BolgeXeber.Com » Müsahibə-Reportaj » Kəramət Salayev :”Azərbaycanda böyük güclərin oyunları gedir”-Müsahibə

Kəramət Salayev :”Azərbaycanda böyük güclərin oyunları gedir”-Müsahibə

2-02-2014, 18:40
Oxunub: 5 198 Bolgexeber.com-un bugünkü müsahibi Doğru Yol Partiyasının sədri Kəramət Salayevdir.

─Kəramət bəy, Azərbaycanda çoxsaylı partiyaların fəaliyyət göstərdiyi bir zamanda Doğru Yol Partiyası hansı zərurətdən yarandı və partiyanın əsas məramı nədir?

─Doğru Yol Partiyası 2013-cü ilin avqustunda elan olunub. Doğru Yol Partiyasının hal-hazırkı bir çox üzvləri əvvəllər Acıq Cəmiyyət Partiyasında təmsil olunublar. Lakin sonradan partiya rəhbərliyi ilə patiyanın idarə olunmasında və mübarizə metodlarında fikir ayrılığı əmələ gəldi və bu düşüncədə olan bir çox partiya üzvü ,həmin dönəmdə ölkədə mövcud şəraitin təsiri altında intensiv müzakirələr aparmağa başladı. Müzakirələr zamanı belə qənaətə gəldik ki, ya mövcud situasiyanın diqtəsini qəbul edib geri çəkilməliyik, ya da bunu görüb mübarizəyə davam etməliyik. Bu zaman ayrı bir təşkilat formasında birləşmək zərurəti yarandı. Bizim mübarizəni , mövcud partiyalarda davam etmək istəməməyimizin səbəbi metodlarımızın onlardan fərqli olmasıdır. Onu da açıq etiraf etmək lazımdır ki, hal-hazırda həm iqtidarı, həm də müxalifəti təmsil edən qüvvələr daha çox beynəlxalq maliyyə, siyasi qurumların təsiri altında olan qruplardır. Keçirilən seçkilər də onu göstərir ki, mövcud hakimiyyət xarici güclərdən asılı, müstəqil siyasət iqtidarında olmayan hakimiyyətdir. Biz bu reallığı qəbul edərək istəyirik müxalifət xalqa söykənsin, iqtidar da idarətetmədə Azərbaycan xalqının iradəsini nəzərə alsın. Bu baxımdan Doğru Yol Partiyası hər iki tərəfdən fərqli, milli dəyərlərə söykənən siyasi ideologiyaya əsas önəm veririk. Bizim üçün həmçinin cəmiyyəti maarifləndirmək prioritet məsələlərdən biridir.

─Partiyanızın yolunun ölkədəki müxalifət partiyaların yolundan əsas fərqi nədədir?

─Bizim mövcud müxalifət partiyalarından əsas fərqimiz odur ki ,onlar liberal dəyərlərə önəm verirlər.Əgər onlar xarici maliyyə qurumlarının, siyasi çevrələrin təsiri altında siyasi mübarizəni imitasiya etməklə məşğuldurlarsa, biz Azərbaycan xalqının milli dəyərlərini əsas götürüb ölkəyə Amerikadan, Avropadan gələn yad elementlərin qarşısına, onlara alternativ olaraq milli dəyərlərimizi qoymaqla mübarizə aparmaq əzmindəyik. Bu məsələnin ideoloji tərəfidir. Siyasi məqsəd isə yaxın gələcəkdə seçkilərdə iştirak etmək və hakimiyyətdə təmsil olmaq üçün savadlı və bacarıqlı kadrlar yetişdirməkdir.

─Doğru Yol Partiyasını siyasi xarakterinə görə hansı partiyaya aid etmək olar?

─Azərbaycanda hal-hazırda əsasən iki əsas ideologiyanın ön plana çəkilməsi prosesi gedir. Bunlardan biri sol, digəri ,ondan daha güclüsü isə liberal demokratiyadır. Yaxın zamanlarda hesab edirəm bu idelogiyaların ikisi də öz aktuallığını itirəcək. Azərbaycanın siyasi, tarixi keçmişinə baxdıqda görmək olur ki, xalq liberal dəyərlərdən çox milli düşüncə ideologiyasına üstünlük verir. Eyni zamanda xalq “soisalist” də deyil. Bu baxımdan biz mühavizəkar-demokrat olaraq digər partiyalardan tam fərqli siyasət aparırıq. Bunun üçün də biz 1911-ci ilin Müsavat partiyasının, o cümlədən də 1988-ci ildə Sovet hökumətinə qarşı başlanan milli azadlıq hərəkatının, AXC-nin qarşısına qoyduğu hədəfləri öz hədəflərimiz hesab edirik. Təəsüf ki, qeyd etdiyim hər iki tərəf bu hədəflərdən artıq imtina ediblər. Onu da qeyd edim ki, keçən əsrin əvvələrində Müsavat partiyası xaricdən heç bir maliyyə yadımı almayıb ,ancaq bununla belə uğurla fəaliyyət göstərərək hakimiyyətdə yüksək səviyyədə təmsil olnublar.

─Sizin partiyanı müxalif partiya adlandırmaq olarmı?

─Bəli, ancaq biz konkret hanısa siyasi qüvvəyə deyil , sistemə müxalifik. Hal-hazırda qarşımıza qoyduğumuz məqsəd müxalifətin və iqtidarın ideologiyasından fərqli olaraq tam xalqa söykənən siyasi qüvvələrin hakimiyyətə gəlməsinə çalışmaqdır.

─Məqsədinizə çatmaq üçün sizin partiyanın konkret proqramı varmı?

