onlar hər ikisi yenə də oğlumu işə düzəldəcəklərinə vəd verdilər.Bundan sonra mən Rusiya Federasiyasına getdim.

Bakıda olarkən Arif oğlum Aqşini AR DİN-nin Baş Mühafizə İdarəsinə aparmış, polkovnik rütbəsində olan, Arifin yaxın dostu Yaşar Nuriyev adlı zabitlə görüşmüş, həmin zabit isə onları qəbul otağında qəbul edərək, onlara işin alınmadığını bildirmişdir. 2013-cü ilin yanvar ayının 5-də bacanağım Adilin oğlunun “əsgərgəldi” məclisində Davud iki baldızım və baldızım qızı ilə mübahisə etmiş,onların ikisinə də bıçaqla bədən xəsarəti yetirmiş və hadisə ilə əlaqədar Kürdəmir Rayon Polis Şöbəsində Davuda qarşı cinayət işi açılmışdır. Rusiyada olduğum zaman Davud zəng vuraraq, məndən bir ağsaqqal kimi kömək istədi.

2013-cü ilin aprel ayında mən Kürdəmir rayonuna qayıtdım. Davudla görüşüb işin nəticəsini və verdiyim beş min manatın qaytarılmasını tələb etdim.Lakin Davud mənə bildirdi ki, 5.000 (beş min) manatın üstünü düzəldib 12.000 (on iki min) manat edərək, özünü həbsdən qurtarmaq üçün həmin pulu müstəntiq Hüseyn Məsimliyə verib.Davudun təkidi və hədə- qorxusu, ailəsini boşamaq hədəsi ilə o məcburi olaraq baldızım və baldızım qızından barışıq ərizəsi almışdır ki, həmin barışıq ərizəsi verildikdən sonra ona qarşı qaldırılan cinayət işi xitam olunmuşdur.

Bir sözlə Davud bir dəstə cinayətkar qrup, yəni Babək və Ariflə birləşərək mənim etibarımdan sui-istifadə etmiş, mənə qarşı dələduzluq əməli törədərək mənim beş min manat pulumu mənimsəmişdir. Yazdığım şikayət ərizəsi ilə əlaqədar Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı İkram məndən izahat aldı. Həmin vaxt Davud da otaqda idi. O, Davudu çölə çıxartdı .İzahat alarkən onun mobil telefonuna zəng gəldi. Danışdıqdan sonra bildirdi ki, o Davudla danışıb və Davud pulun qaytarması üçün üç –dörd gün vaxt istəyir. Mən izahatımı yazıb qurtardıqdan sonra təhqiqatçı İkram məni arxayın edərək pulumun qaytarılacağına söz verdi və bildirdi ki, üç –dörd gündən sonra onunla əlaqə saxlayım.Lakin üç –dörd gündən sonra məm İkramla əlaqə saxladıqda o bildirdi ki, Davud pulu qaytarmaqdan imtina edir.

Aradan 10 gün keçdikdən sonra İkram mənə zəng vurdu və bildirdi ki, işi artıq istintaqa göndərmişdir.Sonra Kürdəmir rayon polis şöbəsinin müstəntiqi polis leytenantı Ziya Əhmədov məni polisə şöbəsinə dəvət etdi.O mənim izahatımı aldı və bildirdi ki, Davud Respublika Prokurorluğuna təhqiqatçı İkram və müstəntiq Hüseyn Məsimlidən şikayət ərizəsi yazıb. Müstəntiq bildirdi ki, prokurorluq işi ondan götürüb.

