BolgeXeber.Com » Müsahibə-Reportaj » Gündən günə çiçəklənən Ağsu-Foto

Gündən günə çiçəklənən Ağsu-Foto

20-10-2010, 01:10
Oxunub: 11 729 Rayonda aparılan abadlıq və yenidənqurma işləri insanı heyrətə gətirir

Ağsu şəhərinə daxil olanda heyrətimizi gizlədə bilmədik. Çünki hər şey o qədər gözəl və əsrarəngiz idi ki, heyrət etmədən keçmək mümkün deyildi. Əslində, Ağsunun bu qədər gözəl və yaraşıqlı, hər gün çiçəklənən olmasının onun tarixi ilə də əlaqələri var. Çünki Ağsunun tarixi şanlı və möhtəşəm olub.

Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. Rayonunun relyefi dağlıq, dağətəyi və maili düzənliklərdən ibarətdir. Dağlıq hissəsi dəniz səviyyəsindən 700-1000 metr hündürlükdə yerləşir. Dağlıq zonalar çaylar, dərələr və yarğanlarla parçalanmış mürəkkəb relyefə malikdir. Göyçay sahillərindən başlayaraq Pirsaatçaya qədər xırda boz dağlar Şirvan dağ silsiləsini təşkil edir.

Ağsu rayonunun Böyük Qafqazın cənub yamacında yerləşməsi onun iqlim şəraitinə böyük təsir göstərir. Bu bölgənin iqlimi əsasən qışı quraq keçən mülayim-isti, yarımsəhra, quru bozqır iqlimi (cənub) və yayı quraq keçən mülayim isti (şimal) iqlim tiplərindən ibarətdir. Qışı quraq, günəşli və az qarlı keçməsilə səciyyələnir. Havanın orta illik temperaturu 13-14 C-dir. Orta aylıq nisbi rütubət isə il ərzində 50-81 % olur. Yağıntının illik miqdarı 400-600 mm təşkil edir.

Rayonun təsərrüfatında mühüm rol oynayan Ağsu çayı öz mənbəyini Lahıc dağlarından götürür. Çay orta axınında çox dərin, lakin enli dərədən axır. Ağsu şəhərindən cənuba doğru bu çayın vadisi öz formasını itirir. Burada çay süni suvarma əkinçiliyi və bostançılıqla əlaqədar arxlar vasitəsilə xırda şaxələrə parçalanır.

A.Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, Nadirqulu xan (Nadir Şah) tərəfindən hicri 1148-ci (1735) ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Hazırda Ağsu rayonunun mərkəzi olan Ağsu şəhərinin adı bəzi tarixi mənbələrdə Yeni Şamaxı kimi də göstərilir. Bu həmin dövrdə Şamaxı əhalisinin Ağsuya köçürülməsi ilə bağlıdır. XVIII əsrdə mövcud olmuş şəhər öz adını "Ağsu çayı"ndan götürməklə mənbələrdə daha çox Ağsu kimi göstərilir.

Ağsu 1967-ci ilə kimi şəhər tipli qəsəbə, həmin ildə şəhər statusu alıb.1943-cü il oktyabr ayının 8-dən Ağsu ayrıca inzibati-ərazi rayonu kimi fəaliyyətə başlayıb.

Şəhəri xeyli dolaşdıq. Ən çox diqqətimizi çəkən yollara salınan asfalt döşəmənin qalınlığı və şümallığı, o cümlədən yol hərəkəti qaydalarını tənzimləyən xətlərin səliqəylə çəkilməsi, bir də yolların kənarlarındakı binaların, yaxud fərdi yaşayış evlərinin hasarları oldu. Mişar daşından tikilən hasarlar iki rəng emusiya ilə ekran formasında rənglənib.

Bu da Ağsu İcra Hakimiyyətinin binası. Binanın qarşısındakı kiçik park orijinal üslubda olması ilə seçilir. Rayonun maliyyə idarəsi icra hakimiyyətinin qonşuluğundadır. Hər iki dövlət strukturu binasının önündəki ərazi asfalt döşəmədən ibarətdir. Hətta bəzəkli daşlardan burda da istifadə olunmayıb.

