BolgeXeber.Com » Müsahibə-Reportaj » Elçin Quliyev «Azadlıq» qəzetini məhkəməyə verir

Elçin Quliyev «Azadlıq» qəzetini məhkəməyə verir

23-06-2012, 11:45
Oxunub: 5 053 Dövlət Sərhəd Xidməti “Azadlıq” qəzetini qurumun işgüzar nüfuzuna xələl gətirməsi iddiası ilə məhkəməyə verməyi planlaşdırır.

Bu barədə DSX mətbuat mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, “Azadlıq” qəzetinin 21 və 22 iyun tarixli saylarında DSX-nin Bakı şəhərində yeni inşa olunmuş yaşayış binasındakı mənzillərin yaşayış üçün yararlı olmayan vəziyyətdə sərhədçilərin istifadəsinə verilməsi barədə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar yayılıb:"Bununla əlaqədar bildiririk ki, “Eurovision” mahnı müsabiqəsi başa çatdıqdan sonra, qeyd olunan binadakı mənzillər yaşayış üçün tam yararlı vəziyyətdə sərhədçilərə təhvil verilib. Mənzillərdə təmirlə bağlı hər hansı çatışmazlıq mövcud deyil.

Ərazidəki obyektlərin söküntüsü isə planlı surətdə həyata keçirilir və yaşayış binasının qarşısının abadlaşdırılması məqsədini daşıyır. Daxil olmuş informasiyanın həqiqətə uyğunluğunu dəqiqləşdirmədən məsələyə xidmətin münasibətini öyrənmədən, bu cür məlumatın yayılmasını qərəzli münasibət kimi qiymətləndiririk".

Məlumatda həmçinin qeyd olunub ki, DSX-nin zabit və gizir heyətinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində təkcə 2011-ci ildə hərbi hissələrdə 1288 mənzil inşa edilərək istifadəyə verilib. Cari ilin sonunadək daha 1000 mənzilin inşasının yekunlaşdırılması nəzərdə tutulub.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev də münasibət bildirib. R.Hacıyev deyib ki, məhkəməyə müraciət etmək onların hüququdur. “Amma idddia yersizdir.

Birincisi, Sərhəd Xidməti kommersiya sturukturu deyil ki, onun işgüzar nüfuzuna zərər dəysin və buna görə hansısa maddi ziyana düşsün. Ikincisi, biz yazımızda Sərhəd Xidmətinə qarşı hər hansı ittiham irəli sürməmişik, əksinə, onun əməkdaşlarının xeyrinə olan bəzi məqamları qeyd etmişik. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov demişdi ki, “Eurovision” yarışmasından sonra hotel kimi istifadəyə verilən binaya yığılan avadanlıqlar hədiyyə kimi ev sahiblərinə veriləcək. Bir neçə gün öncə biz məlumat aldıq ki, verilən vədə əməl edilməyib. Oraya yığılan avadanlıqlar aparılıb.
Biz də bunu yazmışıq. Bunun Sərhəd Xidmətinə, yaxud onun işgüzar nüfuzuna nə dəxli var, mən bunu anlaya bilmirəm".

Məhkəmə perspektivinə gəlincə, R.Hacıyev deyib ki, Azərbaycanda müstəqil məhkəmə olmadığından qəzetlərə qarşı məhkəmə qərarlarının necəliyi də siyasi hakimiyyət tərəfindən müəyyən edilir. Bunu son vaxtlar müstəqil qəzetlərə qarşı məhkəmə hücumlarının artmasıyla izah edən R.Hacıyev məmurları dövlətin imici haqqında düşünməyə çağırdı.

R.Hacıyev sonda onu da qeyd etdi ki, Sərhəd Xidməti redaksiyaya məsələylə bağlı hər hansı mövqe göndərərsə, “Azadlıq” qəzeti bunu dərc etməyə hazırdır.