BolgeXeber.Com » Müsahibə-Reportaj » Elçin Şıxlı: "Azərbaycanlı idmançının arzusu «Range Rover» və hökumətdən müftə ev əldə etməkdir"

Elçin Şıxlı: "Azərbaycanlı idmançının arzusu «Range Rover» və hökumətdən müftə ev əldə etməkdir"

13-08-2015, 17:47
Oxunub: 5 187 Elçin Şıxlı: "Azərbaycanlı idmançının arzusu «Range Rover» və hökumətdən müftə ev əldə etməkdir"" "Qəbələ", Azərbaycan komandası qalib gələndə Cavid Azərbaycan bayrağını qoyub niyə Türkiyə bayrağını qaldırmalıdır? Azərbaycan bayrağını qaldırsın, ondan sonra da Türkiyənin bayrağın qaldırsın"

Jurnalist Rasim Əliyevin öldürülməsi artıq bir neçə gündür ki, ölkə mediasının gündəmindən düşmür. Məsələ ilə bağlı cinayət işi açılıb, əsas şübhəli kimi "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynov başda olmaqla bir neçə nəfər həbs edilib.

Baş verən hadisəyə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ölkə.az-a verdiyi açıqlamasında münasibət bildirib.

Elçin Şıxlı: "Rasim Əliyevin ölümü ilə bağlı onu deyirəm ki, bu biabırçılıqdır. Bunlar cəzasızlıq mühitinin mövcudluğundan, jurnalist peşəsinin nüfuzunun demək olar ki, qalmamasından irəli gəlir. Bu bir hüquqsuzluqdur. İdmançıların hamısı haqqında söyləmək olmaz, amma idmançılarımızın çoxunun alayarımçıq orta məktəb savadı onlara ancaq belə hərəkət etmək imkanı verir. Orta məktəb təhsilli adamlar birdən-birə qolunun gücünə gəlib hansısa bir nailiyyət əldə edirlər. Onlara böyük pullar verilir, şərait yaradılır, iş verilir, savadının çatmadığı bir vəzifə verilir, onlar da sonda çaşırlar. Azərbaycan futbolçularına gəldikdə isə, hansısa azərbaycanlı futbolçunun güclü, tarixi bir klubda oynadığını söyləmək olmaz. Bunun əsas səbəblərindən biri də odur ki, futbolçularımız heç nə etməməklə kifayət qədər yaxşı məvacib alırlar. Futbolçular adətən böyük klublara ona görə getməyə çalışırlar ki, orada məvacib böyükdür, şöhrət qazanırlar. Ancaq bu klublarda Messi kimi idmançı hansısa bir məşqə yarımca saat geciksə, klub onu cərimə edir, Messini bütün dünyanın gözü qarşısında biabır edirlər. Bizdə belə bir şey yoxdur. Bizim futbolçulardan heç biri gedib böyük klublarda oynamağa çalışmayıb. Ona görə ki, orada əziyyət çəkmək lazımdır. Hər gün iki dəfə məşq etmək lazımdır. Həyatın futbolla bağlı olmalıdır. Bizdə isə yaxşı pullar alırlar, gündə bir dəfə məşqə çıxalar, ya çıxmayalar. Azərbaycanlı idmançının arzusu "Range Rover", hökumətdən müftə ev əldə etməkdir. Bununla da arzular bitir. Bizim idmançılar ad-san qazanıblarsa, özlərinin ictimai fiqura çevrilmələrinin fərqində deyillər. Məhşur olmaq idmançılarımızın xoşuna gəlir, ancaq məhşurluğun məsuliyyətini daşımaq istəmirlər. Ona görə də, hansısa bir tənqid bunların "şəstinə dəyir" və başlayırlar qisas almağa".

- Jurnalist təşkilatlarının, Mətbuat Şurasının fəaliyyətindən razısız?

- Mətbuat Şurasının nizamnaməsində indi gördüyü işlərin böyük əksəriyyəti yoxdur. Jurnalistlərin hüquqlarını müdafiə etmək kimi orada bir bənd də yoxdur. Mətbuat Şurası indi nazirlik funksiyasını yerinə yetirir. Bu da yolverilməzdir. O ki, qaldı digər təşkilatlara, ortalıqda təşkilat qalmayıb axı. Kim başını qaldırır həbs edirlər, kimin bəxti var qaçır ölkədən, bəxti gətirməyənlər də oturublar burada deyirlər icazə yoxdur danışmağa. Belə bir şəraitdə hansısa fəal jurnalistlər çəkilib durub kənarda, biri elə mənim özüm. Qəzeti bağladım və fəal jurnalistikadan getdim. Həmkarlar zəng vuranda suallara cavab verirəm. Burada əslinə qalsa heç bizə ehtiyac yoxdur. Burada cinayət törədilib, insan öldürülüb. Ona görə də hansı peşə sahibi olduğu vacib deyil. Mütləq cinayətkarlar cəzalandırılmalıdır. Döyülməyə təhrik edən futbolçu məsuliyyətə cəlb edilməlidir. Mən olsam, o futbolçunu futbol oynamaqdan ömürlük məhrum edərdim. Yadımızdadırsa Luis Suares həmkarlarından birini dişlədi, uzun müddət ona futbol oynamağa qadağan etdilər, ancaq Luis Suares dünyada 3-4 yaxşı hücumçudan biridir. Cavid Hüseynov kimdir, məlum deyil. Bir şeyi anlamıram. Özüm Türkiyəni çox sevirəm, qardaş ölkədir. "Qəbələ", Azərbaycan komandası qalib gələndə Cavid Azərbaycan bayrağını qoyub niyə Türkiyə bayrağını qaldırmalıdır? Azərbaycan bayrağını qaldırsın, ondan sonra da Türkiyənin bayrağın qaldırsın.
Bolgexeber.com