BolgeXeber.Com » Müsahibə-Reportaj » Əli Həsənov jurnalistlərin döyülməsindən danışdı

Əli Həsənov jurnalistlərin döyülməsindən danışdı

20-04-2012, 20:10
Oxunub: 4 889 “İdrak Abbasov evi sökülən şəxslərin arasında olub, kiminsə mülkünü müdafiə edib və ona görə də təzyiqlərə məruz qalıb”

«Azərbaycanda jurnalistə qarşı törədilmiş hər hansı təzyiq, fiziki güc və digər bu kimi addımlar Prezident Administrasiyası tərəfindən qətiyyətlə pislənilir». Bolgexeber.com xəbər verir ki, bunu «SalamNews»a müsahibəsində Prezidentinin Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalist İdrak Abbasovun döyülməsi məsələsinə münasibət bildirərkən deyib. Şöbə müdiri söyləyib ki, istənilən halda Dövlət Neft Şirkəti bu məsələ ilə bağlı müvafiq işlər görür, bu hadisədə iştirak etmiş şəxslərin müəyyən olunması, onların sorğulanması istiqamətində addımlar atır və araşdırmalar aparır. Ə.Həsənov deyib: “Hesab edirik ki, söküntü ətrafında baş vermiş hadisələr qəsdən və ya bilərəkdən jurnalistə qarşı törədilmiş hərəkət deyil, sadəcə olaraq, söküntü qarşıdurması fonunda yaranmış anlaşılmazlıqdır. Azərbaycan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, tədbirlərin işıqlandırılması zamanı jurnalist bu və ya digər hadisələrlə bağlı foto və digər çəkilişlər aparan zaman kənarda dayanmalıdır və onlara qarşı da heç məhdudiyyət olmamalıdır”.

Jurnalist İdrak Abbasovun hadisə zamanı sakinlərin etiraz aksiyası keçirməsinə səsləməsi barədə yayılan məlumatlara da toxunan PA rəsmisi bildirib: “Əlbəttə, bunlar da normal hal deyil. Amma, mən inanmıram ki, jurnalist çağırış etdiyi üçün döyülüb. Sadəcə olaraq, İdrak Abbasov evi sökülən şəxslərin arasında olub, kiminsə mülkünü müdafiə edib və ona görə də təzyiqlərə məruz qalıb. İstənilən halda əgər kiminsə həqiqətən jurnalist fəaliyyəti varsa, ona və ümumiyyətlə, heç kəsə təzyiq göstərilməməlidir. Amma, bilirsiniz ki, qanunsuz tikililərin sökülməsi icazəlidir və heç kəs razılıq verilməyən ərazidə tikinti apara bilməz. Buna baxmayaraq, əminəm ki, bu hadisədə anlaşılmazlıq olub və bununla bağlı araşdırma aparılıb müvafiq tədbirlər görüləcək”.