BolgeXeber.Com » Müsahibə-Reportaj » Prezident xəbərdarlıq edib

Prezident xəbərdarlıq edib

29-02-2012, 12:50
Oxunub: 4 785 İlham Əliyev icra orqanlarının rəhbərlərinə xəbərdarlıq etdi


"...Bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin"



Fevralın 28-də “Baku Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Prezident İlham Əliyev konfransda nitqi söyləyib


Dövlət başçısı bildirib ki, Azərbaycan Respublikasında islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyur: “Ölkəmizdə siyasət həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi güdür: Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək! Bizim əsas istiqamətimiz bundan ibarətdir”.


İ.Əliyev bildirib ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdan sonra Azərbaycanın bölgələri çox sürətlə inkişaf etməyə başlayıb.

Prezidentin sözlərinə görə, 2004-2008-ci illərdə 760 min yeni iş yeri açılıb ki, bu da həm işsizliyin aradan qaldırılması, həm də yoxsulluğun aşağı salınması üçün xüsusi əhəmiyyət kəsb edir.


2009-cu ilin əvvəlində Proqramın yeni dövrünün başladığını deyən ölkə başçısı artıq üç ildir ki, ikinci Dövlət Proqramının icra edildiyini söyləyib. O, ilk növbədə elektrik enerjisi məsələlərinin öz həllini tapmasının prioritet kimi nəzərə alındığını və qısa müddət ərzində enerji təhlükəsizliyinin təmin edildiyini deyib.


“Ondan sonrakı mərhələdə infrastruktur layihələrinin icrası prosesi başlamışdır. Bu da çox geniş bir istiqamətdir. Biz infrastruktur deyəndə hər şeyi nəzərdə tuturuq. Həm yollar, həm elektrik enerjisi, qazlaşdırma, su ilə təchizat, sosial infrastruktur məsələləri də çox vacibdir. Proqramımızda yəni, indiki proqramda bütün bu məsələlər öz əksini tapır. Burada əlbəttə ki, istiqamətlərin biri infrastruktur layihələri ilə bağlıdır. Biz bu sahəni dövlət tərəfindən qoyulan vəsait hesabına inkişaf etdirə bilmişik. Digər istiqamət sosial infrastruktur ilə bağlıdır. Birinci Proqram qəbul olunandan sonra ölkəmizdə 2300-dən çox yeni məktəb tikilmişdir. Keçən il 200-dən çox məktəb tikilmiş və təmir edilmişdir. Bu il isə 400-dən çox məktəb tikiləcək və əsaslı təmir ediləcəkdir”.


İ.Əliyev deyib ki, Azərbaycanda 400-dən artıq müasir tibb ocağı yaradılıb. Hazırda böyük su-kanalizasiya layihələri icra olunur.

”Dünyanın aparıcı iqtisadi qurumları Azərbaycanda gedən prosesləri dəstəkləyir, qiymətləndirir və bəzi hallarda bizdə gedən prosesləri heyranlıqla müşahidə edir. Böyük reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Böhranlı illərdə ən aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları yüksək qiymətləndirirlər. Yəni, bu da çox vacibdir. Əlbəttə, bizim üçün ən vacib olan məsələ odur ki, bildiyimizi edək, iqtisadi inkişafımızı, insanların yaxşı yaşamasını təmin edək. Ancaq görəndə ki, uğurlarımız mötəbər beynəlxalq qurumlar tərəfindən qeyd edilir, əlbəttə ki, bu, bizi daha da sevindirir”.


Prezident bildirib ki, 2011-ci il Azərbaycan üçün uğurlu il olub. “2011-ci ilin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə artmışdır. Əgər ümumi iqtisadi inkişaf təqribən 1 faiz ətrafında, bəlkə ondan da az idi, qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10 faizdən çox olmuşdur...

…Mənim iştirakımla bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Ancaq mənim iştirakım olmadan çoxlu müəssisələr açılmışdır. Bütövlükdə 40 mindən çox yeni müəssisə yaradılmışdır”.


