BolgeXeber.Com » Müsahibə-Reportaj » «Bozbaş»ın Şirini: «Yataq xəstəsi olan bir xanımın oğlu zəng edib dedi ki…»

«Bozbaş»ın Şirini: «Yataq xəstəsi olan bir xanımın oğlu zəng edib dedi ki…»

26-08-2015, 15:30
Oxunub: 3 001 «Bozbaş»ın Şirini: «Yataq xəstəsi olan bir xanımın oğlu zəng edib dedi ki…»"Filmdə əsasən aktyorların görünməyən tərəflərini göstərəcəyik"

Aktyor Nicat Rəhimovun müsahibəsi.

- Nicat, bildiyimə görə, «Bozbaş pictures» komandası olaraq yeni film çəkilməsini planlaşdırırsınız. Bu film bundan öncə çəkdiyiniz «Ay Brilyant» filmindən nə ilə fərqlənəcək?

- «Ay Brilyant» filmi, bildiyinizə görə, çox uğurlu bir ekran işi idi. Bu bizə ikinci filmi çəkməyə bir işarə oldu. İnşallah, bir həftəyə yeni filmin çəkilişlərinə başlayacağıq. Sadəcə onu deyə bilərəm ki, bu film tam başqa bir mövzuda olacaq. Filmin adı elə tamaşaçılara bəsdir (gülür). Filmdə əsasən aktyorların görünməyən tərəflərini göstərəcəyik. Filmin rejissoru Emil Abdullayev istedadlı və zamanın nəbzini tutan bir insandır. Təbii ki, bu işin yenə də əsas təşkilatçılıq işlərinin əziyyətini çəkən İlkin Həsənidir. Filmdə bir məqam həqiqətən də «partlayış» olacaq. Amma onu hələ ki, sürpriz saxlamaq istəyirəm. Ekran işində bizim komandamızdan başqa, əlavə aktyor, aktrisalar da çəkiləcəklər. Bizim kino sahəmiz bu gün artıq inkişaf edir. Bu həm aktyorlar, həm də rejissorlar üçün yaxşı olar. Həm sənət, həm də maddi baxımdan.

- Bu günlərdə «Bozbaş pictures»i bağlamağınız xəbəri yayıldı. Həqiqətən, «Bozbaş» bağlanır?

- Bilmirəm, bu xəbəri haradan eşitmisiz, amma hələ ki, belə fikrimiz yoxdur. Ola bilsin ki, başqa formatda olsun. Amma nə olursa-olsun, orada çəkilənlər yenə də «Bozbaş»ın aktyorları olacaqlar. Amma yenə də deyirəm, hələ ki, belə bir fikir yoxdur.

- Şirinin «Şirin çay»dan getməsinin əsas səbəbi nə idi?

- «Şirin çay»dan getməyimin əsas səbəbi vaxtımın az olması idi. Çünki işlərimiz çoxdur. İnşallah, gələcəkdə nəsə olsa, yaxşı bir iş ortaya çıxarmaq istəyərəm.

- Çoxları elə bilirlər ki, siz aktyorluğu bitirməmisiz. İncəsənət Universitetində oxuduğunuzu bilirəm. Müəllimləriniz kimlər olub?

- Mən 2005-ci ilə kimi İncəsənət Gimnaziyasında oxumuşam. 2005-ci ldə gimnaziyanı bitirib İncəsənət Universitetinin Musiqili komediya aktyoru fakültəsinə daxil oldum. Müəllimim xalq artisti İlham Namiq Kamal olub. Deyirlər ki, aktyor doğulandan aktyor olmalıdır. Mənim dayım Yaşar Nuri özü istəyirdi ki, mən aktyor olum. Oturub danışanda, zarafatlaşanda görürdü ki, məndə nəsə var. O boyda sənətkardan xeyir-dua almaq mənim üçün sevindirici bir hal idi. Universitetdə oxuya-oxuya biz «Bozbaş pictures»in uşaqları ilə dostluq edirdik. İlkin məndən əvvəl universiteti bitirmişdi. Gəlib həmişə deyirdi ki, yığışıb nəsə bir layihə edək. Aktyorluğu mən, İlkin Misgərli və Elşən (Fəlakət) oxumuşuq. İlkin Həsəni rejissorluğu bitirmişdi. İllərin dostluğu bizə «Bozbaş pictures» layihəsini reallaşdırmağa imkan yaratdı.

