BolgeXeber.Com » Müsahibə-Reportaj » Teymur Eminbəyli: “DAK-ın birləşməsi bəzi dairələri narahat etməkdədir”

Teymur Eminbəyli: “DAK-ın birləşməsi bəzi dairələri narahat etməkdədir”

12-02-2012, 21:25
Oxunub: 5 568 Bu günki müsahibimiz, Dünya Azərbaycanlıları Konqresi (DAK) Birlik Qurultayına hazırlıq komitəsinin mətbuat xidmətinin sözçüsü Teymur Eminbəylidir.

- Teymur bəy, DAK Birlik Qurultayın hazırlıq necə gedir və bu haqda oxucularımıza məlumat verəsiniz?

- Bu ilin aprel ayının 27-29-da Brusseldə keçiriləcək DAK Birlik Qurultayına hazırlıqlar yüksək sürətlə davam edir. Uyğun komisiyalar, fəaliyyət qrupları formalaşdırılır, hazırlıq işlərinin öz qaydasında olması üçün müvafiq qərarlar qəbul olunur, qeydiyyat və yenidən qeydiyyat məsələləri üzərində işlər davam etdirilir. Nizamnamə və məramnamə komitəsi, mandat (hökm, mədrək) komissiyası və digər komisiyalar artıq öz fəaliyyətinə başlayıb, işlərini davam etdirməkdədirlər. Qurultaya qatılacaq nümayəndələrin və qonaqların yerləşdirilməsi üçün hotel, qurultayın keçirilməsi üçün konfrans zalı kirayələnməsi istiqamətində razılaşmalar artıq əldə olunmuşdur. Birlik Qurultayının yüksək səviyyədə və uğurlu keçirilməsi üçün lazım olan bütün işlər görülür.

- Qurultayda kimlərin iştirak edəcəyi gözlənilir?

- Birlik qurultayı olduğu üçün bu qurultay digərlərindən bəzi ayrıntıları ilə fərqlənəcək. Əvvəllər qurultaylara kim istəsə qatılır və tam mandatlı şəxs kimi səsvermələrdə iştirak edir, seçib secilmə hüququ əldə edirdi. Bu bir cəhətdən hər kəsin DAK-ın işində iştirak etməsinə imkan verirdisə digər tərəfdən catışmayan cəhətləri də vardı. Təşkilatın məram və məqsədini bilmədən təşkilatın içərisinə daxil olub, bir gurultulu çıxış etməklə kiçik bir qrupun maraqlarını təmsil edən şəxslər bəzən çox asanlıqla rəhbərliyə belə seçilə bilirdi. Bu da DAK-ın əldən ələ keçməsinə və parçalanmasına səbəb olurdu. Bu qurultaydan başlayaraq neçə nəfər iştirak etməsindən asılı olmayaraq, hər bir ölkəyə heç bir ayrı seçkilik qoymadan səs vermək, seçib-seçilmək hüququna malik maksimum 15 ədəd mandat veriləcək. Bir ölkədən 15 nəfərdən artıq iştirak edən şəxslər qonaq qismində qurultaya qatila biləcək. Bəzi ölkələrdən qurultayda göstərilən normativdən az sayda və ya heç bir iştirakçı olmaya da bilər. Bu normativin bu şəkildə müəyyənləşməsi diasporumuzun az oldugu və ya DAK-ın işində fəal olmayan ölkələrdə indiki və ya gələcək qurultaylarda iştirak üçün maraq doğura bilər. Bu normativin muəyyənləşməsi həm də DAK-a üzvluk məsələsinin birdəfəlik həll olunmasına şərait yaradacaqdır.
Çünki DAK üzvü olmayanlar mandat da əldə edə bilməyəcəklər. Beləliklə bütün ölkələr qurultayda onlara ayrılmış olan öz yerlərini tutmağa çalışacaqlar.

- Sizcə, bu birlik qurultayı diaspor quruculuğu prosesinə (sürəc) nə verəcək?