Prezident icra orqanlarının rəhbərlərinə xəbərdarlıq edib: ”Nizam-intizam olmadan, biz uğurlara nail ola bilməzdik. Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir…

… Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz.

Əlbəttə ki, sahibkarlar müxtəlif sosial layihələrə qoşulduqda bu, mənim onlara, necə deyərlər, münasibətimi daha da yaxşılaşdırır. Mən deyə bilərəm ki, son illərdə sahibkarlar bu sahədə də məsuliyyət göstərirlər və sosialyönümlü layihələri icra edirlər. Bölgələrdə, xüsusilə məktəb tikintisinə, sosialyönümlü tədbirlərə, yardımlar edirlər. Mən bunu dəstəkləyirəm. Ancaq yenə də demək istəyirəm ki, belə bir tələb sahibkarlar qarşısında qoyulmur. Bu, könüllü məsələdir. Etsələr, sağ olsunlar. Etməsələr, edənlərə baxıb onlar da çalışsınlar, bu işlərə öz dəstəklərini versinlər...”.


2013-cü ilə qədər ikinci Dövlət Proqramının icra ediləcəyini deyən İlham Əliyev 2013-cü ilin sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələlərin öz həllini tapacağını vurğulayıb.


“Keçən il ölkəmizə 20 milyard dollardan çox investisiya qoyulmuşdur və onlardan 13 milyardı daxili investisiyalardır. Builki Dövlət İnvestisiya Proqramı da çox böyükdür. Ümumiyyətlə, ancaq dövlət xətti ilə bu il ölkə iqtisadiyyatına 7 milyard manat investisiya qoyuluşu gözlənilir. Onlardan 5,7 milyard manatı Dövlət İnvestisiya Proqramı, yəni büdcə hesabına 1,3 milyard dövlət zəmanətli kreditlər hesabına qoyulacaqdır. Bu, çox böyük məbləğdir. Bu məbləğ bizə imkan verəcək ki, 2012-ci ildə iqtisadi inkişafımızı, xüsusilə qeyri-neft sektorunun inkişafını yüksək templərlə təmin edə və daha da böyük işlər görə bilək. Mən ümid edirəm ki, bu il özəl sektorda təxminən o səviyyədə sərmayə qoyulmalıdır”.


”Biz dünya maliyyə və iqtisadi böhranı illərində - 2008-2009-cu illərdə də uğurlu inkişafımızı təmin edə bilmişik. Azərbaycan əhalisi demək olar ki, o böhranın fəsadlarını hiss etməmişdir. İndi böhranın ikinci mərhələsi haqqında dünyada müzakirələr gedir. Ancaq Azərbaycanda bu da hiss olunmur. Nəyə görə?! Çünki bizim siyasətimiz düşünülmüş siyasətdir, ağıllı siyasətdir. Biz imkanlarımıza görə öz proqramlarımızı icra edirik. Bizə lazımdır ki, bax belə vəziyyətdə, belə şəraitdə, sakit şəraitdə Azərbaycan inkişaf etsin.

Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, hədəfimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Əgər bir neçə il bundan əvvəl mən bu sözləri deyəndə ola bilər, bəziləri buna şübhə ilə yanaşırdı. İndi mən əminəm, hamı görür ki, bu, mümkündür. Ölkəmizin siyasi çəkisi artır. Biz dünya işlərində həlledici sözə malik oluruq. Bizi dünya ictimaiyyəti dəstəkləyir”-deyə Prezident vurğulayıb.


İ.Əliyev deyib ki, bu gün enerji sahəsində Azərbaycanla işləmək istəyənlərin sayı artır.
” Azərbaycan bu gün artıq regional müstəvidən çıxıbdır, dünya müstəvisindədir. Biz artıq “Böyük iyirmilik”in toplantılarında iştirak edirik. Bu yaxınlarda Meksikada keçirilmiş “Böyük iyirmilik”in xarici işlər nazirlərinin yığıncağında bizim xarici işlər naziri iştirak etmişdir. Oraya cəmi 10, yəni “iyirmiliyə” daxil olmayan ölkələr dəvət edilmişdi. Onlardan biri Azərbaycan idi. Reallıq bundan ibarətdir”.