BolgeXeber.Com » Müsahibə-Reportaj » “Kəlbəcərdə müəllimi 3 min manata işə götürürlər”

“Kəlbəcərdə müəllimi 3 min manata işə götürürlər”

5-06-2012, 13:20
Oxunub: 5 156 Sevinc Musayeva: “İcra başçısı ilə təhsil şöbəsinin müdiri kəlbəcərliləri yenidən işğal edib”


“Məcburi köçkün olduğumuz üçün prezident İlham Əliyev bizə ev verdi. Onun xanımı övladımızın olmadığını bilib bizi müalicəyə yolladı. Biz müalicədə olan vaxt Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırov məni işlədiyim 48 saylı orta məktəbdən çıxardı. Səbəb kimi də sənədlərimin düzgün olmamasını göstərdi. Təhsil şöbəsinin müdiri yenidən işə bərpa olunmağım üçün məndən 3 min manat tələb edir”.

Bu sözləri Kəlbəcər rayon sakini Sevinc Musayeva Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, surətini isə redaksiyamıza göndərdiyi məktubunda yazır. Şikayətçi təhsil şöbəsinin müdiri M.Bağırovun pul üçün hər fırıldağa əl atdığını yazıb: “Məhəmməd Bağırov müəllimin birini işə 3 min manata götürür. Götürdüyü müəllimlərin heç biri Təhsil Nazirliyində test imtahanından keçmir. Əksəriyyəti də savadsız müəllimlərdir. Pulunu verib işləyirlər. Kəlbəcərdə işləyən müəllimlərin əksəriyyətinin diplomu saxtadır. 78 saylı orta məktəbin psixoloqu, həmin məktəbin direktoru, 30 saylı orta məktəbin informatika müəlliməsi saxta sənədlə işləyir. Təhsil şöbəsinin müdirinə rüşvət verdikləri üçün onları işdən çıxarmırlar”.

Şikayətçi yazır ki, M.Bağırov Kəlbəcər şagirdlərinin 100 nəfərini 20 manatdan Xocalıya satıb: “Şöbə müdiri Xocalıda məktəbdə uşaq az olduğuna görə Xocalı təhsil şöbəsi ilə əlaqəyə girərək pul müqabilində məktəbin uşaqlarını satıb. Məhəmməd Bağırov icra başçısı Vidadi Məhərrəmovla əlbir olaraq erməni işğalından çıxan kəlbəcərliləri yenidən işğal ediblər”.

S.Musayeva M.Bağırovun uşaq bağçalarını da satdığını dedi: “Ölkə prezidenti evlərlə yanaşı uşaq bağçası da tikdirmişdi. Bu uşaq bağçasını Məhəmməd Bağırov 13 min manata ağdamlılara satıb. Bağçadakı dəyərli nə varsa, Bağırov və onun rüşvət yoldaşları hamısını mənimsəyib. Rayonda anarxiya, rüşvətxorluq, qohumbazlıq baş alıb gedir. Burada pullular yaşayır, pulsuzlar isə sürünür. Bizim var-dövlətimiz erməniyə qalıb, məcburi köçkün düşmüşük.

Dövlətimizin bizə ayırdığı 16 manat çörək pulu ilə birtəhər dolanırıq. 3 min manatı haradan tapıb Məhəmməd Bağırova verim ki, məni yenidən işimə bərpa etsin? Bu məsələ ilə əlaqədar dövlət başçısına məktub yollamışam. Oradan bizə cavab gəlib. Ancaq cavabın nə olduğunu bilmirik. Çünki cavab Kəlbəcər Rayon İcra Hakimiyyətinə gəlir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Novruz Çıraqov şikayətçinin xəbəri olmadan təhsil şöbəsinin müdiri ilə əlaqəyə girir və özlərinə sərf edən qaydada şikayəti bağlayır, şikayətçiyə isə cavabı göstərmirlər. Novruz Çıraqov indi də Heydər Əliyevin plakatını sərgiyə çıxarıb. May ayı ərzində plakatın birini Kəlbəcər rayon 30 saylı orta məktəbə 1000 manata satıblar. Çıraqov plakatları satmağı prezident aparatından tapşırdıqlarını deyir”.

Sonda şikayətçi dövlət rəsmilərindən bu işə baxmasını və rayondakı bu korrupsionerləri işindən azad etmələrini xahiş edib.

P.S. Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.