BolgeXeber.Com » Müsahibə-Reportaj » «Avropada mədəniyyətimizlə bağlı təsəvvürlər yüksəkdir»

«Avropada mədəniyyətimizlə bağlı təsəvvürlər yüksəkdir»

22-09-2010, 20:05
Oxunub: 5 978

Kəmalə Kərimova: «Məqsədim təkcə Azərbaycan mədəniyyətini tanıtmaq deyil, həm də Almaniyada deputat olmaq fikrim var»

Kəmalə Kərimova 2000-ci ildən Almaniyada yaşayır. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. Bakıda bir neçə ilə xarici şirkətdə işlədikdən sonra Almaniya vətəndaşı ilə ailə qurub. Bir qızı və bir oğlu var. Almaniyada Azərbaycan-Almaniya Mədəniyyət Komitəsinin sədri vəzifəsində çalışır. Əsas məqsədi Azərbaycan mədəniyyətini Avropada tanıtmaqdır. Bununla bağlı xeyli işlər görüb. Hətta bu ilin martında Azərbaycanı ən yaxşı şəkildə tanıtdığına görə Türkiyə səfirliyi tərəfindən mükafata da layiq görülüb. İndi isə əyalət seçkilərində parlament üzvlüyünə namizəddir. Yaxınlarda keçiriləcək seçkilərdə deputat olaraq seçilmək şansı yüksək hesab olunur.

- Kəmalə xanım, Almaniyadan Azərbaycan necə görünür?

-Doğrusu, Almaniyadan Azərbaycanın necə göründüyü barədə dəqiq fikir bildirmək bir qədər çətindir. Çünki Almaniyada çox insan Azərbaycanın harada yerləşdiyini belə bilmir. Daha dəqiq ifadə etsəm, ümumiyyətlə, Azərbaycan haqqında məlumatları yoxdur. Məhz bu səbəbdən qərara gəldim ki, Azərbaycanı Almaniyada tanıdım. Çünki çox böyük zərurət var və Avropanın ən böyük dövlətlərindən birinin əhalisi niyə də Azərbaycanı tanımamalıdır.

- Necə oldu ki, belə bir ağır işin altına çiyinlərinizi verdiniz? Almaniyada Azərbaycan mədəniyyətini tanıtmaq istiqamətində iş aparmaq nə qədər asan və nə qədər çətindir?

- Əlbəttə, Azərbaycan mədəniyyətini xarici bir ölkədə tanıtmaq o qədər də asan iş deyil. Kifayət qədər zəngin bir mədəniyyəti olan ölkə haqqında məlumatsızlıq ciddi sıxıntılar yaradır. Xüsusən də nəzərə almaq lazımdır ki, bu işi mən təkbaşıma həyata keçirirəm. O zaman tanıtmaq işləri bir qədər də ağırlaşır. Hərçənd işin ağır olmasına rəğmən, bu mənim arzum idi və mən də onu həyata keçirməklə məşğulam. İlk addımlar atdıqdan sonra isə gördüm ki, insanlar Azərbaycanla maraqlanmağa başladılar. Mən də bundan həvəslənərək, onlara Azərbaycanı və onun mədəniyyətini ən yüksək səviyyədə tanıtmağa başladım.

- İndiyə qədər Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində hansı işləri görmüsüz?

- Qeyd edim ki, bu sahədə çox işlər görülüb. Məsələn, Azərbaycan mədəniyyətinin ayrı-ayrı qolları olan milli yeməklərimiz, rəqslərimiz, Azərbaycan musiqisi, tariximizi burada tanıtdıq. Bundan başqa, Azərbaycanı filmlərlə, videolarla insanlara göstərmək və tanıtmaq şansımız oldu. Əlimizə düşən bu fürsəti dəyərləndirdik. Digər tərəfdən, Azərbaycanın bütün milli bayramları ilə bağlı da Almaniya ictimaiyyətinə məlumat veririk. Həmin bayram günləri olanda almanların diqqətini çəkmək üçün onlara müxtəlif formada məlumatlar ötürür və bilgilər verməyə çalışırıq.

- Ümumiyyətlə, Almaniyada Azərbaycan mədəniyyətinə maraq varmı? Təsəvvürlər necədir ölkəmizlə bağlı?

- Əlbəttə maraq var. Almanlar və bu ölkədə yaşayan digər xarici ölkələrin vətəndaşları Azərbaycanı tanıdıqdan sonra Azərbaycan mədəniyyətinə daha çox maraq göstərməyə başladılar. Bildirim ki, xüsusi ilə Azərbaycan musiqisi, rəqsi və milli yeməklərimiz onlar üçün çox maraqlıdır. Mütəmadi olaraq bunlarla maraqlanır və bizdən məlumatlar alırlar. Elə bu səbəbdən də təsəvvürləri ölkəmiz haqqında çox gözəldir.

