BolgeXeber.Com » Müsahibə-Reportaj » “HAKİMİYYƏTİ HEYDƏR ƏLİYEVƏ BİZ TƏHVİL VERMİŞİK”

“HAKİMİYYƏTİ HEYDƏR ƏLİYEVƏ BİZ TƏHVİL VERMİŞİK”

6-12-2010, 16:50
Oxunub: 5 799
ÇİNGİZ QƏNİZADƏ: “MƏCBUR ELƏMƏSİNLƏR Kİ, ÇOX ŞEYLƏRİ DANIŞIM”

Müsahibimiz yeni millət vəkili seçilmiş, tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadədir. Çingiz bəylə söhbətimizdə son günlərin ən çox dartışılan məsələsi olan “Wikileaks” saytının yaydığı materiallardan tutmuş, Turqut Ərin yazdığı “Azadlıqdan tiranlığa” kitabına qədər bir çox məsələlərə toxunduq.

- Çingiz bəy, başlayaq elə gündəmin əsas müzakirə mövzusundan. “Wikileaks”-in yaydığı məlumatlar Azərbaycan hakimiyyəti tərəfindən təkzib olundu. Siz necə düşünürsünüz, yayılan sənədlərdə gerçəklik payı nə qədərdir?

- Hesab edirəm ki, bu informasiyalar həqiqətə uyğun deyil. Orda elə məqamlar var ki, guya, qardaş qardaşın dalınca danışır. Ən azından Türkiyə-Azərbaycan münasibətləri ortadadır. Bu baxımdan Azərbaycan rəsmilərinin dilindən verilən söhbətlərin inandırıcılığı yoxdur. Bu sayt biriləri tərəfindən məqsədli şəkildə yaradılıb və dövlətlər, onların başçıları arasında münasibətləri korlamaq, dövlət rəhbərləri arasında şübhə toxumu əkmək məqsədi daşıyır. Bunun arxasında kim durur və bunu niyə edir, burası qaranlıqdır. Bunların arxasında siyasi proseslərə təsir etmək iqtidarında olan böyük güclər dayanır. Burda böyük dövlətlər daxilində mafioz qrupların maraqları var və yenə deyirəm ki, yayılan məlumatların həqiqətə uyğun olmadığını düşünürəm.

- Çingiz bəy, açıqlanan sənədlərin çoxunun İran, Türkiyə və Qafqaz bölgəsi barədə olması bu məsələnin arxasında İsrailin olduğu barədə məlumatların yayılmasına səbəb olur. Hətta Türkiyə dövlət rəsmiləri də sənədlərin yayılmasında İsraili işarə verdilər. Sizcə, İsrail bu maraqda ola bilərmi?

- Bilirsiz ki, İsrail-Türkiyə münasibətləri son illərdə korlanıb. Təbii ki, bu gün Türkiyə özünə qarşı hər hansı bir məsələdə tərəf axtarmağa çalışacaq. Ancaq bu bizə əsas vermir ki, bu işlərin arxasında İsrailin olduğunu söyləyək. Mən hesab edirəm ki, bu işin arxasında yalnız bir dövlət və ya bir qurum dayanmır. Bu, bir neçə fərqli qurumun fəaliyyəti nəticəsində yayılmış sənədlərdir. Hər halda inanıram ki, yaxın zamanlar tam şəkildə bu məsələnin arxasında kimlərin durduğu aydınlaşacaq.

- Əli Həsənov deyib ki, biz Azərbaycandan heç kimin İrana top atmasına imkan verməyəcəyik. Yayılan sənədlərdə Azərbaycan və İran prezidentlərinin münasibətlərinə dair hissələr bizdən istədiyini ala bilməyən ABŞ-ın bunu məqsədli şəkildə etdiyi mənzərəsini yaratmır ki?

- Azərbaycan əhali və ərazi baxımından kiçik dövlət olsa da, regiondakı mövqeyi baxımından çox əhəmiyyətlidir. Həm Rusiya və Qərb münasibətləri kontekstində, həm də ABŞ-İran münasibətlərində mühüm əhəmiyyət kəsb edir. Ona görə də böyük dövlətlər istəyir ki, Azərbaycandan istifadə etsinlər. Söhbət təkcə müharibədən getmir. Ola bilsin ki, raket əleyhinə sistemlərin yerləşdirilməsini istəyirlər. Bizdən başqa dövlətə qarşı istifadə etmək məqsədinin qarşısının alınması isə həmin dövlətlərin maraqlarına uyğun deyil. Ona görə də başqa dövlətlərin Azərbaycan prezidenti, Azərbaycan rəsmiləri və ordusu haqqında məlumatlar yaymaq, qonşu dövlətlərlə münasibətimizi korlamağa cəhd etmək niyyətləri hər zaman olacaq.