Bildirək ki, bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyevin rayona səfər edib. Həmin səfəri zamanı görülən işlərdən razılıq edib. Prezident Ağsunun icra başçısı Ənvər Seyidəliyevdən rayonda hansı problem olduğunu da soruşub. Ənvər müəllim şəhər əhalisinin içməli sudan əziyyət çəkməs ilə bağlı məlumat verib və bildirib ki, Quzay kəndində insan orqanizmi üçün xeyirli olan bulaq suyu tapılıb və şəhərdən 25 kilometr məsafədə olan həmin mənbədən su çəkmək mümkündür.

Gözlənildiyi kimi, nəticə uğurlu olub. Prezident İlham Əliyev Ağsu rayonunda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında 23 noyabr 2009-cu il tarixli sərəncam imzalayıb. Su varsa, həyat da var. Ənvər Seyidəliyev həm də ona görə Ağsuda həyatı daha canlı edə bilib ki, təbiətin verdiklərindən düzgün istifadə etməyi bacarır. Və Ənvər müəllimin fərqli cəhəti ondadır ki, "bu işləri mən görmüşəm" demir, "bu işləri biz- ölkə rəhbərliyi, rayonda rəhbər vəzifədə çalışanların hamısı və bütövlükdə ağsulular görüb" deyir. Elə rəqəmlər də bütün reallığı ortaya qoyur.

Belə ki, 2009-cu ilin I rübündə bir sıra sahələrdə müvəffəqiyyətlər əldə edilib. "Aqrotexservis" müəssisəsinin maddi-texniki təchizatı yaxşılaşdırılıb, yaz-tarla işlərinə hazırlıq aparılır. Üzümlüklərin və taxıl əkinlərinin suvarılması, becərilməsi və aqrotexniki qulluq işləri davam etdirilib, əkin sahələrinə 150 ton azot gübrəsi verilib.

Bundan başqa, "Şaban Quşçuluq" MMC ətlik quş yetişdirilməsi (20 min baş) və yem bazasının yaradılması istiqamətində fəaliyyətini davam etdirib. 2008-ci iiln müvafiq dövrü ilə müqayisədə heyvanların baş sayı artırılıb. Belə ki, iri buynuzlu mal-qara 39342 baş, o cümlədən inək və camışlar 18335 baş, qoyun və keçilər 149121 baş say artımı heyvandarlıq məhsullarının istehsalına müsbət təsir göstərib, 1008 ton ət ( diri çəkidə ), 5679 ton süd, 1395 min ədəd yumurta istehsal olunub.

Rayonda fəaliyyət göstərən emal müəssisələrinin istehsalını, eləcə də istehsal olunan məhsulların çeşidini artırmaq, daxili və xarici bazarlara keyfiyyətli məhsul çıxarmaq üçün yeni emal xətlərinin quraşdırılması və yeni sexlərin tikintisi istiqamətində işlər gedir.

Ağsu şəhərində və kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər tikilib istifdəyə verilib, onlarla digər obyektərin tikintisi davam etdirilir.

Rayon mərkəzində və kəndlərdə abadlıq, quruculuq, tikinti, sosial obyektələrin təmiri və bərpası sahəsində əsaslı işlər görülüb və bu istiqamətdə daha geniş miqyaslı işlərə başlanılıb. Şəhərin H.Əliyev, Nizami və Vidadi küçələrində piyada səkiləri və yaşıllıq sahələri yenudən qurulub. Bu məqsədlə 1214 p/m bardur düzülüb, 400 kvm metr yaşıllıq sahəsi hazırlanıb, 53 p/m suötürücü xətt çəkilib.

Ağsu şəhərində Heydər Əliyev parkının yenudən qurulması, Heydər Əliyev Məktəb - Muzeyinin, Seyrəngahın, rayon İcra hakimiyyəti, su - kanal idarəsi , "Dəmiryol Bank" və "Kapital Bank" ın rayon filalları, rayonlararası imtahan - qeydiyyat bölməsi, Fövqəladə Hallar Nazirliyinin yerli orqanları üçün inzibati binaların, Azərbaycan - Almaniya birgə müəssisəsinin şirə və şərab emalı zavodunun, Qaraqoyunlu kəndində H.Əliyev fondunun vəsaiti hesabına 220 şagird yerlik yeni orta məktəb binasının və s. tikintisi davam etdirilib.

