BolgeXeber.Com » Müsahibə-Reportaj » “Bozbaş Pictures”-in qəhrəmanı“Şirin” :“Evlənmək istəyirəm”

“Bozbaş Pictures”-in qəhrəmanı“Şirin” :“Evlənmək istəyirəm”

24-04-2014, 15:05
Oxunub: 4 790 " “Şirin” və “Fəlakət” obrazları çox sevildi"

“Bozbaş Pictures”-in qəhrəmanlarından biri olan Nicat Rəhimovun müsahibəsini təqdim edirik.

- Nicat Rəhimov obrazlardakı kimi adi həyatda da zarafatcıldırmı?

- Bəli, şəxsi həyatımda da zarafı çox sevirəm. Eyni zamanda mehribanam. Həm də çox kövrəyəm. Ancaq nə qədər mehriban olsam da, bir o qədər ciddiyəm.

- Necə oldu ki, “Bozbash Pictures” layihəsində rol aldın?

- “Bozbash Pictures” serialından öncə İlkin Həsəniylə, Elşən Orucovla, Azər Bəxşəliyevlə, Ramil Babayevlə Mədəniyyət və İncəsənət Universitetindən dost olmuşuq. Seriala çəkildikdən bir müddət sonra hərənin obrazına uyğun İlkin ad qoydu. Onu da deyim ki, “Şirin” və “Fəlakət” obrazları çox sevildi. “Fəlakət” isə yenilik oldu. Bir sözlə, hər birimizin öz pərəstişkarı var.

- Bildiyimiz kimi “Bacanaqlar” serialında “İsmayıl” rolunu canlandırırsan. Bu seriala səni kim dəvət etdi?

- Həmkarım aktyor Elməddin Cəfərov mənə zəng edərək bu obrazda oynamağımı təklif etdi. 4 aydan sonra Elməddin məni təbrik edərək, bu rolu layiqincə oynadığımı söylədi.

- Sənin üçün “İsmayıl”, yoxsa “Şirin” obrazı yaxındır?

- Hər iki obraz mənim üçün əzizdir.

- Rejissorlardan birindən ciddi rola təklif gəlsə, çəkilərsənmi?

- Bu mənim arzumdur. İstərdim ki, ciddi rolda oynayım. Fikrimcə, ciddi obraz məndə çox yaxşı alınar.

- Canlandırdığın obraz kimi adi həyatda da yalançısan?

- Hər bir insan yalan danışır. Ancaq böyük yalanlar deməmişəm. Çalışmışam ki, dediyim yalan kiminsə xeyri üçün olsun.

- Bildiyimiz kimi, mərhum aktyor, xalq artisti Yaşar Nurinin qohumusan. Aktyorluq bacarığı sənə rəhmətlik Yaşar müəllimdən keçməyib ki?

- Uşaq vaxtı Yaşar dayıgilə gedəndə onu xeyli güldürürdüm. Hətta bir gün onunla o qədər zarafat etmişdim ki, gülməkdən ağlayırdı. Həmin gündən sonra mənə aktyor olacağımı söylədi. Onun sözlərindən sonra Respublika İncəsənət Gimnaziyasına sənədlərimi verdim və qəbul oldum. Oranı bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetində təhsilimi davam etdirdim. Daha sonra “Planet Parni iz Baku”da rol aldım. 2 il orada çalışdım. Ancaq etiraf edim ki, məni tamaşaçılara tanıdan, istedadımı üzə çıxaran “Bozbash Pictures” serialı olub.

- Hansı teatrda çalışmağı arzulayırsan?

- Yaxın günlərdə Musiqili Komediya Teatrında işləməyi düşünürəm.

- Çətinlik çəkdiyin günlərin olubmu?

- Bir müddət öncə mənim də maddi baxımından problemlərim olub. Atam rəhmətə getdikdən sonra əziyyət çəkmişəm. Anam uzun illər müəllim işləyib. Amma heç vaxt ac qalmamışıq. İmkanım yaxşı olduqdan sonra anamı işdən çıxarmışam.

- Səni el şənliklərinə tamada kimi dəvət edirlərmi?

- Bəli, bir çox toylara təkliflər almışam. Hazırda da el şənliklərini idarə edirəm.

- Dostların çoxdur?

- Demək olar ki, Bakının yarısı mənim dostlarımdır. Hər kəslə ünsiyyət yaradıram. Çalışıram ki, hamı ilə dostluq edim. Tanınandan sonra dostlarımın sayı daha da artıb.

- Nicat, nə vaxt subaylığın daşını atacaqsan?

- İstərdim ki, arzuladığm kimi ailəm, saf və övladlarıma layiq olan xanım olsun. İnşallah, fikrimdə var ki, bu il evlənim. Ancaq hələ ki, həyatımda sevdiyim xanım yoxdur. Çox istərdim ki, sevib, ailə qurum.

- Bəyənəcəyin xanım necə olmalıdır?

- Daxilən səmimi və şirin olmalıdır. Ən əsası məni başa düşsün. Onu da deyim ki, çox qısqanc biriyəm. Odur ki, ailə quracağım xanım mənim qadağalarıma dözməlidir.