Davud ərizədə göstərmişdir ki, məndən aldığı beş min manat pulu müstəntiq Hüseyndən alıb guya təhqiqatçı İkrama vermişdir ki,o həmin 5.000 (beç min) manat pulu Yadigara çatdırsın.Nəticədə mənə məlum oldu ki, Davud, Arif və Babək mənim etibarımdan istifadə edərək qrup şəklində dələduzluq cinayəti törətmişlər. Ərizənin araşdırması ilə əlaqədar həm təhqiqatçı, həm də müstəntiq tərəfindən iki ay müddətində səthi araşdırmalar aparılmış, prokurorun verdiyi yazılı tapşırıqların heç biri icra olunmamış, material üzrə cinayət işinin əsassız olaraq başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur.
Bundan başqa müstəntiq Azərbaycan Respublikasının CPM-nin tələblərini pozmuşdur. Belə ki, onun 31 iyul 2013-cü il tarixdə qəbul etdiyi, cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarı mənə qanunda nəzərdə tutulan müddətdə verilmədiyindən mənim hüquqlarımı pozmuşdur.


Həmin qərarın məzmunundan aydın görünür ki, müstəntiq araşdırmasını tam aparmamaqla yanaşı, qərəzli və birtərəfli, cinayətkar qrupun xeyrinə aparmışdır. Davud, cinayətkar dəstənin üzvləri Arif və Babəki guya tanımadığını bildirib.Halbuki Davudun onlarla mütəmadi və konkret məlum vaxtlarda mobil telefon danışıqları olub. Ancaq buna baxmayaraq müstəntiq öz marağı naminə həmin nömrələrin və nömrələr vasitəsilə Babəkin və Arifin müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, polis şöbəsinə məzmunsuz, formal tapşırıq yazmaqla kifayətlənmişdir.
Bundan əlavə oğlum Aqşin izahatında Babəklə və Davudla birlikdə Baş Mühafizə İdarəsinə gəldiklərini, idarənin rəis müavini polkovnik rütbəli “Nuriyev” soyadlı şəxslə görüşdüklərini, onun işi ilə əlaqədar söhbət etməklərini göstərməsinə baxmayaraq, müstəntiq bu faktı araşdırmamış, Nuriyevin izahı alınmamış, onun vasitəsilə Arifin kim olmasını və sair halları müəyyən etməmişdir”.


Qeyd edək ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə hal-hazırda polis polkovniki Yaşar Nuriyev ,DİN-in Baş Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad olunaraq DİN-in Nəqliyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Bundan başqa mənbə bildirir ki, Yaşar Nuriyev bu vəzifəyə təyin olunmazdan əvvəl bir müddət öz yaxın qohumlarının vasitəsi ilə icra başçısı vəzifəsinə təyin olunmaq üçün çalışıb,hətta o hal-hazırdakı vəzifəsində Kürdəmir RPŞ-in yeni rəisi təyin olunan polis polkovniki Oqtay Məmmədovu əvəz edir.

Yaşar Nuriyevin yaxın dostu olan Arif adlı şəxs də, Yadığar Qurbanovun etibarından sui-stifadə edərək 5 min manat pulun mənimsəməsində bilavasitə iştirak edib.Mənbə bildirir ki, Arif əvvəllər Qazaxstan Respublikasının vətandaşı olub.Orda ağır çinayət törədiyinə görə qaçıb Azərbaycana gəlib və Bakıda məskunlaşaraq öz cinayət əməllərini burda da davam edib.
Bu məsələdə diqqəti çəkən məqamlardan biri odur ki,Davudun əvvəllər məclisdə iki nəfərə bıçaqla bədən xəsarəti yetirməsi, məsuliyyətindən yaxa qurtarmaq üçün 12.000 AZN rüşvət verilməsi, həmin fakt üzrə qəbul edilmiş qərarın materiala əlavə edilməsi və sair barədə prokurorluğun göstərişləri icra edilməmiş, Yadigar Qurbanovun qızı Günel Qurbanova və digər şəxslərin izahatları alınmamışdır.