- Uzun müddət hüquq-mühafizə orqanlarından çalışmısınız, ardınca hüquq müdafiəçisi olmusunuz. İndi isə millət vəkili olaraq, siyasətə qatıldınız. Özünüzü nə dərəcədə siyasətçi hesab edirsiniz?

- Bəzi müsahibələrimdə bildirmişəm ki, mən siyasətdən və siyasi proseslərdən kənaram. Əslində, bununla siyasi partiyalardan uzaq olduğumu demək istəmişəm. Ölkənin hakimiyyətində təmsil olunan hər kəs siyasətçidir. Həmçinin, mən də qanunverici orqan təmsilçisi kimi. Ancaq burada bir qüvvə də var ki, siyasi mənsubiyyətdən uzaq bitərəf mövqe tuturlar. Mən uzun müddət AXC-nin üzdə olan fiqurlarından biri olmuşam. Son olaraq, idarə heyətinin üzvü olmuşam. Bir müddət Müsavat Partiyasının üzvü olmuşam. Amma insan haqlarının müdafiəsi ilə məşğul olmağa başlayandan sonra beynəlxalq təşkilatların tövsiyəsinə uyğun olaraq, 1995-ci ildə bəyanat verərək, siyasi fəaliyyətimi dayandırdım. Hesab edirəm ki, deputat olaraq, siyasətin içindəyəm. Ancaq biri var siyasi partiyanın üzvü olaraq, hakimiyyətə iddialı olasan və siyasi bəyanatlar verəsən, biri də var müstəqil şəxs kimi hakimiyyət daxilində müəyyən proseslərdə iştirak edirsən. Mən bu gün parlamentdəki bitərəflərin arasında olmaqdan qürur duyuram.

- Bugünə qədərki fəaliyyətinizdə həmişə öndə olan şəxslərdən olmusunuz. Əksər hallarda sözünüzü demisiniz. Necə düşünürsünüz, mandat bu baxımdan sizin fəaliyyətinizi məhdudlaşdırmayacaq ki?

- Qətiyyən belə düşünmürəm. Mən əvvəllər də demişəm, 1988-ci ildən bu ölkənin həyatında qazandığım nüfuzu bir-iki ilə xərcləməyəcəm. Əgər hansısa partiyanı və ya qurumu təmsil etsəydim, o zaman bəlkə də ümumi maraqlar naminə öz fikirlərimdə redaktə edərdim. Amma bayaq da dedim, nə qədər ki, müstəqil millət vəkiliyəm, mənə harada nəyi, necə danışmağı heç kim deyə bilməyəcək. Hətta deyərdim ki, indi əlim daha da gücləndi. Çünki əvvəl sadəcə QHT rəhbəri idimsə, indi həm də millət vəkili kimi dövləti təmsil edirəm.

- Çingiz bəy, keçmiş müxalifət funksioneri kimi müxalifətin indiki durumunu necə dəyərləndirirsiniz?

- Müxalifət partiyalarında ayrı-ayrı şəxslər vardı ki, parlament seçkilərinə çox normal hazırlaşmışdılar. Amma çoxluqda bir arxayınçılıq var idi. Mən müxalifətin 2005-ci ildə seçkiyə hazırlığı ilə builki kampaniya arasında çox böyük fərqlər gördüm. Sanki bəziləri elə düşünürdü ki, onlar heç nə eləməsələr də, xalq gəlib səs verəcək. Bu da ona gətirdi ki, seçicilərlə kim daha yaxşı işlədisə, yekunda o qalib oldu. Amma ayrı-ayrı dairələrdə qanun pozuntuları oldu. Baxmayaraq ki, MSK 46 məntəqədə nəticələri ləğv etdi, ancaq bu, seçkilərin nəticəsinə təsir eləmədi.

