BolgeXeber.Com » Müsahibə-Reportaj » Abel Məhərrəmov da danışdı

Abel Məhərrəmov da danışdı

25-04-2012, 14:05
Oxunub: 4 727 “Bu, çoxdan gözlənilən qərar idi”.

Bunu mətbuata açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov ölkə prezidentinin fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) əlavə səlahiyyətlər verilməsi məsələsinə münasibət bildirərkən söyləyib. Abel Məhərrəmov orta məktəblərdə attestat imtahanlarını keçirmək səlahiyyətinin TQDK-ya verilməsini müsbət qiymətləndirib və bunun gələcək perspektivlərindən danışıb: “Mahiyyət nədən ibarətdir? Gənclər, şagirdlər orta məktəbdən məzun olarkən iki sınaqdan keçirilirlər. Birinci, orta məktəbin buraxılış imtahanı sınağından, ikinci isə ali məktəbə qəbul olarkən test imtahanından keçirlər. Uzun illərdir ki, bu vahid yanaşma metodologiyası bir müstəviyə gəlmirdi.

Şagirdlərdə stress yaranırdı. Qısa müddətdə şagirdlər bilmirdilər, orta məktəb imtahanlarına hazırlaşsınlar, yoxsa ali məktəbə. Şagirdlərimiz belə bir çətinliklə üzləşirdilər. Nəhayət, prezidentin fərmanı ilə bu iki yanaşma vahid müstəviyə gətirildi. Hər iki imtahan vahid tələblər çərçivəsində həyata keçiriləcək”. Abel Məhərrəmov hesab edir ki, yeni təhsil metodologiyası şagirdlər arasında əzbərçiliyə son qoyacaq, eyni zamanda prezidentin müvafiq sərəncamı gənclərin əsl vətəndaş kimi yetişməsinə zəmin yaradacaq: “Yeni metod şagirdlərin cəmiyyətdə intellektual bir ziyalı olmasına zəmin yaradacaq. Yəni, şagirdlərimiz əzbərçiliyə yol verməsinlər, bütün fənlərə eyni münasibətdə olsunlar. İdrak, təfəkkür o insanda formalaşır ki, gərək həmin insan bütün fənləri sevsin.

Düşünürəm ki, bu sərəncam həmin vətəndaşların əsil vətəndaş olmasına və böyük elmi məktəblərin yaranmasına kömək edəcək”. Bakı Dövlət Universitetinin rektoru onu da qeyd edib ki, TQDK-ya əlavə səlahiyyətlərin verilməsi kiminsə səlahiyyətlərinin alınması demək deyil. Onun sözlərinə görə, atılan addım Azərbaycan təhsili üçün uğurlu olacaq və öz bəhrəsini verəcək. Abel Məhərrəmov ali məktəbə qəbul imtahanlarının TQDK ilə Təhsil Nazirliyi tərəfindən birgə keçirilməsi məsələsinə toxunaraq bildirib ki, gələcəkdə bu istiqamətdə də islahatlar aparıla bilər.