BolgeXeber.Com » Müsahibə-Reportaj » Şöbə müdirindən icra başçısına şikayət

Şöbə müdirindən icra başçısına şikayət

31-03-2012, 13:40
Oxunub: 4 572 Sumqayıtın rəhbəri Eldar Əzizov Vidadi Bağırov barədə tədbir görəcəkmi?

Sumqayıt şəhər 10-cu mikrorayon sakini, 37 il təhsil sahəsində çalışan Əlhəddin Paşayev icra başçısı Eldar Əzizova məktub yazıb. O, məktubun bir surətini də redaksiyamıza yollayıb. Əlhəddin Paşayev məktubda Sumqayıtın təhsil şöbəsinin müdiri Vidadi Bağırovun qanunsuz əməllərindən şikayətlənir. “Cənab Vidadi Bağırov ötən 15 ildə onlarla məktəb direktorunu mənəvi və inzibati təzyiqlərə məruz qoymaqla cismən məhv edib. Bundan başqa təhsil naziri cənab Misir Mərdanovun 14 yanvar 2002-ci il tarixli sərəncamı (pedaqoji işçilərin işə qəbulu zamanı təhsil sənədlərinin dəqiqləşdirilməsi) Vidadi Bağırov tərəfindən vaxtaşırı olaraq kobud şəkildə pozulur.

Belə ki, Vidadi Bağırov 2003-2004-cü tədris ilində Rusiya Federasiyasında Blaqoveşinski kənd təsərrüfatı institutunun diplomunu əldə etmiş Ələkbərova Xanım Rza qızını Tuqzavod 42 saylı tam orta məktəbə tərbiyə işləri üzrə (təşkilatçı) direktor müavini təyin edib. O, bilərəkdən saxtakarlığa yol verən məktəb direktoru və təhsil şöbəsinin məsləhətçisi barəsində vaxtında tədbir görməyib. Vidadi Bağırov pedaqoji təhsili olmayan, saxta yolla kurs diplomu əldə etmiş adamı direktor müavini vəzifəsinə qəbul edənləri şəxsən özü müdafiə edib. 2006-2007-ci tədris ilində ali pedaqoji stajı olmayan həmin unikal kadrı 43 saylı tam orta məktəbə direktor təyin edib. Son 3-4 ildə məktəbdə yaranmış qeyri-sağlam mənəvi iqlimə və ciddi maliyyə nöqsanlarına görə 23 may 2011-ci il tarixdə təhsil şöbəsində bu məsələ müzakirə olunub və həmin direktor “ərizəsi” ilə azad edilib. Lakin Vidadi Bağırov və diger cavabdeh şəxslər cəzasız qalıb".
Əlhəddin Paşayev həmçinin qeyd edib ki, Vidadi Bağırov 10-cu sinifdə oxuyan yüzlərlə şagirdi saxta arayışla təmin edərək onların təhsildən yayınmasına şərait yaradıb.

Şikayətçi icra başçısından xahiş edir ki, bütün bunları nəzərə alaraq təhsil şöbəsinin müdiri barədə tədbir görsün.

Əlhəddin Paşayevin məktubunda əks olunan faktlarla bağlı Vidadi Bağırovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin şöbə müdiri ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Bununla belə onun da mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.