Mən özüm də onlarla eyni şineldən çıxdığım üçün indiki müxalifətə qarşı bir söz demək istəmirəm. Ancaq bir şey var ki, daxili çəkişmələr, qruplaşmalar müxalifətin problemlərdən hali olmasına imkan vermir. Elə bunun nəticəsi kimi, Müsavatdan iki funksioner istefa verdi. Bu kimi daxili çəkişmələr ümumi məqsədə çatmaqda həmişə problemlər yaradır. Hesab edirəm ki, müxalifət öz düşərgəsində müəyyən yeniliklər etməlidir. İstəyirəm ki, ölkəmizdə iqtidar-müxalifət problemi sivil formada tənzimlənsin. İqtidarın da müxalifətə münasibətinin dəyişilməsinin tərəfdarıyam. Müxalifət də öz yanaşmasında dəyişiklik etməlidir. Əxlaqdan kənara çıxmaq olmaz, bu tək siyasətçilər üçün deyil, həm də jurnalistlər üçün keçərlidir. Bəzən onlar da kimisə təhqir edən yazılar yazırlar. Bu baxımdan, biz hamımız yenilənməliyik, münasibətlərimiz sivil, hüquqi və əxlaqi normalarla tənzimlənməlidir.

- Parlamentdə düşməyinizi belə əsaslandıranlar da var ki, hakimiyyət keçmiş cəbhəçi və müsavatçılara Milli Məclis qapısı açdı. Buna münasibətiniz necədir?

- Bu sual tez-tez səsləndirilir. Rasim Musabəyov, Musa Qasımlı və mən - hər üçümüzü eyni nöqtə birləşdirdiyi üçün belə suallar doğur. Bizim üçümüzün də vaxtilə müxalifət partiyasında təmsil olunmağımız, indi isə parlamentə düşməyimiz sırf təsadüfdür. Bu, o zaman hakimiyyətə sərf edərdi ki, biz müxalifət partiyalarının adından deputat mandatı qazanaydıq. Axı bu belə deyil! Çox təəssüf edirəm ki, uzun illər çörək kəsdiyimiz insanlar bizim bu uğurumuza sevinmək əvəzinə şübhə ilə yanaşırlari, ictimaiyyəti də yanıltsınlar. Kim necə düşünür, düşünsün, ancaq bizim orda olmağımız həm parlament, həm də xalq üçün uğurlu olacaq.

- Belə düşünənlər bu cür əsaslandırma aparırlar ki, hakimiyyət müxalifət funksionerlərinə mesaj verir ki, partiya mənsubiyyəti daşıdıqları müddətdə Milli Məclisin qapısı onların üzünə bağlı olacaq.

- Ola bilsin, onlar parlamentə düşmək üçün öz ürəklərindən keçən fikirləri deyirlər. Hər halda hökumət heç kimə demir gəl parlamentdə otur. Sən işini düz qurmalısan. Mən seçki dövründə 40 kənddə görüş keçirdim və nəticədə seçicilərin etimadını qazandım. Parlamentə düşmək üçün təkcə partiya üzvü olmaq lazım deyil, həm də savadlı, əxlaqlı və ədalətli olmaq lazımdır. Camaat da bunu görür və qiymətləndirir. Bir söz də deyim, özümüzü aldatmaqla deyil, artıq ölkənin rayonlarında müxalifət söhbəti yoxdur. Kim camaat üçün iş görürsə, o da üstündür.

- Yəqin ki, Türkiyəli keçmiş diplomat Turqut Ərin yazdığı “Azadlıqdan tiranlığa” kitabından məlumatlısınız. Son günlərdə həm hakimiyyət nümayəndələri, həm də televiziyalar kitab və onun müəllifi haqqında ardıcıl açıqlamalar verir, reportajlar hazırlayırlar. Sizcə, hakimiyyət nümayəndələri özləri də bilmədən bu kitabı və müəllifini reklam etmədimi?

- Hakimiyyətin strateqləri müəyyən məsələləri ölçüb-biçirlər. Mənə elə gəlir ki, düzgün taktikadır. Burda qəbahət axtarmağa dəyməz. Hakimiyyət, əlbəttə haqqında yazılanlara reaksiya verməlidir. Bu, həm “Wikileaks”də yayılan məlumatlara, həm də Turqut Ərin kitabına aiddir.
Mən Turqut Əri tanıyıram. Vaxtilə müəyyən tədbirlərdə görüşmüşük. Ancaq deyim ki, indiki anda, Türkiyənin Ermənistan məsələsində ölkəmizin ən yaxın müttəfiqi olduğu bir zamanda bu cür kitabın yazılması doğru deyil. Bu, açıq aydın Azərbaycan və Türkiyənin münasibətlərini korlamağa xidmət edir. Digər tərəfdən, kitabda yazılan məqamları müəllifin özündən başqa bilən yoxdur. Bu da onların gerçəklik payını azaldır.