- Təəssüflə, hələ də diasporumuz plansız, proqramsız və pərakəndə şəkildə fəaliyyət göstərməkdədir. DAK 15 ilə yaxındır ki, fəaliyyət göstərməsinə baxmayaraq hələ də diasporumuzun birgə fəaliyyəti üçün işlək mexanizm işləyib ortaya qoya bilməmişdir. Bunun da başlıca səbəbi yuxarıda göstərdiyim parçalanmalar və intizamsızlıqlar olmuşdur. İndi bu problemləri aradan qaldırmaq üçün fürsət yaranmışdır. Lakin nədənsə, DAK-ın birləşməsi bəzi dairələri narahat etməkdədir. Bu o dairələrdir ki, dövlət büdcəsindən külli miqdarda vəsaiti DAK adı ilə mənimsəməkdə davam etmək istəyirlər. Bu dairələri milli maraqlar deyil, şəxsi mənfəətlər daha çox düşündürür. DAK bir olarsa onun məsuliyyəti də bir təşkilatın rəhbərliyinin üzərində olar, kimsə onun adından sui-istifadəyə yol verə bilməz. Bir təşkilatın parçalanması suyun bulandırılması deməkdir və bulanıq suda da balıq tutmaq asan bir məsələdir. Biz DAK-ı birləşdirməklə suyun durulmasına, nizam intizamlı bir təşkilat qurulmasına nail olmaq istəyindəyik. Bu da diaspor quruculuğu prosesinə təkan verə biləcək yeganə amildir. Öz daxilində nizam intizam yarada bilən bir qurum diasporamıza sahib çıxa, onun fəaliyyətini milli maraqlarımız istiqamətinə yönəldə bilər. Birlik qurultayından başlayaraq əsaslı bir dönüş yaratmağa, diaporumuzu birgə fəaliyyətə yönəldə biləcək bir mexanizmin hazırlanmasına nail olacağımıza ümidliyik, bu istiqamətdə müzakirələrimiz və fəaliyyətimiz davam etməkdədir. Bütün bunlar diaspor fəaliyyətində köklü dəyişikliklərə gətirib çıxara, uğurlu işbirliyinə təkan verə biləcək. Biz buna inanaraq bu yola çıxmışıq, yolumuzu da sonadək davam edəcəyik.

- Bəzən belə fikir eşidirik ki, birlik qurultayının Azərbaycanın tanınması istiqamətində və güney məsələsinə heç bir təsiri yoxdur. Bu fikirlərə münasibətinizi bilmək maraqlı olardı...

- Bu fikirlər əsassızdır. Biz bir diaspor təşkilatıyıq və ola bilsin ki, Azərbaycan mətbuatında fəaliyyətimiz lazım olduğu səviyyədə işıqlandırılmır. Hər hansı bir ölkənin birinci şəxsləri, millət vəkilləri, partiya mənsubları və ya beynəlxalq təşkilatların məsulları ilə görüşlər onlarla işlərimizin daha sıx davam etməsi və lazımi uğurlar əldə olunması naminə bəzən mətbuata açıqlanmaya bilər. Amma bu o demək deyil ki, DAK öz məramına uyğun olaraq iş görmür. Açıq bildirməliyik ki, DAK-ın Azərbaycanın güneyində gedən proseslərə müdaxilə etmək və ya ona istiqamət verməsi kimi bir istəyi yoxdur. Bunun üçün bu gün çeşidli siyasi partiyalar vardır və onların fəaliyyətləri də istənilən səviyyədə qurulub. Biz yalnız Güneydə gedən prosesləri insan haqları çərçivəsində həll olunması üçün lazımi beynəlxalq təşkilatlara çatdıra, çıxış yolları barədə fikir mübadiləsi apara, millətimizin səsini dünyanın diqqətinə yönəltmək istiqamətində işlər görə bilərik, bunu da edirik. DAK yaranarkən onun əsas məqsədləri 3 istiqamətdə müəyyənləşib və davam edir. Onlardan biri Azərbaycanımızın güneyində yaşayan soydaşlarımızın problemlərinin və haqlı mübarizəsinin dünyaya çatdırılması, digəri Qarabağ sorunun tezliklə həll olunması, üçüncüsü isə ölkəmizdə demokratiyanın inkişafına nail olmaq və hər üç istiqamətdə diasporumuzun təşkilatlanmasıdır. Bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirmək məqsədi ilə birlik qurultayından sonra DAK daxilində yeni strukturların (yapısal, saxtar) formalaşmasına, bir çox komitə, daimi fəaliyyət göstərəcək komissiya və departamentlərin (bölmə) fəaliyyətinə start veriləcək. Hazırda nizamnamə və məramnamə komitəsində bununla bağlı qızğın iş gedir.

Fürsətdən istifadə edib, ölkəmizdən kənarda yaşayan bütün vətənpərvər insanlarımızı DAK-la əməkdaşlığa dəvət edirik. Gücümüz birliyimizdədir.