Maraqlıdır ki,Əhmədov Davudun, Arif adlı şəxsin, Qurbanov Aqşinlə birlikdə DİN-in Baş Mühafizə İdarəsində qəbul otağında “Nuriyev”lə görüşmələri ilə əlaqədar qəbul otağında videogörüntünün əldə olunması istiqamətində müstəntiq heç bir iş görməmişdir.
“Mənə elə gəlir ki, müstəntiq və bu material üzrə tapşırığa cavab yazan polis əməkdaşları bu işdə maraqlıdırlar.Onlar öz şəxsi maraqlarına naminə cinayətkarların müəyyən edilib ifşa olunması istiqamətində lazımı tədbirləri yerinə yetirməyiblər və bununla mənim hüquqlarım kobud surətdə pozulmuşdur.

Buna görə də müstəntiq Ziya Əhmədov ,qəbul edilmiş 31 iyul 2013-cü il tarixli qərarın ləğv edilməsi, material üzrə araşdırma aparılmasını və cinayət işi başlanması və işin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya ilə mübarizə idarəsində və yaxud Azərbaycan Respublikası DİN-də istintaq edilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir”,- Yadigar Qurbanov bildirir.
Qeyd edək ki, DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin rəisi Sərvər Mehrəliyev tərəfindən göndərilmiş cavab məktubunda Yadigar Qurbanova bildirilib ki, müraciətdə göstərilən və digər xüsusatların tam, hərtərəfli araşdırılması məqsədi ilə qəbul edilmiş qərarın ləğv olunması barədə Baş Prokurorluq qarşısında vəsatət qaldırılmış,müraciət vəsatətlə prokurorluğa göndərilmişdir.

“Bildiririk ki,aldadılaraq pulunuzun ələ keçirilməsi və digər qanunsuzluqlar barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığınız 18 avqust 2013-cü il tarixli müraciətə baxılaraq 29 avqust 2013-cü il tarixli 007-6192Q-3213 nömrəli məktubla aidiyyəti üzrə Kürdəmir RPŞ-yə göndərilmişdir”,-cavab məktubunda qeyd olunub.

Bütün bu müraciətlərə və ortada çoxsaylı faktlara baxmayaraq işinə obyektiv baxılmadığından Yadigar Qurbanov ikinci dəfə baş prokurora müraciət etmişdir: “...sizin ünvanınıza göndərdiyim ərizə Kürdəmir r-n prokuroru Əlixan Əliyev tərəfindən nəzarətə götürülərək Kürdəmir RPŞ-in müstəntiqi Ziya Əhmədovun çıxartdığı rədd qərarına, bütün ərizələr arxivdə olan işə əlavə olunmuşdur, lakin bununla bağlı heç bir qərar qəbul edilməmişdir. Hansı ki, mən həmin qərarın ləğv edilməsi və yenidən araşdırma aparılmasını tələb etmişdim.Ancaq bununla əlaqədar rayon prokuroru Əlixan Əliyev heç bir tədbir görməmişdir. Bunun səbəbi də güman edirəm bu işdə onun cinayətkar Davud Əhmədovun qarşısında gözü kölgəli olmasıdır.

Bu səbəbdən Davud Əhmədov barəsində cinayət işi 2 dəfə xitam olunumuşdur.Qeyd edim ki, istintaqa və təhqiqata rayon prokuroru Əlixan Əliyev özü nəzarət edib və Davudun dediyinə görə prokuror Əlixan Əliyev bu işə görə rüşvət alıb.

Məlumat üçün bildirirəm ki , yalnız Ədalətli Babək ,o da DİN –in Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən küllü miqdarda narkotik maddələr saxlanmasına görə həbs olunmuşdur və onun barəsində hal-hazırda istintaq aparılır.
Məhz bu səbəblərdən sizə müraciət edərək bu işin yenidən araşdırılmasını və rayon prokuroru Əlixan Əliyev barəsində qanuni tədbir görülməsini xahiş edirəm”.

Şikayətçi Qafqaznews.az-a həmçinin onu da bildirdi ki,əgər bu işə əvvəlki kimi hüquqi qiymət verilərsə, o artıq dövlət başçısına müraciət etməyə məcbur olacaq.
Ardı var ,bizi izləyin.Yazıda adları çəkilən hər bir şəxsin fikirini dinləməyə hazırıq

Qafqaznews.az