BolgeXeber.Com » Müsahibə-Reportaj » "İcra başçısının məni öldürtəcəyindən ehtiyatlanıram!"

"İcra başçısının məni öldürtəcəyindən ehtiyatlanıram!"

7-06-2012, 21:50
Oxunub: 5 014 Bir neçə gün əvvəl icra başçısı Ramiz Cəbrayılovun təzyiq və təqibi vəzifəsindən işdən azad olunduğunu deyən Müqabil Baxışov indi də həbs təhlükəsiylə üzləşib.

Bolgexeber.com-a danıışan keçmiş metodistin sözlərinə görə, artıq icra başçısı onu həbs etdirmək üçün bütün inzibati gücünü işə salıb: «İcra başçısı şəxsən məni təqib etdirir. Hər an məni öldürtə də bilər. Artıq o, mənim barəmdə rayon məhkəməsinə və prokurorluğa tapşırıqlarını verib. Guya mən başçını söymüşəm, təhqir etmişəm və sair. Hər iki qurumdan mənə çağırışlar gəlib. Bu dəqiqə sizinlə prokurorluqdan danışıram. Ramiz Cəbrayılov onun korrupsiya əməllərini faktlarla deşifrə etdiyim üçün məndən qisas almağa çalışır».

Müqabil Baxışov deyib ki, o, baş prokuror Zakir Qaralova və ölkə rəhbərliyinə müraciət edib, icra başçısının qanunsuz əməllərinə qarşı tədbir görülməsini tələb etsə də, bu gün tam tərsinə özü açıq təqib və təhdidlərlə üz-üzə qalıb: «Başçı, rayon prokuroru və Ramiz Cəbrayılova bir tikə çörək üçün məddahlıq edənlər mənə açıq-aşkar deyirlər ki, rayondakı korrupsiya, rüşvətxorluq və digər qanunsuzluqlar barədə susum. Ya susmalıyam, ya da «yox»a çıxmalıyam. Görün, rayonda nə vəziyyət yaranıb ki, rəsmilər mənə bunu açıq deyirlər. Onlar istəyirlər ki, ya mən susum, ya da xarici ölkələrdən birinə gedim. Amma mən Ramiz Cəbrayılov və onun yandaşlarının təhdidlərindən qaçmaq fikrində deyiləm. Heç bir ölkəyə mühacirətə də getmək niyyətim yoxdur. Mən ölkə rəhbərliyindən, şəxsən cənab prezidentimiz İlham Əliyevdən və aidiyyatı hüquq-mühafizə orqanlarından tədbir görmələrini xahiş edirəm».

Azərbaycanın demokratik və hüquqi dövlət olduğunu xüsusi vurğulayan M.Baxışov başçının bugünkü hərəkət və təqiblərini anlamadığını deyir: «Axı, hüquqi bir dövlət də bu necə baş verə bilər? İcra başçısının korrupsiya əməllərini təsdiqlənib. Onun İcra Hakimiyyətinin Xeyriyyə Fondu adı ilə nələr etdiyi bilinmirmi? Və yaxud cənab prezidentin tapşırığı ilə köçkünlərə tikilən evləri necə paylaşdırdığından xəbərsizdirlər? Bəlkə başçının döyüb təhqir etdiyi insanların ah-nalələri eşidilməz olub?».

Şikayətçi icra başçısının onu həbs etdirəcəyini də istisna etməyib: «Açığı, həbsdən çox, məni öldürəcəklərindən ehtiyatlanıram».

Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.