2 özəlləşdirilmiş müəssisələrin torpaq sahələri özəlləşdirilib. Dövlət əmlakının özəlləşdirilməsindən 3439 manat vəsait daxil olub. 2009-cu ilin I rübündə rayonun ümumi məhsul buraxılışının həcmi 10688,3 min manat təşkil edib Adambaşına düşən ümumi məhsul buraxılışı 152,58 manat olub.

Aqrar sahənin məhsulları bütünlüklə özəl bölmədə istehsal olunur. Sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 36,8 faiz təşkil edir. Pərakəndə əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz çox, adambaşına düşən əmtəə dövriyyəsi 222,1 manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlər ötən ilin müvafiq dövrünün səviyyəsinin 88,8 min manat ötərək 1545,8 min manat olub. Xüsusi mülkiyyətin genişləndirilməsi, sahibkarlığın sürətli inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri nəticəsində hesabat rübündə orta aylıq əmək haqqı 172,5 manat adambaşına düşən gəlirlər 292,9 manat olub.

2009-cu ilin I rübündə Məşğulluq Mərkəzində 46 nəfər işaxtaran kimi qeydiyyata alınıb, 48 nəfər mərkəzin göndərişi ilə işlə təmin olunub. 8 nəfər vətəndaşa işsiz statusu verilərək sosial müdafiəsi təmin edilib. Sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlar üçün müəssisə və təşkilatlarda 20 kvota yeri müəyyən edilib.

Məşğulluğun təmin edilməsi tədbiri olaraq ərazi Məşğulluq Proqramında 2009-cu ildə "Traktorçu-maşınçı", "Bərbər", "Sahibkarlığın əsasları" peşələri üzrə kursların təşkili nəzərdə tutulub. Bunlarla bərabər Məşğulluq Mərkəzinin fəaliyyətində çətinliklər də istisna deyil. Belə ki, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən boş iş yerləri haqqında məlumatlar vaxtlı-vaxtında Mərkəzə təqdim edilmir. Bu da işaxtaran vətəndaşların işlə təmin olunmasında müəyyən çətinliklər yaradır.

Rayon əhalisinə ümumi montaj tutumu 5498 nömrə olan kordinat və elektron tipli avtomat, ümumi montaj tutumu 1000 nömrə olan simsiz ( SDMA ), ümumi montaj tutumu 80 nömrə olan Peyk telefon stansiyaları ilə rabitə xidməti göstərilib. Rüb ərzində rabitə xidmətindən 73,5 min manat tarif gəliri əldə edilərək proqnoz 100,6 faiz yerinə yetirilib. Bir telefon aparatına düşən gəlir 11,10 manat proqnozlaşdırıldığı halda 14,17 manat faktiki gəlir əldə edilməklə proqnoz 100,6 faiz icra olunub.

2009-cu ilin I rübündə əhali qrupu abonentləri tərəfindən Paylayıcı Elektrik Şəbəkəsinə 251,5 min manat, yaxud istehlak olunmuş elektrik enerjisinin dəyərinin 81,4 faizi qədər pul daxil olub. Bir transformator yarımstansiyası əsaslı, 17 transformator yarımstansiyası cari təmir olunub. 10/04 kv-luq elektrik verilişi xəttində 4,46 km məsafədə əsaslı, 0,92 km məsafədə cari təmir işləri görülüb. Bu məqsədlə 40 ədəd ağac dayaq, 1751 metr məftil, 63 ədəd 04 kv-luq izolyator, 400 kq transformator yağı və 8 ədəd 250 amper 04 kv-luq rubilnik istifadə olunub, ümumi işlərin dəyəri 16332 manat təşkil edib. Ağsu şəhərində 10/04 kv-luq elektrik verilişi xətlərinin yenidən qurulması üçün 710 ədəd dəmir beton dayaq quraşdırılmış və 10,29 km yeni sip kabel çəkilib.

