BolgeXeber.Com » Müsahibə-Reportaj » Daha bir qalmaqal: Turan İbrahimov Eynulla Fətullayevi debata çağırdı

Daha bir qalmaqal: Turan İbrahimov Eynulla Fətullayevi debata çağırdı

22-08-2011, 16:45
Oxunub: 5 918 «Əgər cəsarəti, kişiliyi çatirsa, istənilən bir yerdə onunla debata çixaram»

Bir müddət əvvəl «Yeni Müsavat» qəzetinin səhifələrində keçmiş məhbus baş redaktor Eynulla Fətullayev ANS-in Xəbərlər Departamentinin baş redaktoru Mirşahin Ağayevi debata çağırdı. Fətullayev bu çağırışını zamanında Mirşahinin ona etdiyi hücumlarla əlaqələndirdi.

Bunun ardından da Mirşahin Fətullayevin çağırışına reaksiya verərək bildirdi ki, o, ilk əvvəl Xocalı qətliamı ilə bağlı söylədiklərinə görə Azərbaycan xalqından üzr istəməlidir. Buna cavab olaraq isə keçmiş baş redaktor məlum işlə bağlı bəraət aldığını söyləmişdi.

Amma məsələyə maraqlı reaksiya digər tanınmış telejurnalistdən - Turan İbrahimovdan gəldi. Belə ki, mətbuata verdiyi açıqlamasında Turan İbrahimov qeyd etmişdi ki, Eynulla Fətullayev heç də Xocalı məsələsi ilə bağlı bəraət almayıb: “Eynulla yalan danışır. Əksinə, Avropa İnsan Haqqları Məhkəməsi Eynulla Fətullayevin Azərbaycan məhkəmələrində israrla dandığı bir faktı sübuta yetirib. Sadəcə olaraq Fətullayevin bu şəkildə düşünməsi Avropa Məhkəməsi tərəfindən cinayət əməli kimi qəbul edilməyib. Budur məsələ! Yəni Eynulla burada bəraət ala bilər, amma fakt faktlığında qalır ki, bu adam Xocalı soyqırımı ilə bağlı dediklərinə görə, bu xalqdan üzr istəməyib və Azərbaycan xalqı qarşısında gözükölgəliliyinin, mənəvi xəyanətkarlığının məsuliyyətindən qurtulmayıb. Bütün bunları nəzərə alaraq Mirşahin Ağayevi öz şərtində haqlı hesab edirəm. Eynulla Fətullayev isə heç nə olmamış kimi sözügedən KİV-lər vasitəsilə bir daha xalqı aldatmağa çalışaraq yalan məlumatlar yaymaqla, “qırmızı-qırmızı” hansısa bəraətdən danışıb iz azdırmağa çalışır. Tamam, Avropa Məhkəməsi bəraət verdi. Bəs, gəlin görək, Xocalıda yaxınlarını itirənlər, anası-bacısı düşmənə əsir düşənlər və ümumiyyətlə, Azərbaycan xalqı ona bəraət veribmi?”.

Bu sualının ardından Turan İbrahimovun Eynulla Fətullayevi debata çağırdığı da məlum olur. Lakin buna baxmayaraq keçmiş baş redaktor sözügedən debatdan yayınır və hətta Turan İbrahimov adlı jurnalisti tanımadığını da ironik şəkildə ifadə edir. Lakin Fətullayevin bu ironiyası elə yerli qəzetçilər tərəfindən də anlaşılmaz qəbul olunur və qəzetlərin birində gedən məlumatlarda bu məsələyə toxunularaq bildirilirdi ki, hər halda, keçmiş baş redaktorun bu tərz davranışı daha çox haqsız mövqenin ifadəsi kimi qəbul olunur.

Bu gün isə redaksiyamıza məsələ ilə bağlı açıqlama verən Turan İbrahimov bildirdi ki, Eynulla Fətullayev bu vaxta qədərki açıqlamaları ilə məsələni mahiyyətindən yayındırmağa çalışıb: «Amma mən ona onun haqsız olduğunu sübut etməyə hazıram. Əgər cəsarəti, kişiliyi çatırsa, istənilən bir yerdə, lap elə onun təklif etdiyi ünvanda onunla debata çıxaram və ona yalan danışdığını sübut edərəm. Eyni zamanda onun Xocalı ilə bağlı fikirlərinə görə Azərbaycan cəmiyyəti tərəfindən bəraət almadığını da sübut etməyə hazıram».