BolgeXeber.Com » Müsahibə-Reportaj » «Tibbi ekspertizanın rəyi tamamilə yalandır»

«Tibbi ekspertizanın rəyi tamamilə yalandır»

19-11-2011, 12:00
Oxunub: 5 439 Vasif Turan: «Otaqlar tavansız olduğu halda uşaqlarımın tüstüdən boğularaq dünyalarını dəyişməsi qəti inandırıcı deyil»

Dünən Bolgexeber.com saytının rəhbəri Vasif Turan yenidən FHN-in Əməliyyat İstintaq İdarəsinə dəvət olunub. Bu barədə baş redaktorun özü məlumat verib. O bildirib ki, idarədə baş müstəntiq Qəhrəman Məmmədovla görüşüb və oktyabrın 7-də baş vermiş məlum faciə ilə bağlı başladılmış istintaq işinin gedişatını müzakirə ediblər.

Vasif Turan TİA.AZ saytına açıqlamasında deyib ki, baş müstəntiq ona istintaqın gedişatı ilə bağlı məlumat verərək deyib ki, indiyə qədər yanğın hadisəsinin araşdırılması istiqamətində bir sıra işlər görüblər. «Qəhrəman Məmmədov dedi ki, mənim şübhələndiyim və adlarını istintaqa verdiyim adamların bir qismini dəvət edərək dindirib. Həmin dindirilən şəxslərin adını istintaq sirri olduğu üçün hələ açıqlamıram».

Baş redaktor daha sonra qeyd edib ki, Qobu qəsəbəsindəki evinin yanmasından öncə evinin ətrafında dolaşan müəmmalı ağ rəngli CİP markalı maşının sahibinin də kimliyi istintaq tərəfindən dəqiqləşdirilib. «Keçən dəfə idarəyə dəvət olunanda Qəhrəman müəllim mənə demişdi ki, həmin avtomobilin kimə məxsus olduğunu müəyyənləşdirə bilməyiblər. Amma bu dəfə qeyd elədi ki, artıq maşının sahibinin kimliyini dəqiqləşdirib və həmin şəxs istintaqa cəlb olunaraq dindirilərək izahatı alınıb. Maşının sahibi müstəntiqə etiraf edib ki, həqiqətən də yanğından əvvəl mənə zəng edib. Qəhrəman müəllim onu da dedi ki, sözügedən şəxs hazırda Türkiyədədir və orada müalicə alır».

Bu əsnada Vasif Turanın israrlı tələblərindən sonra yanğın zamanı həlak olmuş uşaqları ilə bağlı tibbi ekspertizanın da rəyi istintaqa verilib. Bolgexeber.com-un rəhbəri deyib ki, ekspertizanın rəyinə görə, uşaqları guya, tüstüdən boğulub. Amma o, bu rəylə razılaşmayıb. «Ekspertizanın rəyinə görə, uşaqlarım guya yanğın zamanı əmələ gəlmiş tüstüdən boğulublar. Bu rəyin yalan olduğunu düşünürəm və qəbul etmirəm. İzahatım da etirazımın səbəblərini yazıb müstəntiqə çatdırdım. Birincisi, Qobudakı evimin bir otağı bütünlüklə tavansız və döşəməsiz olub. Həmçinin evdəki zalın iki metrlik hissəsi də tavansız və döşəməsiz olub. Pəncərələr plastik və barmaqlıqsız, çöl qapı plastik olmaqla yanaşı, həm də divarla qapının arasında da 25 sm-lik boşluq var idi. Müstəntiq bildirdi ki, yanğından sonra qapının üzərindən götürülmüş qıfılın ekspetizası zamanı məlum olub ki, qapı bağlı olmayıb. İndi maraqlıdır ki, bu qədər boşğula rəğmən tüstüdən boğulmanın baş verməsi mümkün deyil. İkinci səbəb, evdə pəncərə ilə döşəmə arasındakı hündürlük 60 sam olub ki, 11-12 yaşlı uşağın da onun üzərindən atlayaraq, çölə çıxması çətin deyil. Üstəlik, nəzərə çatdırım ki, uşaqlarımın ikisi də idmançı olublar və həmişə cəldlikləri ilə seçiliblər. Hətta böyük oğlum məşq etdiyi məktəbdə dəfələrlə birinci yerləri qazanıb».

