BolgeXeber.Com » Müsahibə-Reportaj » Nazir uçan körpü ilə bağlı açıqlama verdi

Nazir uçan körpü ilə bağlı açıqlama verdi

18-04-2012, 14:25
Oxunub: 4 864 “Yaxın saatlarda alternatib körpü salınacaq”

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov,"Azəryolservis" ASC-nin rəsmiləri, Quba rayon icra hakimiyyətinin nümayəndələri Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunun 156-cı km-də, Qaraçay üzərində uçan körpüyə baxış keçirib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, nazir açıqlamasında 1970-ci ildə inşa edilən körpünün uçmasında yağıntıların və daş karxanalarının rol oynadığını bildirib. O qeyd edib ki, körpünün dibi 13 metr dərinlikdə yuyulub.

Bakı-Quba yolunun rekanstruksiyası zamanı bu körpüdə bərkitmə işlərinin aparıldığını bildirən nazir bildirib ki, adıçəkilən ərazidə yeni yolun çəkilişi üçün məsləhətləşmələr aparıldılır. “Sabah günün sonuna kimi alternativ yol çəkiləcək. Ərazidə təcili olaraq yeni körpüdə tikiləcək”.

Quba rayonun icra başçısı Mübariz Ağayev də ANS PRESS-in bölgə müxbirinə açıqlamasında sabah axşama qədər alternativ yol salınacağını deyib.

Z.Məmmədov Qusar Rusiya sərhəd yoluna, Xaçmazın kəndlərinə getmək istəyən sürücülərə alternativ yol kimi Gəndob - Yalama yolundan, Quba istiqamətində getmək istəyənlərə isə Pirvahid kəndindən keçməklə getməyi məsləhət görüb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 156-cı km-də, Qaraçay üzərindəki körpünün bir hissəsi sel suları səbəbindən çöküb. Nəticədə “QAZel” markalı yük maşını çaya düşüb. “QAZel”in sürücüsü, Quba rayonunun İqriq kənd sakini, 1972-ci il təvəllüdlü Ülfət Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Körpü üzərindən nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Quba rayon Mərkəzi Xəstəxanasının həkimi Rəhim Kərimxanaovun ANS PRESS-ə verdiyi məlumata görə, Ü.Hüseynov üz, bud, bel nahiyəsindən xəsarət alıb. O ilkin yardımdan sonra Bakıya Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna göndərilib.