- “Bir dəli quyuya daş atdı, yüz ağıllı çıxarda bilmədi”. Belə bir atalar sözü var. Hakimiyyətyönlü KİV Turqut Əri ciddiyə almayaraq, onu “sərsəm diplomat” adlandırır. Lakin “Azadlıqdan tiranlığa”da yazılanlara çox kəskin reaksiya verirlər. Sizcə burda bir paradoks yoxdur ki?

- Mən ümumiyyətlə, o kitabda yazılanların hissə-hissə ölkə mətbuatında çapının tərəfdarı deyiləm. Turqut Ər nə dəlidir, nə də sərsəm. Ola bilər kimsə hansısa reportajda bu cür ifadə işlədib. Turqut Ər heç aktiv diplomat da olmayıb. O, Azərbaycanda çalışdığı müddətdə mən onu aktiv bir diplomat kimi tanımamışam. Ancaq sizə deyim ki, Turqut Ərin kitabının indiki zamanda çap olunması və o kitabdan hissələrin Azərbaycanda dərc olunması kökündən yanlış idi. Yenə deyirəm, Qarabağ münaqişəsinin müzakirəsinin bu vaxtında Türkiyə-Azərbaycan münasibətlərinin gərginləşdirilməsi düşmən dəyirmanına su tökməkdir.

- Çingiz bəy, adı çəkilən kitab özüylə bərabər bir məsələni də gündəmə gətirdi. Artıq təklif səslənib ki, “Ümummilli Lider haqqında” qanun qəbul olunsun. Siz necə qarşılayırsınız bu məsələni?

- Mən cəbhə hökumətinin üzdə olan kadrlarından biri olmuşam. Bir başa prezidentə giriş-çıxışım olub. Allah həm Elçibəyə, həm də Heydər Əliyevə rəhmət eləsin. Birincisi, Turqut Ərin kitabında dünyasını dəyişmiş insanlarla bağlı sərgilənən münasibətlə razı deyiləm. Bir şey deyim ki, o dövrdə hakimiyyət Surət kimi adamların əlinə düşsəydi, Azərbaycan çox böyük fəlakətlərlə üzləşə bilərdi. Elə bir dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsi təsadüfi deyildi. Hakimiyyəti Heydər Əliyevə biz təhvil vermişik. Məcbur eləməsinlər ki, çox şeyləri danışım. O vaxt Pənah Hüseyn istefa verib və yerinə Heydər Əliyevin gəlməsi razılaşdırılıb. Surət Hüseynovla biz bacara bilmirdik. Ancaq H.Əliyev gəldikdən sonra biz nə isə etməliydik, edə bilmədik. O zaman hakimiyyətə H.Əliyev gəlməsəydi, Surətin dəstəsi ölkəni pis hala salardı. Bu baxımdan, rəhmətlik Heydər Əliyevin Azərbaycan üçün çox böyük xidməti olub. Bilirsiniz, dövlətçilik, dövlət idarəçiliyi baxımından Heydər Əliyevi əvəz edə biləcək bir şəxs olmayıb. Bu məsələlərdə Elçibəyi H. Əliyevlə eyniləşdirmək olmaz. Elçibəy idarəçilikdə humanist idi, güzəştli idi, amma Heydər Əliyev dövlətin idarə olunması məsələlərində heç bir halda güzəştə getmirdi, qətiyyətli idi, addımlarında da cəsarətli idi. Biz o zaman bir neçə cəsarətli addım atsaydıq, 4 iyun qiyamı da olmazdı. Ancaq bizdən sonra H.Əliyev bir çox belə halın qarşısını aldı və hakimiyyətini qorumağı bacardı.

Bu səbəbdən də, Heydər Əliyev haqqında hər hansı bir qanunun qəbul olunması barədə təkliflər hakimiyyət nümayəndələri tərəfindən müzakirəyə çıxarıla bilər./pia.az/