BolgeXeber.Com » Müsahibə-Reportaj » Adları qara siyahıya salınan universitetlərin nümayəndələri danışdı

Adları qara siyahıya salınan universitetlərin nümayəndələri danışdı

11-07-2012, 13:15
Oxunub: 4 772 Xəbər verildiyi kimi Təhsil Nazirliyi tələbələrin ən çox şikayət etdiyi universitetlərin adlarını açıqlayıb.

Belə ki, 2011-2012-ci tədris ilinin yay imtahan sessiyasında Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti tərəfindən ali və orta ixtisas təhsili müəssisələrindən 15 müraciət qəbul edilib. Onlardan 10-u dövlət, 4-ü özəl ali təhsil, 1-i orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır.

Həmin müraciətlər ali təhsil, magistratura təhsili, tələbələrin semestr və dövlət imtahanlarına buraxılması, təhsil haqqının ödənilməsi qaydaları, təqaüdlərin gecikdirilməsi və digər məsələlərlə bağlı olub. İmtahan sessiyasının gedişi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq qurumlarının əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin və QHT-lərin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi təmin edilib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirdi ki, universitetdən cəmi bir nəfərin qaynar xəttə müraciəti olub: “Təhsil Nazirliyinin ”qaynar xətt” xidmətinə filologiya fakültəsinin əyani şöbəsinin 4- cü kurs tələbəsi müraciət edib. Onun Boloniya prosesini keçməsi məsələsində 2 balı çatmayıb. Universitet rəhbərliyinə müraciət edib. Onun müraciəti əsassız olduğu üçün təmin edilməyib. Bundan sonra həmin qız Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi də şikayəti əsasız hesab edib və təmin etməyib. Amma yaz imtahan sessiyasında bizim özümüzün qaynar xəttinə 350-yə yaxın şikayət daxil olub. Onun da yüzə yaxını tələbələrin xeyrinə öz həllini tapıb”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə bildirdi ki, universitetin özündə qaynar xətt və apelyasiya komissiyaları fəaliyyət göstərir: “Tələbələr onları narahat edən məsələlərlə bağlı müraciət edirlər. Və tələbələrin hər birinin müraciətinə individual yanaşılır. Bu müraciətlərin səbəbləri araşdırılır. Sonradan isə bu şikayətləri edən tələbələrlə rektor Abel Məhərrəmovun görüşü keçirilir. Belə görüşlər hər imtahan sessiyasından sonra təşkil edilir. Rektor tələbələrin hər birini dinləyir və müvafiq göstərişlərini verir”.

P.İbrahimova bildirdi ki, BDU-dan Təhsil Nazirliyinin “qaynar xətt”inə 3 şikayət edilib: “Təhsil Nazirliyinin ”qaynar xətt”inə müraciətə gəlincə isə bizim universitetdən qaynar xəttə edilən şikayətlər əsasən yaz məktəbinin təşkili və imtahan işlərinin yenidən yoxlanılması ilə bağlı olub. Bu da cəmisi 3 dənə müraciət olub. Və həmin tələbələrin müraciətinə 3 gün ərzində operativ şəkildə universitetin apelyasiya komissiyasında baxılıb. Universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorun imzası ilə bu haqda həm Təhsil Nazirliyinə həm də şikayət edən tələbəyə məlumat verilib”.

İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Zəfər Bayramov bu məsələdən tam məlumatlı olmadığını dedi: “Apelyasiya komissiyasına edilən şikayətlərin əksəriyyətinə komissiya baxır, əsaslı və yaxudda əsassız qərar çıxarır. Adətən biz çalışırıq ki, bir balaca məqam varsa tələbənin xeyrinə həll olunsun”. Təhsil Nazirliyinə nə qədər tələbənin şikayət etməsindən isə Zəfər müəllim xəbərsiz olduğunu dedi: “Bu haqda dəqiq məlumatım olmadığı üçün rəqəm deyə bilmərəm”. (musavat.com)