BolgeXeber.Com » Müsahibə-Reportaj » Şahin Ağabəylinin vəfatindan bir il ötür

Şahin Ağabəylinin vəfatindan bir il ötür

26-10-2011, 11:10
Oxunub: 5 298



Bir il öncə heç kəs eşitdiyi xəbərə inanmaq istəmirdi.

Çünki inanmaq mümkünsüz idi. Zəng vuranların dediyi sözlər yalnız bunlardı: "Şahin getdi...". Hamı eşitdiyi xəbərin həqiqət olduğunu bilsə də ona inanmaq istəmirdi.

Yüzə qədər jurnalist xəstəxananın həyətində idi. Hamı dəfn mərasiminin necə olacağından danışır və yenə də xəbərin doğru olduğuna inanmaq istəmirdi. Söhbət "Milli Yol" qəzetinin baş redaktoru və "Poliqon"İnformasiya Agentliyinin rəhbəri Şahin Ağabəylinin avtomobil qəzasına düşərək, dünyasını dəyişməsindən gedirdi...

Bir il öncə səhər saatlarında Bakı-Qazax yolunun 51-ci kilometrliyində Şahin Ağabəyli və "Yeni çağ" qəzetinin baş redaktoru Aqil Ələsgərlinin olduğu "Nissan-Tida" markalı maşın yoldan çıxaraq aşdı. Nəticədə Şahin Ağabəyli dünyasını dəyişdi, Aqil Ələsgərli isə ağır yaralandı. Qeyd edək ki, Şahin Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Jurnalist fəaliyyətinin ilk illərində "Bakı həftəliyi", "Bizim yol" qəzetlərində çalışıb. 2003-cü ildə "Milli Yol" qəzetini, 2006-cı ildə "Poliqon" İnformasiya Agentliyini təsis edib. 2006-cı ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə bir il müddətinə azadlıqdan məhrum edilib. Qərar deputat Arif Rəhimzadənin iddiası ilə şərəf və ləyaqətin, işgüzar nüfuzun təhqir olunması ittihamı üzrə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrinə əsasən çıxarılıb. Üç ay sonra Prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.


Şahin Ağabəyli evli idi. Bir övladı yadigar qaldı. İndi yenə dostlar bir-biri ilə əlaqə saxlayır. Hamının mövzusu yenə birdir: "Şahinin ilidi". Yenə də Şahinin yoxluğunu heç kəs qəbul etmir. Yenə hamı bu dəqiqə Şahinin ya zəng edib, ya da qapını açıb içəri girəcəyini gözləyir.Şahinsiz bir ilin bu günündə yaxın dostları onu belə yada saldılar.

"Şahin dost kimi hər zaman mənim xatirimdədir"

Asəf Rzayev, "Unikal" qəzetinin baş redaktoru: " Şahin Ağabəyli mənim çəkinmədən dost deyə biləcəyim bir insan və həmkar idi. Acığı, adam təsəvvür edə bilmir ki, Şahin həyatda yoxdu. Bu bir il onun ailəsi ücün necə əzablı oldusa, mənim kimi dosları da həmin əzabı onlarla bərabər yaşadıq. Çünki yaxşı insanlar həyatda məhz yaxşılıqlarına görə yaddaşlardan silinmirlər. Şahin Ağabəyli də o insanlardandı. Ona görə də dosların qəlbində bu gün də yaxşı insan kimi qalıb. Hərdən həmkar dostlarla görüşəndə. Şahin haqda söhbət açılanda onunla olan günlər xatırlanır. Onu tanıdığım ilk gündən onda səmimiyyət və mərdlik gördüm. Şahin hec vaxt istəməzdi ki, münasibətdə olduğu insanlarla arasında intriqa yaransın, söz-söhbət olsun. Cox təəssüflər olsun ki, o bu həyatdan tez köçdü və Şahin kimi dostumuz aramızda yoxdur artıq..."



"Media kapitanlarından birini itirdik"

Rauf Arifoğlu, "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru: "Şahin Ağabəyli bizim üçün çox yaxın insandı. Onun vaxtsız və faciəvi şəkildə dünyadan getməsi hər kəsi kədərləndirdi. Onun ölümü ilə sıramızdan biri seyrəldi, canımızdan da bir can ayrıldı. Şahinin ölümü ilə həm də Azərbaycan mətbuatının istedadlı və fədakar bir təmsilçisini, media kapitanlarından birini itirdik. Bizi onun ölümündən ayıran bu bir il elə gəlib getdi ki, sanki o bir ay bundan əvvəl dünyasını dəyişib. Şahin ideoloji olaraq ölmədi. Biz Şahinin buraxıb getdiyi davanın təmsilçiləriyik və bu davamızı bu gün də aparırıq. Davamızın əsas qayəsi odur ki, Azərbaycanda azad söz və mətbuat olsun və azad sözü təmsil edən insanların bu söz uğrunda mücadiləsinin bir nəticəsi olsun. Hal-hazırda da Azərbaycan mətbuatının vəziyyəti gərgindir. Əvvəllər olduğu kimi mətbuatımızda vəziyyət indi də pisləşib. Amma biz Şahinin yolunu davam etdirməkdə israrlıyıq. Şahini rəhmətlə anırıq. Onun qəlbimizdə hər zaman yeri var və olacaq. Mən inanıram ki, Şahin Ağabəylinin Azərbaycan mətbuatında parlaq fəaliyyəti əbədi olaraq qalacaq və qorunacaqdır".



"Bu cür Azərbaycan jurnalistinin qədrini bilmədik"

Nurəddin Xoca, keçmiş döyüşçü: "Şahin Ağabəylinin ölümü Azərbaycan mətbuatı və azad sözü üçün böyük itki oldu. Onun ölümü ilə Azərbaycanda söz və mətbuat azadlığı uğrunda mübarizənin əsas qollarından birini itirmiş olduq. Şahin istedadı ilə ildırım sürəti ilə gəldi və çox qiymətli bir jurnalist olduğuna görə tezliklə aramızdan getdi. İndiki jurnalistlərə qiymət verilmədiyi kimi, bu hakimiyyət Şahin Ağabəyliyə də qiymət verməyi bacarmadı. Bir sözlə, bu cür Azərbaycan jurnalistinin qədrini bilmədik və ona görə də Şahinə faciəli ölüm qismət oldu.Şahini unutmaq olmaz, çünki o unudulmazdır". Qeyd edək ki, mərhumun il mərasimi ayın 27-si Neftçala rayonunun Qaramanlı kəndində olacaq.
Allah rəhmət eləsin!

“Unikal” qəzeti