- Ayağınızdan çəkənlər çox olurdu?

- İncəsənət sahəsində siz özünüz də bilirsiz ki, paxıllıqlar var. Bu 100 faizdir. Biz nə qədər ki, bir-birimizə qardaş deyirik, ayağımızdan heç kim çəkə bilməz. Bizim uğurumuz mehribanlığımızdır. Biz komanda olaraq tamaşaçının adi danışıq dilini efirə gətirdik. Bunun özü də bir yenilik idi.

- Amma yeni-yeni başlayanda «Bozbaş pictures»i ciddi komediya adlandırmayanlar da olurdu.

- «Bozbaş pictures»i ciddi komediya adlandırmayanlar sonradan gördülər ki, bu bizdə həqiqətən alındı. Xalq artistləri bu gün də bizi görəndə deyirlər ki, sizə halaldır. Biz çox əziyyət çəkdik. Hamı elə bilir ki, biz rayonlara istirahətə gedirik. Biz səhər tezdən durub gecəyə kimi çəkiliş edirdik. Bəzən tamaşaçılar işimizi yubatsalar da bu bizə çox xoş olur.

- «Bozbaş»dan əvvəl hansısa filmdə, yaxud tamaşalarda iştirak edirdiniz?

- Bəli, o vaxt bir çox reklamlarda çəkilirdim. «Planet Parni iz Baku» KVN teatrında 3 il çalışdım. Amma nədənsə öz istedadımı orada tam göstərə bilmədim. Orada səhnəciklər sırf ssenari üzərində qurulmuşdu, aktyorun improvizəsinə icazə verilmirdi. Halbuki mən improvizələri sevirdim. Mənim istedadımı üzə çıxaran, tanıtdıran, sevdirən «Bozbaş pictures» olub. Yenə də İlkin Həsəniyə çox sağ ol deyirəm. «Bacanaqlar» serialındakı İsmayıl obrazı da mənə uğur gətirmişdi.

- «Bozbaş pictures»də hansı aktyor ilə tərəf-müqabili olmaq sizə rahatdır?

- Əslində hər biri ilə rahat tərəf-müqabili ola bilirəm. Amma məni daha çox Fəlakətlə olan səhnələrimiz tamaşaçıya sevdirib. Hərənin öz oyun qaydası var. Fəlakət ağılsızdır, mən isə həyasızam. O pis şeyə də «əla, əla» deyir. Biz bir-birimizin əksi olan obrazlarıq.

- Adınıza bir çox marketlər, dükanlar açılır. Bu marketlərin sahibi sizsiz, yoxsa sizi sevənlər?


- Xeyr, adımıza açılan marketlərin sahibi biz deyilik. Rayonlarda daha çox Fəlakətin adına marketlər var. Özümüz də o marketi görəndə çox fəxr edirik. Öz adıma açılan marketlərə də rast gəlmişəm.

- Nə vaxta kimi komik rollar oynayacaqsız?

- Mən komediya oynasam da, o komik vəziyyətin içində bəzən dramatik səhnələr də olur. Çox istərdim ki, nə vaxtsa dramatik rolda da tamaşaçılar məni görsünlər. Mən bilirəm ki, bunu bacararam. Yaxşı rejissor mənim içimdəki o dramatikliyi görməlidir. Bu zaman ortalığa nəsə çıxarmaq olar.

- Sevənləriniz çoxdur?

- Bəli, sevənlərim çoxdur. Bu da təbii ki, mənim uğurumdur. Hara gedirəmsə balacadan-böyüyə hamı «Şirin» deyə mənə müraciət edir. Bizə dualar oxuyurlar. Hətta elə olub ki, xəstə bir qadının oğlu zəng edib ki, anam səni görəndə sevinir. Məndən anası ilə telefonda danışmağı istəyib. Telefonla danışandan sonra özüm də çox pis olmuşam. Bu, artıq aktyorun uğurudur. Olur ki, zəng edirlər ki, oğlum sizi çox istəyir, xahiş edirəm, onunla danışın, yolda görüb şəkil çəkdirirlər. Ömrü boyu kimsə deyə bilməz ki, Nicat özünü «göylə» aparır. Mən aktyor oldum-olmadım, bu mənim artıq xasiyyətimdir. Sadəliyi sevirəm. Tamaşaçı sevgisindən necə bezə bilərəm? Səni sevənlərlə həmişə çalışmalısan ki, ünsiyyəti qırmayasan.