- Əsasən hansı problemlərlə üzləşirsiniz? Bildiyimiz qədər, Avropada Azərbaycanla bağlı aparılan bu cür işlərin qarşısının alınmasında erməni diasporu heç də az iş görmür. Siz necə belə hallarla rastlaşmısınızmı?

- Şübhəsiz çətinliklər var. Asan olan iş yoxdur. Amma önəmli olan qarşına qoyduğun məqsədinə çatmaqdır. Mənim də prinsipim budur ki, Azərbaycan mədəniyyətini Almaniyada tanıdım. Hər şey istədiyimiz kimi olmur. Qarşımıza min cür maneələr çıxır. Problemlər yaranır və biz də onun aradan qaldırılması ilə məşğul oluruq. Bu belə də olmalıdır. Çünki başqa şəkildə inkişaf etmək mümkün deyil. Erməni diasporunun maneçilik törətməsi ilə bağlı mən də çox eşitmişəm. Elə Almaniyada onların imkanları heç də az deyil. Amma onlardan qorxaraq, fəaliyyətlə məşğul olmamaq niyyətimiz də yoxdur. Onların qarşısına güc olaraq çıxmağımız şərtdir. Düzdür, indiyə qədər erməni diasporunun birzə maneçilik törətdiyi halı ilə rastlaşmamışam. Ancaq hər halda bunu da nəzərə almadan fəaliyyət göstərmirik.

- Bakı ilə əlaqələriniz nə səviyyədədir? Azərbaycanda Almaniya mədəniyyətinin tanıdılması istiqamətində layihələriniz varmı?

- Təbii ki, Bakı ilə əlaqələrimiz var. Mən ümumiyyətlə, Azərbaycanla əlaqələrimi heç vaxt kəsməmişəm və belə bir niyyətim də olmayıb. Azərbaycan mənim vətənimdir, doğulduğum yerdir. Ora mənim üçün istənilən halda əzizdir. Əgər mən bu gün Azərbaycan mədəniyyətini Avropada təbliğ etməklə məşğul oluramsa, bu mənim Vətənimə olan məhəbbətimiz təzahürüdür. Azərbayanla bağlı layihələrə gəlincə isə bununla bağlı düşüncələrimiz var. Nəzərdə tutduğumuz bir sıra layihələr mövcuddur. Lakin onun yaxın zamanlarda reallaşması gözlənilmir. Hələlik əsas ağırlığı Almaniyada mədəniyyətimizin tanıdılması istiqamətinə yönəltmişik. Bundan sonra Azərbaycanla bağlı layihələrin icrasına start verəcəyik.

- Kəmalə xanım, adətən xarici ölkələrə gedən həmvətənlərimiz siyasətlə bir o qədər dərindən məşğul olmurlar. Bəs, siz necə Almaniyada siyasətlə məşğul olursunuzmu?

- Hardasa bu fikrinizlə razıyam. Nədənsə, biz azərbaycanlılar xaricdə siyasətə bir o qədər maraq göstərimirik. Halbuki bunun üçün geniş imkanlar var. Mən 2000-ci ildən burdayam. Və hal hazırda siyasətlə məşğulam. Bir şeyidə deyim ki, yaxın vaxtlarda Almaniyada əyalət seçkiləri keçiriləcək. Mən də Münhendən əyalət məclisinə düşmək üçün deputatlığa namizədliyimi irəli sürmüşəm. Şanslarımı yüksək qiymətləndirirəm. İnşallah seçiləcəyəm. Bu əsnada onu da deyim ki, mən bu ilin mart ayında Azərbaycanı ən yüksək səviyyədə tanıtdığım üçün mükafata layiq görülmüşəm. Həmin mükafatı da Türkiyə səfirliyi verib. Eyni zamanda, Azərbaycan-Almaniya Mədəniyyət Komitəsinin sədriyəm. Həmçinin Azərbaycan və Türkiyə üzrə də təmsilçiyəm. Hər halda bunlar siyasi fəaliyyətin nəticələridir. Təbii ki, fəaliyyətimi bununla da yekunlaşdırmıram. İmkan düşdükcə Azərbaycan iqtisadiyyatı və mədəniyyəti ilə bağlı müxtəlif qəzetlərdə köşələrimlə çıxış edirəm. Bütün imkanlarımdan istifadə edirəm ki, ölkəmizi tanıda bilim.