BolgeXeber.Com » Müsahibə-Reportaj » Röya Azərcelldən Zakir Qaralova şikayət etdi

Röya Azərcelldən Zakir Qaralova şikayət etdi

20-12-2011, 13:50
Oxunub: 5 267 Azərbaycanın tanınmış estrada müğənnisi Röya Ayxan Baş prokurora Azercell şirkətindən şikayət ərizəsi təqdim edib.

Bolgexeber.com xəbər verir ki, bu barədən müğənninin mətbuat katibi və hüquqi işlər üzrə səlahiyyətli nümayəndəsi Ülviyyə Alovlu xəbər verir. O deyib ki, Röya Ayxan ifaçılıq sənətinin məhsulu olan mahnılarından və adından icazəsiz istifadəyə görə Azercell şirkətindən şikayətçidir və bu səbəbdən Baş prokurora şikayət ərizəsi yazıb.

"Bu qanun pozuntusu artıq 10 ildir ki, davam edir. Bu cinayətin qarşısı alınmayınca, Röyaya vurulan ziyan ödənilməyincə, biz hüquqlarımızın bərpasını tələb edəcəyik", - mətbuat katibi bildirib.

Şikayət ərziəsində qeyd olunub ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunun 15-ci maddəsinin 3-cü bəndinə əsasən, müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir.

"Lakin, Azercell Telekom MMC mənim müəllif hüquqlarımı kobud surətdə pozaraq, mənim ifa etdiyim mahnıları mənimlə razılaşdırmadan müştərilərinə təqdim etdiyi zəngim-cell xidmətlərində istifadə edir. Nəticədə mənə külli miqdarda maddi və mənəvi zərər vurulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165-ci (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) maddəsinə əsasən, folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, əmlakı müsadirə olunmaqla şərti maliyyə vahidinin yüz əlli mislindən beş yüz əlli mislinədək miqdarda cərimə və ya altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır. Səlahiyyətləriniz çərçivəsində bu qanun pozuntularını aradan qaldırmağınızı və Azercell Telekom MMC-nin vəzifəli şəxslərini törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb etməyinizi xahiş edirəm", - ərizədə qeyd olunub.

Məsələ ilə bağlı hələki Azercell Telekom MMC rəsmi mövqeyini açıqlamayıb.