- «Bozbaş»dakı həmkarlarınızla münasibətlərinizin kəskinləşən vaxtı olubmu?

- Biz hansısa səhvlərimizi bir-birimizə çox asanlıqla deyə bilirik. Problemimiz daha çox kiminsə çəkilişə gecikməsi ilə bağlı olur. Amma «dava, qırğın, ayrılıb gedirəm» kimi söhbətlər olmayıb. Birimizin sözü digərinin boğazından keçib. Dost dostun sözünü qəbul etməlidir. Demək olar ki, biz hər birimiz hər gün bir yerdəyik.

- Ən uğurlu səhnəniz hansı olub?

- «Bozbaş pictures»in bir çox səhnələri uğurlu alınıb. Əgər söhbət mənim iştirakım ilə olan səhnədən gedirsə, onu deyə bilərəm ki, Fəlakətin toyu səhnəsində maraqlı bir an yaşanmışdı. Klarnet ifaçısı Hüseyn toyda ifa edirdi. Şirin gəlib ona deyir ki, gəlib səni «vilkalayaram». Ondan sonra hamı mənə «vilka Şirin» deyə müraciət edirdi (gülür). Obrazın içini mən özüm necə görürəmsə, elə də oynayıram. Bizim hər birimizin öz tamaşaçımız var və ayrı-ayrılıqda bizi izləyirlər.

- Şirin obrazı ilə bağlı başına maraqlı hadisə gəlibmi?

- Bəli, çox olur. Yaxın dostumun toyunda idim, bir kişi toy boyu mənə baxıb hey gülürdü. Foyeyə çıxanda arada mənimlə söhbət də edirdi. Toyun axırında mənə dedi ki, sən yaxşı oğlansan, səni çox istədim. Çünki sən Şirinə oxşayırsan. Mən də elə bilirdim ki, bu məni Şirin bilib bayaqdan mənimlə söhbət edir (gülür).

- Bir neçə il əvvəl evlənməyiniz haqda məlumat yayılmışdı. Şayiə idi, yoxsa həqiqət?

- O vaxt «Bozbaş pictures»də mənim nişanım olmuşdu. Saytlarda bu başlıqlı xəbərlər getmişdi. Hamı da elə bilirdi ki, mən nişanlanmışam. Təbii ki, evlənmək istəyirəm, inşallah, qismət. Toyum olanda hamı biləcək.

- İstirahətiniz necə keçir?

- Biz bu yay istirahət etmədik. Çünki yalnız yeni işlərimizlə bağlı ofisimizdə oturub layihələri müzakirə edirik. Tamaşaçını necə təəccübləndirməyi düşünürük. Bizim istirahətimiz də yaradıcı istirahətdir.

- Teatrda niyə çalışmırsız?

- Sözün düzü, Musiqili Teatrdan mənə dəvət gəlmişdi, sadəcə iş rejimi ilə bağlı problemim oldu. Həm də mən teatrda çalışsaydım, sırf teatr aktyoru olacaqdım. Bəlkə də, həvəsim olsaydı, çalışardım. O qədər də teatrda çıxış etməyə həvəsli deyildim. İnsan gərək özünə rahat olan işi görsün. Mən özümü «Bozbaş pictures»də tapdım.

- Teatrda çalışsaydınız, hansı məşhur aktrisa ilə tərəf-müqabili olmaq istərdiniz?

- Mən uşaqlıqdan Afaq Bəşirqızını görüb, sevmişəm. Komediya janrında o, sevdiyim aktrisalardandır. Teatrda çalışsaydım, Afaq Bəşirqızı ilə tərəf-müqabili olmaq istərdim.
milli .az