BolgeXeber.Com » Müsahibə-Reportaj » Metodist: İcra başçısı məni həbs etdirmək istəyir

Metodist: İcra başçısı məni həbs etdirmək istəyir

24-05-2012, 15:00
Oxunub: 4 976 Ramiz Cəbrayılov qanunsuz əməllərini ört- basdır etmək istəyir

«Məni hər an kimisə öldürmək, bıçaqlamaq, kiminsə evinə basqın etmək və ya yaxud kiminləsə əlbəyaxa olmaq və sair adlarla icra başçısı Ramiz Cəbrayılov həbs etdirə bilər. Çünki dövri mətbuatda onun korrupsiya və digər qanunsuz əməllərindən danışmağımı həzm edə bilmirlər. Çox təəssüf ki, aidiyyatı dövlət qurumları rayondakı korrupsiya və digər qanunsuz əməlləri araşdırıb, hüquqi qiymət vermək əvəzinə, susurlar. Bu isə Ramiz Cəbrayılovun daha da aqressivləşməsiinə, şikayətçilərə qarşı hər cür özbaşınalıqların tətbiq olunmasına səbəb yaradır».

Bu sözləri Müstəqil İnformasiya Agentliyinə telefon açan Laçın Rayon Təhsil Şöbəsinin metodisti Müqabil Baxışov deyib. Metodist bildirib ki, bu ilin mart ayının 24-də Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun qanunsuz əməlləri ilə bağlı mətbuata açıqlama verməsi, ona qarşı təzyiqləri gücləndirib: «Artıq başçının təzyiqi ilə təhsil şöbəsinin müdiri Malik Vəliyev məni işdən azad etmək üçün əməli fəaliyyətə keçib. O, məndən öz xahişimlə işdən azad olunmağım haqda məcburi ərizə almağa çalışır. Bir dəfə belə bir ərizəni yazmağa məcbur oldum. Lakin orada elə məqamlara toxundum ki, qəbul etmədilər. İndi isə mənə deyirlər ki, ərizə ilə yaz ki, guya səhhətimdə problem var, buna görə məni işdən azad edin. İşdən azad edən kimi isə məni həbs etdirmək üçün təxribatlarını həyata keçirəcəklərinə şübhəm yoxdur».

Metodist deyir ki, 21-ci əsrdə, hüquqi dövlətdə yaşamalarına baxmayaraq, bu gün ona qarşı baş verən bu hadisələr bağışlanmazdır: Mən sizin agentlik vasitəsiylə cənab prezidentimiz İlham Əliyev başda olmaqla, bütün aidiyyatı dövlət qurumlarının rəhbərlərinə müraciət edir və onlardan dəstək gözləyirəm. Eyni zamanda, dövlət rəhbərlərindən soruşmaq istəyirəm ki, axı necə olur ki, icra başçısının korrupsiya əməllərini təsdiqləyən sənədlər olmasına rəğmən, ona qarşı heç bir tədbir görülmür? Tam əksinə, şikayətçilər, sıravi insanlar haqlı şikayətlərinə görə təqib olunurlar».

Müqabil Baxışov Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova da üz tutub, barəsində yayılanlara aydınlıq gətirilməsini xahiş edib: «Hörmətli Əli müəllim, Siz bilirsinizmi ki, icra başçısı Ramiz Cəbrayılov haqqınızda rayonda nələrin yayılmasına şərait yaradıb? Mən, bunları geniş ictimaiyyətə açıqlamaq istəmirəm. Amma bilin ki, sizin nüfuzunuzu rayon sakinləri arasında mənfiyə doğru xərclənir. Əgər məni qəbul edərsinizsə, əsaslı dəlillərlə barənizdə nələrin danışılması haqda Sizə ətraflı məlumat verə bilərəm».

Sonda təhsil şöbəsinin əməkdaşı bəyan edib ki, onu yaxın müddətdə şərləyib, həbs edə bilərlər: «Mən bəri başdan ictimaiyyətin və dövlət rəhbərlərinin diqqətinə çatdırıram ki, Ramiz Cəbrayılovun belə bir hərəkətə əl atması gözləniləndir. Amma əmin ola bilərsiniz ki,mən ali təhsilli bir insan olaraq, onun şər kampaniyasından yayınmağa çalışacağam. Sizlərdən də xahişim budur ki, mənə qarşı qurulacaq planın deşifrə olunmasına köməklik göstərəsiniz».