BolgeXeber.Com » Müsahibə-Reportaj » Hərbi prokuror müsahibə verdi

Hərbi prokuror müsahibə verdi

22-02-2012, 10:25
Oxunub: 4 779 Fransa Senatının qəbul etdiyi «erməni soyqırımı»nı inkar edənlərə cəza tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi hüquq normalarından tamamilə uzaqdır.

Bolgexeber.com-un məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev «Azərbaycan» qəzetinə müsahibəsində bildirib.

O, qeyd edib ki, Fransa Senatının qəbul etdiyi qanun beynəlxalq hüququn ədalətli məhkəmə araşdırması prinsipini kobud şəkildə pozur, insanları öz fikirlərinə və duyğularına görə cinayət məsuliyyətinə cəlb etməyin mümkünlüyünə yol açan ən mürtəce və dünya təcrübəsinə uyğun gəlməyən bir praktikaya rəvac verir. Bundan əlavə, hətta İsveçrədə dırnaqarası erməni soyqırımını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul olunub: «Qəribə burasıdır ki, yaşadığımız dövrdə, hal-hazırda da faciənin yüzlərlə canlı şahidlərinin həyatda olduqları bir vaxtda, video çəkilişlərin, o cümlədən xarici ölkələrin media mənsubları tərəfindən çəkilmiş fotolar, video görüntülərin mövcud olduğu halda, Xocalı, Qaradağlı və başqa şəhər və kəndlərdə azərbaycanlıların erməni faşistləri tərəfindən soyqırıma məruz qalmaları görməməzliyə vurulur, amma 100 il bundan əvvəl törədilməsi iddia olunan və heç bir tutarlı dəlillərə söykənməyən məsələyə belə canfəşanlıqla qərəzli münasibət bildirilir».

X.Vəliyev bildirib ki, I Dünya müharibəsinin qalibləri tərəfindən, konkret olaraq Böyük Britaniya Krallığı Baş Prokurorluğu tərəfindən ermənilərin sərsəm iddiaları ilə bağlı, erməni qırğınını törətdikləri iddia olunan 100-dən çox türk haqqında bir sıra dövlətlərin ərazisində araşdırma aparılıb. Qafqazda, İraqda, Misirdə və digər yerlərdə 2 il ərzində aparılmış bu araşdırmaların nəticəsi olaraq Krallığın Baş Prokurorluğu «Ermənilərin qətlə yetirilmələri ilə bağlı hüquqi baxımdan heç bir keçərli dəlil tapılmamışdır» qərarına gəlib və məsələnin hətta «hüquq məhkəməsində araşdırılmasına yer olmadığı» barədə rəy verməklə, «Osmanlı torpaqlarında ermənilərin qətl edilməsilə bağlı cinayət işi başlanmasına əsas olmadığını» 29 iyun 1921-ci il tarixdə İngiltərə hökumətinə bildirib. Böyük Britaniya Krallığı Baş Prokurorluğunun bu qərarı əslində «Erməni soyqırımı olmamışdır» demək üçün əsas verən sanballı bir sənəddir və ermənilərin iddialarını darmadağın edir. Paradoks ondadır ki, 1915-ci ildə məlum toqquşmalar zamanı əslində ermənilər tərəfindən daha çox türklər öldürülüb. Lakin bu məsələyə ikili standartlar mövqeyindən yanaşılmaqdadır.

Hərbi prokuror qeyd edib ki, insanlara qarşı törədilən vəhşiliklərə, soyqırıma təqsirkarın və zərərçəkənin kimliyinə, onun müsəlman, xristian və ya başqa inanc sahibi olduğuna görə deyil, törədilmiş cinayətə görə qiymət verilməlidir: «Orta əsrlər dövrünün kriteriyaları çoxdan keçib, indi XXI əsrdir. Çox təəssüf ki, özünü demokratiyanın beşiyi hesab edən Fransa kimi ölkələrdə bu təkzibedilməz həqiqətlər bəzən qəsdən qulaq ardına vurulur».