Vasif Turan bildirib ki, ekspertizanın rəyində uşaqlarının yanaraq, tanınmaz hala düşdüyü də qeyd olunub. Baş redaktor bu məsələ ilə də razılaşmayıb. «Mən müstəntiqə dedim ki, onların mənim uşaqlarım olduğuna inanmıram. Tələb etdim ki, yenidən ekspertiza aparılması məqsədi ilə uşaqların qəbirləri açılsın. Çünki böyük oğlum bir müddət əvvəl xəstəxanada müalicə olunub və onun bütün baş-beyin ölçüləri orada var. Qəbir açılsın və bu iki ölçlər tutuşdurulsun. Əgər uyğun gələrsə, ekspertizanın rəyi ilə razılaşacam».

Bolgexeber.com-un rəhbəri Abşeron Polis Şöbəsinin baş vermiş cinayət hadisəsinə dırnaqarası baxmasından və onların məsuliyyətsizliyindən də bəhs edib. «Abşeron Polis Şöbəsinin nə etmək istədiyi mənim üçün hələ də müəmma olaraq qalıb. Bunlar istintaqa yardım etmək əvəzinə, onun işini dolaşdırmağa çalışırlar. Belə ki, hadisədən bir neçə gün sonra şöbədən məni çağırıb görüşdülər və orada məndən kimlərdən şübhələndiyimi soruşdular. Mən də adları onlara verdim. Həmin gün adlarını verdiyim şəxsləri polisə çağırıb onlardan izahat alıblar. Abşeron Polis şöbəsinin rəisi hətta mənə dedi ki, bu izahatları toplayıb FHN-in Baş Əməliyyat İstintaq İdarəsinə göndərəcək. Amma dünən məlum olub ki, polisdən FHN-ə heç bir yazılı izahat daxil olmayıb. Belə olan halda, mən necə şübhələnməyim ki, polis işi ört-basdır etməyə çalışır?»

TİA.AZ-a danışan baş redaktor sonda onu da deyib ki, bəzi maraqlı qüvvələr evinin yanmasını qısaqapanmanın üzərinə atmağa çalışır. Onun sözlərinə görə, belələrinin kimliyi ona məlum olmasa da, amma bildiyi odur ki, həmin qüvvələr istintaqın gedişatına ciddi şəkildə mane olmaqdadırlar. «Mənim subyektiv fikrim budur ki, hansısa görünməz əlin təsiri nəticəsində evimin yanmasını qısaqapanmanın üzərinə yıxaraq, işi ört-basdır etmək istəyirlər. Abşeron polisinin hərəkətləri, FHN-də istintaqın ləng aparılmasının bu problemlərlə bağlı olduğunu düşünürəm. Düzdür, Qəhrəman Məmmədov əlindən gələni edir ki, cinayətin üzəri tez açılsın. Amma bura Azərbaycandır və mümkündür ki, günlərin birində cinayət işinin araşdırılmasını ondan alıb başqasına versinlər. Ancaq bütün bunlara baxmayaraq, mən evimin yandırıldığını iddia edirəm və bunun üçün kifayət qədər əsaslarım da var. Əgər bu şəkildə davam edərsə, yenidən dövlət başçısına müraciət etməli olacam. Eyni zamanda, yerli dövlət qurumlarına da müraciət edib onlardan kömək istəyəcəm. Bu müraciətlərimə müsbət cavab verilməyəcəyi təqdirdə, məcburiyyət qarşısında qalaraq xarici təşkilatlara müraciət edəcəm».

Xatırladaq ki, Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsində yerləşən evi oktyabrın 7-də müəmmalı şəkildə yanıb. Yanğın zamanı baş redaktorun iki övladı həlak olub. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və hazırda istintaq davam etdirilir.