─Biz Azırbaycan xalqının nicatını xarici diqtələrin qarşısını almaqda görürük. Azərbaycan tam mənada müstəqil dövlət deyil. Bu baxımdan biz xalqın milli-siyasi dövlətçilik təfəkkürünün inkişafını qarşımıza məqsəd qoymuşuq. Bizim təbliğatımız millətin özünə olan inamını bərpa etməyə hesablanıb. Biz öz keçmişimizə arxalanan dövlətimizi gücləndirə və qüdrətli demokratik ölkəyə çevirə bilərik. Biz nicatımzı Avropada deyil, müsəlman aləminin , türk dünyasının birliyində görürük. Xalqın nicatını biz Şərq mədəniyyətinə qayidişda görürük və hesab edirəm ki, təcrübə baxımdan xalqımızın kifayət qədər tarixi ənənələri var.

─Fəaliyyət göstərdiyi müddət ərzində bir siyasi təşkilat kimi hansı işlər görmüsünüz ?

─Biz bu kiçik müddət ərzində bir sıra təşkilti məsələləri həll etmişik. Qarşımıza qoyduğumuz siyasi-ideoloji ideologiyanı insanlarımıza çatdırdıqca çox böyük dəstək gördük. Bizim partiyanın məramı ilə tanış olduqda Azərbaycanda siyasətə marağı ölən insanlarda siyasi mübarizəyə maraq oyanmasının müşahidə etdik. İnsanlar artıq bizim ideyaları qəbul edirlər və çıxılmazlıq sindromundan bir növ çıxırlar. Bir çoxları get-gedə başa düşür ki, həqiqəqtən ölkənin siyasi müstəvisində müsbət dəyişikliklərin baş verməsi üçün hamımızın həmrəyliyinə, milli birliyə ehtiyac var. Biz çox hörmətlə qarşılanırıq . Mən ad çəkmək istəmirəm , amma , hətta digər partiyaların bir çox üzvləri , fəalları belə bizim ideayalarımzı bəyənirlər, qəbul edirlər.Vacib deyil ki, bu gün partiyaya güclü axın olsun. Biz hələ təşkilatlanmanın ilkin mərhələsindəyik. Əsas odur ki, biz insanlar hər yerdə bizimlə razı olduqlarını bildirirlər və bu bir daha partiyanın qarşısına qoyduğu məqsədlərinin düzgün olmasını sübut edir. İnsanlarımızda yaranan ümidsizliyin kökündə hakim partiyanın represiv metodlardan istifadə etməyindən çox, müxalif mövqedə dayanan siyasi qrupların xalqa qeyri-səmimi vədlər verməsidir. Etiraf etmək lazımdır ki, Azərbaycanda böyük güclərin oyunları gedir.

─Dediklərinizdən belə çıxmır ki, sizin ideologiya özündə həm də dünyadan , Qərb dünyasından təcrid olunmağı ehtiva edir?

─Yox. Bu qətiyyən belə başa düşülməməlidir. Biz mədəniyyətlərin toqquşmasının yox, əməkdaşlığın tərəfdarıyıq. Təbii ki biz bütün müsbət dünya təcrübəsindən bəhrələnməliyik, eyni dünyanın insanları olduğumuzdan Qərblə də sağlam münasibətlər qurmalıyıq. Ancaq biz Şərq sivilizasiyanın xalqlarıyıq və düşünürəm Şərq mədəniyyəti, İslam sivilizasiyası Qərb mədəniyyətindən daha üstündür. Bu baxımdan biz öz mental dəyərlərimiz gücləndirməyə ,onları təbliğ etməyə çalışmalıyıq. Biz qərbdəki azad cəmiyyət fəlsəfəsini əlbəttə dəyərləndiririk, ancaq bunun qurulması zamanı milli nizamın olmasını nəzərə alınmasını istəyirik. Məsələn, bizdə ailə institutları bir çox qərb dəyərlərindən daha möhkəm və daha mükəmməldir.

─Əgər belə isə nə səbəbdən demokratik dövlətlər Şərqdən fərqli olaraq daha çox Qərbdə təşəkkül tapıb?

-Dövlətçilik ənənələri ilk olraq Şərqdə yaranıb və bunu inkar etmək mümkün deyil. Məsələ ondadır ki, bu gün Şərqlə Qərbin müqayisəsində mədəniyyətin, elmin beşiyi Şərqdir. Qərbdə inkişafının səbəbi onun Şərqdən bir çox şeyləri əxz etməsidir. Biz özümüzdə olan müsbət cəhətləri görüb inkişaf etdirə bilməmişik. Qərbin daha qüdrətli olmasının başlıca səbəbi isə Şərqdə Qərbin idarə etdiyi qüvvələrin hakimiyyətdə olmalarıdır. Bu baxımdan Qərbi idarə edən qüvvələr Şərqin inkişafına mane olurlar. Bu səbəbdən biz öz gücümüzə qoruyub saxlya bilsək də inikişaf edə bilmirik.

─Partiyanın ənənəvi müxalifətdən fərqli prinsipi nədir?

-Biz 20 ildir müxalifətdə olan, lakin hakimiyyətə real alternativ qüvvə ola bilməyən ,fəaliyyətlərində qeyri-şəffaf olan , Qərbin maliyyə qaynaqlarından yararlanan və onların alətinə çevrilən müxalifətdən fərqli olaraq öz resurlarımızdan bəhrələnməyi və xalqa güvənməyi qarşımıza məqsəd qoymuşuq. Ən əsas isə odur ki, Doğru Yol Partiyası olaraq partiya mənafeyini xalqın mənafeyindən üstün tutan ənənəvi müxalifətdən fərqli siyasət, xalqa arxalanan, dövlətçilik maraqlarına uyğun gələn siyasət ortaya qoyuruq.

Söhbətləşdi: İmran Kərimli