Şəhərin Vidadi küçəsində yerləşən iki 60 mənzilli 5 mərtəbəli ictimai yaşayış binalarının (120 abonent) və Daşdəmirbəyli kəndinin təbii qaz təchizatı bərpa olunub, rayonun dağlıq ərazisində yerləşən əvvəllər qazlaşdırılmayan Xatman kəndinin qazlaşdırılması təmin edilib.

Şəhərin müxtəlif küçələrində ümumilikdə 100 p/m yeraltı su xətlərində təmir işləri aparılıb, 16 ədəd siyirtmə yenisi ilə əvəz edilibr. Təmir işlərinə 7,8 min manat vəsait xərclənib.

Su-Kanal idarəsi tərəfindən 40,3 min manatlıq xidmətlər göstərilib və bank hesabına 36,3 min manat vəsait daxil olub. Suvarmanın mütəşəkkil aparılması üçün 6 ədəd hidrotexniki qurğular, təsərrüfatlararası və təsərrüfatdaxili kanallar təmir olunur və lildən təmizlənir. Hal-hazırda su mənbəyi kimi Ağsuçaydan, Girdimançaydan və R-20 kanalından istifadə olunur. Ehtiyat su mənbəyi olan Cavanşir su anbarı və nasos stansiyası istismara hazır vəziyyətdədir.

Şəhərin yenidən qurulan H.Əliyev, Ü.Hacıbəyov, Azərbaycan, Vidadi və T.Xasıyev küçələrində 2100 kv. metr yaşıllıq zolaq salınmış, 1135 ədəd çinar 1630 ədəd səri ağacı və 1000 ədəd gül və bəzək kolları əkilib.

I rübdə DSMF Ağsu rayon şöbəsi tərəfindən 499,4 min manat vəsait toplanıb. Pensiya və müavinətlərin ödənilməsi üçün ödəniş müəssisələrinə 2862,4 min manat vəsait köçürülüb. Ağsu rayon ƏSMM-nə ünvanlı sosial yardım almaq üçün 102 ailə müraciət edib, 99 ailənin sənədləri qeydiyyata alınıb. 99 ailəyə ünvanlı sosial yardım təyin edilib.

Heydər Əliyev Məktəb Muzeyinin, 220 şagird yerlik Qaraqoyunlu kənd orta məktəb binasının, şirə və şərab emalı zavodunun tikintisi başa çatdırılıb.

Bir sözlə, həm gördüklərimiz, həm də rəqəmli faktlar Ağsuda ağ günlərin yaşandığı mənzərəsini yaradır. Ağsu rayon İcra Hakimiyyətinin rəsmi veb saytında başçı Ənvər Seyidəliyevin çağırışı da bu günlərin diqtəsidir: «Böyük Qafqazın cənub yamacında, dağla aranın qovuşduğu ərazidə yerləşən Ağsu respublikamızın füsunkar guşələrindən biridir. "Ağsu aşırımı"ndan enəndə bir anlığa ayaq saxlayıb aşağıya baxsanız Ağsunun təkrarsız gözəlliyini öz gözlərinizlə görəcəksiniz. Əmin ola bilərsiniz ki, yaşıllıqların, bağ-bağatların arasında yerləşən evlərdə yaşayan nəcib insanların ürəyində hər birinizə yer var. Rayonumuz həm də zəngin tarixə malikdir. Burada mövcud olan çoxsaylı maddi-mədəniyyət nümunələri bu gözəl diyarın qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Ağsu uzun illərdən bəri bir çox millətlərə mənsub, birgə yaşayıb-yaradan, əməksevər, səmimi və qonaqpərvər insanların məskənidir”.

P.S. Bizim yazdıqlarımız tərif deyil, sadəcə, gördüklərimizdir. İnanmayanlar buyursunlar Ağsuya gəlsinlər və bizim kimi onlar da heyrətlənsinlər.















Könül Rəhimqızı, Aydın Cavadoğlu

Bakı-Ağsu-Bakı